Bayrağımızı ucaldan gənc "Maarifçi" oldu

8 Avqust, 2026 - 10:25
Bayrağımızı ucaldan gənc "Maarifçi" oldu

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun proqramının müsahibə mərhələsini uğurla başa vuran iştirakçılar Elm və Təhsil Nazirliyində, ölkənin 12 şəhər və rayonunda yerləşən struktur bölmələrində, eləcə də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təcrübəyə başlayıblar. Onlar 53 nəfərdir. 4 ay davam edəcək proqram çərçivəsində iştirakçılar müxtəlif təlim və görüşlərdə iştirak edərək peşəkar və sosial bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.

Tələbəlikdə Prezident təqaüdçüsü olub, Türkiyədə Azərbaycan bayrağını qaldırıb, indi də “Maarifçi” oldu

Aralarında 22 yaşlı Hüseyn də var. “Maarifçi” Hüseyn Quliyev ADA Universitetinin tam təqaüdlü magistrantıdır. O, Bakı Dövlət Universitetinin “Tarix” ixtisası üzrə məzunudur və növbəti tədris ilindən burada “Diplomatiya və beynəlxalq əlaqələr” ixtisası üzrə magistr təhsili alacaq.

Hazırda, “Maarifçi” tələbə-məzun proqramında iştirak edir. İyulun 15-dən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsində təcrübəyə başlayıb.

“Heydər Əliyev adına təqaüdə layiq görüldüm

“2021-ci ildə 11 illik tam orta təhsilimi bitirib ali təhsil müəssisələrinə qəbul imtahanlarında 553 bal toplayıb: Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Tarix” ixtisası üzrə ingiliscə oxudum. Bu fakültədə yeni elmlərə yiyələndim, eyni zamanda möhkəm dostluq əlaqələri qurdum”.

Həyatının ən böyük uğuru sayılan Prezident təqaüdünə layiq görülüb: “Universitetdə 1 dərs belə buraxmadım və ümumi orta göstəricimi ildən ilə yüksəltdim. 2023-cü il dekabr ayının 16-da Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Heydər Əliyev adına təqaüdə layiq görüldüm. Bu, həyatımda dönüş nöqtəsi idi”.

O gündən daha çox oxuyan Hüseyn üçün uğur qapıları açılıb. “Robotex international” yarışında kapitanı olduğu “Xarıbülbül” komandası qalib gəlib: “Həmin yarışlarda çox nüfuzlu universitetlərin komandalarına qalib gələrək birinci və ikinci yerlərə layiq görüldük. Beləliklə, bayrağımızı qardaş Türkiyədə qalib olaraq dalğalandırmağa nail olduq”.

Onun tələbəlik həyatını zənginləşdirən fəaliyyətlər arasında könüllülük xüsusi yer tutub. “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2025” layihəsinin iştirakçısı olub. Qoşulmama Hərəkatının Gənclər təşkilatına üzv qəbul edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatiya Könüllüləri proqramı çərçivəsində Afrika və Yaxın Şərq idarəsində 6 aylıq təcrübə proqramını uğurla tamamlayıb. Rəqəmsal İdeya müsabiqəsində iştirak edib.

Onda çalışqanlıq və məsuliyyətlə yanaşı, əsl “Maarifçi” intizamı var. Hüseyn Quliyev məhz intizam, məsuliyyət və çalışqanlığı sayəsində universitetdə rekordlara imza atıb: “2025-ci ildə universiteti ən yüksək orta müvəffəqiyyət göstərici ilə bitirdim. Bu, Tarix fakültəsində də rekord göstərici idi”, - deyən Hüseyn universitetdə qrup nümayəndəsi kimi də etibar qazanıb. İndi isə ADA Universitetinin “Diplomatiya və beynəlxalq əlaqələr” ixtisasında tam təqaüdlə magistr təhsili alacaq.

“Çox öyrədici mühit var”

Universitet rekordçusu “Maarifçi” olmaq üçün bir az araşdırma aparıb: “Proqram haqqında dost-tanışlardan çox eşidirdim. Sosial şəbəkələrdə proqrama qeydiyyat başladığını öyrənən kimi müraciət etdim. Müsabiqə şəffaf, müsahibə çox intellektual oldu. Bütün verilən suallara cavablarımı təhlillərlə verdim”.

Başqa bir təcrübə proqramını yarımçıq qoyan Hüseyn Quliyev artıq 15-ci gündür ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsində işi öyrənir: “Çox öyrədici mühit var. Əməkdaşlar çox mehriban və gülərüzdürlər. Təcrübəçi olsam da, özümü buraya aid hiss edirəm. Hətta elə bir mühit yaradıblar ki, sanki mən onlara yardım edirəm, əslində onlar mənə, şəxsi inkişafıma yardım edirlər. Onlardan dəstək, işimdən həzz alaraq verilən tapşırıqları yerinə yetirirəm”.

Təbiətsevər “Maarifçi”

Hüseyni dinlədikcə hiss edirsən ki, işini yarımçıq qoyan biri deyil. “Uşaqlıqdan təbiəti çox sevirəm, boş vaxtlarımda ağac əkmək, əkdiyim ağaclara qulluq eləmək xoşuma gəlir. İlk əkdiyim ağac söyüd olub, indi 8 yaşı var. Deyərdim ki, təbiət həyatda ən böyük hobbimdir”.

Hüseyn yeməyi də çox sevir, özü də özü bişirib yeməyi: “Hobbilərimdən biri də kulinariyadır, milli yeməklərimizi bişirib yeyir, bundan zövq alıram”.

“Təhsil sahəsində inkişafın təmin edilməsində rol almaq istəyirəm”

Başqa sözlə, Hüseyn həyatının daha bir parlaq səhifəsini yazmağa hazırlaşır. 4 ay “Maarifçi” olacaq, sonra tam təqaüdlü magistrant. Həyatının bu səhifələrini də eyni məsuliyyət, eyni intizamla dolduracaq: “Gələcəkdə isə Elm və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr sektorunda fəaliyyət göstərmək və universitetlərarası əlaqəni qurmaq və təhsil sahəsində inkişafını təmin edilməsində rol almaq istəyirəm”.