Balaca qızın böyük yolculuğu – Müəllimin pedaqoji gündəliyindən
Müəllimlik yalnız bilik ötürməkdən ibarət deyil. Bu, müşahidə, səbr, refleksiya və hər gün yenidən öyrənmə tələb edən bir prosesdir. Xüsusi ehtiyaclı uşaqlarla işlədikcə hər bir addımın nə qədər dəyərli olduğunu daha dərindən anlayırsan. Hər baxışın, hər kiçik irəliləyişin, hər cümlənin arxasında böyük zəhmət və inam dayanır. Müəllimlik bəzən səssiz mübarizə, bəzən uzunmüddətli gözlənti, bəzən isə bir uşağın gözündə yaranan işıqdır.
Mənim üçün ən unudulmaz təcrübələrdən biri birinci sinifdə oxuyan bir şagirdimlə bağlıdır. O, 1-ci sinifə gəldikdə lüğət tərkibi çox məhdud idi, demək olar ki, yox səviyyəsindəydi və istifadə etdiyi sözlər əsasən türkçə idi. Şagirdimdə yüngül dərəcədə autizm spektr pozuntusu var idi. İlk günlərdə hər yeni söz, hər yeni anlayış onun üçün böyük səy tələb edirdi. O zaman valideynlərinə dediyim “Biz bacaracağıq” sözləri sadəcə bir ümid idi. Bu ümidin arxasında isə planlı, sistemli və səbirli bir yol dayanırdı.
Qeyd olunan nəticələr uzunmüddətli və fərdi şəkildə qurulmuş təlim prosesinin nəticəsidir. İş zamanı əsas diqqət dərslərin strukturlaşdırılmasına, vizual dəstəkdən istifadəyə və bacarıqların tədricən inkişafına yönəldilmişdi. Anlayışların öyrədilməsində konkret–vizual–abstrakt yanaşmadan (CVA modeli) istifadə olunurdu. Əvvəl uşağın gündəlik həyatda rastlaşdığı real əşyalarla işlənir, daha sonra bu anlayışlar şəkil və simvollarla möhkəmləndirilir, sonda isə abstrakt formada tətbiq edilirdi. Riyazi bacarıqların formalaşması üçün qısa və təkrarlanan tapşırıqlar, oyun elementləri və gündəlik həyatda istifadə oluna bilən nümunələrdən yararlanılırdı. Bütün proses boyu əsas məqsəd uşağın öz tempində irəliləməsi, hər kiçik uğurun dəstəklənməsi və öyrəndiklərini real həyatla əlaqələndirə bilməsi idi. Bu yanaşma həm akademik bacarıqların, həm də uşağın özünə inamının mərhələli şəkildə formalaşmasına şərait yaratdı.
İndi isə o şagird 5-ci sinifdə oxuyur. Riyazi əməliyyatları böyük dəqiqliklə yerinə yetirir, şeirlər deyir, yazıları və mətni təhlil edir. Hər ona baxanda gözümdə o balaca qız canlanır – ilk günlərdəki cəsarətsiz, lakin maraqlı və səy göstərən qız. Onun nailiyyətləri mənə bir daha göstərir ki, müəllimin verdiyi inam və dəstək sözləri zamanla əməldə təsdiqini tapır. Düzgün metod, ardıcıl yanaşma və emosional dəstək bir araya gəldikdə nəticə qaçılmaz olur.
Pedaqoji gündəlik isə bu cür hekayələrin qeyd olunmasını və refleksiya edilməsini təmin edən ən qiymətli vasitələrdən biridir. Hər günün sonunda yazılan qeydlər təkcə şagirdin inkişafını izləməyə deyil, həm də müəllimin öz peşəkar yolunu görməsinə imkan yaradır. Bu gündəliklər vasitəsilə biz səssiz qalan təcrübələri görünən edirik, metodlarımızı təhlil edir, növbəti addımlarımızı daha şüurlu planlaşdırırıq. Reflektiv düşünmə mədəniyyəti məhz bu cür praktik müşahidələr və səmimi qeydlər üzərində formalaşır.
Bu şagirdim mənə göstərdi ki, hətta kiçik addımlar böyük nailiyyətlərə çevrilir və hər uşağın potensialı yalnız ona inanan bir müəllim tərəfindən ortaya çıxarıla bilər. Müəllim üçün ən böyük mükafat diplom və ya təşəkkürnamə deyil; illər sonra öz ayaqları üzərində inamla dayanan bir şagirdi görməkdir. Və hər dəfə belə bir uğur hekayəsi yaşandıqca “Biz bacaracağıq” sözləri sadəcə ümid yox, sübut olunmuş həqiqətə çevrilir.
Tamara Novruzova
Balakən rayon inteqrasiya təlimli internat tipli gimnaziyada xüsusi pedaqoq
Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.



