BANM tələbəsi ABŞ və Avropanın 10 nüfuzlu universitetindən qəbul təklifi alıb
Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Elmir Hacızadə ABŞ və Avropanın 10 universitetinin magistratura proqramlarına qəbul olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, BANM-ə 656 balla daxil olan və IELTS imtahanından 8.0 nəticə göstərən E.Hacızadə Karneqi Mellon Universitetinin "İnformasiya təhlükəsizliyi" və "İnformasiya təhlükəsizliyi siyasəti və Menecment", London İmperial Kollecinin "Təhlükəsizlik və davamlılıq: elm və texnologiya", Kolumbiya Universitetinin "Süni İntellekt" və Çikaqo Universitetinin "İctimai siyasət" proqramlarından qəbul alıb. Siyahıda həmçinin Bristol və Birmingem universitetlərinin "Kibertəhlükəsizlik", Stokholm Universitetinin "İnformasiya təhlükəsizliyi" proqramları, eləcə də KU Leuven, Münster Universiteti və Tallinn Texnologiya Universitetinin birgə həyata keçirdiyi "Dövlət sektorunda innovasiya və Elektron hökumət" proqramı yer alır.
E.Hacızadə təhsil müddətində bir sıra beynəlxalq və yerli layihələrdə iştirak edib. O, Almaniyanın Münhen şəhərində keçirilən Beynəlxalq gənclər görüşündə "Mannheimer" təqaüdünün dünyada yeganə qalibi seçilib. "Huawei Seeds for the Future" proqramında ölkəni təmsil edən "Lumio" komandasının tərkibində "Ən aktiv komanda" mükafatına layiq görülüb.O, Beynəlxalq Astronavtika Konqresində kiberinsidentlərin idarə olunması mövzusunda elmi iş təqdim etmək üçün dəvət alıb, MIT Siyasət Hakatonunda uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair kiber siyasət həlləri təqdim edib və "NASA Human Exploration Rover Challenge" müsabiqəsində BANM-in ilk komandasının üzvü olub. Oxford Universitetinin "Hökumətdə süni intellekt və rəqəmsal transformasiya" sertifikatını əldə edən tələbə, bp və "Prosol" şirkətlərinin birgə kibertəhlükəsizlik təqaüdünə, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Technest” təqaüdünə layiq görülüb.
TEKNOFEST 2025 yarışmasının “Psixologiyada texnologiyanın tətbiqi” kateqoriyasında E.Hacızadənin kapitanı olduğu “Lumio” startap komandası “Ən yaxşı təqdimat mükafatı”nı qazanıb. O, həmçinin “HackTheBox University CTF” yarışmasında BANM komandasının heyətində 1128-dən çox komanda arasında 21-ci yeri tutub.
Universitet daxili sosial fəaliyyətlər çərçivəsində BANM-in BMT Modeli Klubunun əsasını qoyub və ali məktəbdə ilk beynəlxalq BMT Modeli simulyasiya konfransını təşkil edib. Eyni zamanda "Google” tərəfindən seçilərək BANM-də "Google Developer Student Club"un təsisçilərindən biri olub.
Tələbəlik illərindən kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən E.Hacızadə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində təcrübə keçib. Hazırda "Cyber On" şirkətində kibertəhlükəsizlik üzrə mütəxəssis vəzifəsində çalışır və 2 ilə yaxın peşəkar iş təcrübəsinə malikdir.




