BANM-in startapı Niderlandda ən yaxşılar arasında yer alıb
Bakı Ali Neft Məktəbinin (BANM) “CLIMASEL” layihəsi Niderlandın “Startupbootcamp” akselerasiya proqramında ən yaxşı 30 layihə arasında yer alıb.
BANM-dən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, enerji və ətraf mühit kateqoriyasında 2000 layihə arasından seçilib.
“CarbonX” komandasına 25 min avro investisiya ayrılıb, eləcə də 3 aylıq akselerasiya proqramında iştirak etmək hüququ qazanıb.
Layihənin təqdimatını BANM-ın Kimya mühəndisliyi ixtisasının III kurs tələbələri Xəyalə Miriyeva və Fatimə Nəsirova ediblər. Həmçinin layihədə Ali Məktəbin İnnovasiya və Tədqiqatlar Mərkəzinin böyük mühəndisi Elmar Əsgərzadə, Kimya kafedrasının müəllimi Aysel Məmmədova və SOCAR Türkiyə Strateji Planlaşdırma və Korporativ Performans üzrə Mütəxəssisi (BANM məzunu) Güllü Hüseynli yer alıblar.
“CLIMASEL” layihəsi binalarda enerji sərfiyyatını azaldan və sabit temperaturun qorunmasını təmin edən bioəsaslı faza dəyişən materiallar əsasında hazırlanan Climasel panelləri istehsal edir.
Proqram hibrid formada, həm Amsterdamda, həm də onlayn keçiriləcək.



