Bakıda rəqəmsal mühitdə uşaqların müdafiəsinə dair beynəlxalq konfrans keçirilir
Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirin keçirilməsində məqsəd tərəfdaş ölkələrin rəsmi nümayəndələrini bir araya gətirərək rəqəmsal mühitdə, o cümlədən süni intellekt sahəsində uşaqların hüquqlarının qorunması ilə bağlı mövcud problemləri və çağırışları müzakirə etmək, uşaqların zərərli məlumatlardan qorunması sahəsində təcrübə mübadiləsi təşkil etmək, bu istiqamətdə qlobal və regional əməkdaşlıq imkanlarını gücləndirməkdir.
Konfransda İran nümayəndə heyətinin rəhbəri Zəhra Pezeşkianın, həmçinin Türkiyə, Mərakeş, Qətər və Şimali Kiprdən olan rəsmi şəxslər və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinın (BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) sədri, ICESCO-nun Baş direktorunun müşaviri) çıxışları nəzərdə tutulub.


