BDU-nun iki layihəsi beynəlxalq yarışmada təmsil olunacaq
Bakı Dövlət Universitetinin (BDU) iki innovativ layihəsi ilk dəfə olaraq dünyanın nüfuzlu təhsil mükafatlarından biri olan “QS Reimagine Education Awards 2026” yarışmasının qısa siyahısına daxil olub. Belə ki, İngiltərənin London şəhərində keçiriləcək yarışmada BDU “An AI-Powered Lifelong Learning Digital Twin Ecosystem” və “NeuroLearn BSU” adlı iki layihə ilə təmsil olunacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki,"An AI-Powered Lifelong Learning Digital Twin Ecosystem” layihəsi süni intellekt texnologiyalarından istifadə etməklə ömürboyu öyrənmə prosesinin fərdiləşdirilməsinə və inkişafına yönəlib.
“NeuroLearn BSU” layihəsi isə innovativ texnologiyalar vasitəsilə öyrənmə prosesinin yeni imkanlarının araşdırılmasını və təhsil təcrübəsinin müasir yanaşmalar əsasında inkişaf etdirilməsini hədəfləyir.
“QS Reimagine Education Awards” təhsil sahəsində innovativ yanaşmaları, texnologiyaların tətbiqini və təhsilin gələcəyinə yönəlmiş qabaqcıl layihələri qiymətləndirən beynəlxalq platformalardan biridir.
2026-cı il üzrə müsabiqəyə 15 mükafat kateqoriyası üzrə 2 200-dən çox layihə təqdim olunub. Layihələrin ilk qiymətləndirmə mərhələsi 1 000-dən çox beynəlxalq hakim tərəfindən həyata keçirilib. BDU-nun hər iki layihəsi yüksək rəqabətin müşahidə olunduğu seçim mərhələsindən keçərək təqdim olunan layihələrin ən yaxşı 25 faizi sırasına daxil olub və Londonda təmsil olunmaq haqqı qazanıb.
BDU-nun iki layihəsinin “QS Reimagine Education Awards” müsabiqəsində təmsil olunmaq hüququ qazanması Universitetin süni intellekt, rəqəmsal transformasiya və innovativ təhsil texnologiyalarının tətbiqi istiqamətində həyata keçirdiyi təşəbbüslərin beynəlxalq səviyyədə tanındığını və bu sahələrdə innovasiya potensialının inkişaf etdiyini göstərir.




