Bayram günlərinin geomaqnit hava proqnozu açıqlanıb

18 Mart, 2026 - 16:10
Bayram günlərinin geomaqnit hava proqnozu açıqlanıb

Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası 18-30 mart tarixləri üçün geomaqnit hava proqnozunu açıqlayıb.

Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Fəallıq Günəş səthində baş verən M sinif (R1-R2; kiçik-orta-radiodalğaların yayılmasını əngəlləyə bilən) səviyyədə alışmalar səbəbindən orta səviyyədə olacaq.

Bildirilib ki, 21 mart tarixinədək geomaqnit sahə normal fon səviyyəsində olacaq. 21-22 və 25 mart tarixlərində G1 (zəif-kiçik) səviyyəli geomaqnit dəyişiklik gözlənilir. Orta coğrafi enliklərdə geomaqnit sahə sakit olacaq.

Geomaqnit qasırğanın gücünü göstərən və 10 ballıq sistemlə hesablanan Kp əmsalı 21-22 və 25 mart tarixləri üçün 5-ə bərabər, martın 31-dək digər günlər üçün 2-4, yüksək coğrafi enliklərdə isə 19 mart tarixində 6-7 intervalında olacaq.

Günəşdə M (kiçik orta) sinif alışmaların baş vermə ehtimalı 15%, X (güclü) alışmaların baş vermə ehtimalı isə 5%-dir. Yaxın günlər üçün Günəşdə aktivlik orta səviyyədə, Yerin geomaqnit sahəsi sakit olacaq, müəyyən günlərdə orta-dəyişkən ola bilər. Güclü geomaqnit qasırğası gözlənilmir.