Bədii gimnastikanın 12 yaşlı ulduzu – “Gimnastikanı hər şeydən çox sevirəm”
2014-cü ildə doğulanlar arasında bədii gimnastika üzrə keçirilən yarışın qalibi Samirə Rzayevadır. 20 nömrəli məktəb-liseyin VI sinif şagirdi Bakı Gimnastika Məktəbinin yetirməsidir. Məktəblilərin Respublika İdman Olimpiadasında halqa və topla çıxış etdi. Onun çıxışını yarışın hakimləri yüksək qiymətləndirdi.
Özü də çıxışından razı qalıb. Dediyinə görə, çıxışlarından hər zaman zövq alır: “Artıq 9 ildir ki, gimnastika ilə məşğul oluram. Düzdür, hər yarış həyəcanlıdır, amma mən çox həyəcanlanmıram”.
Həftə ərzində gimnastikaya daha çox vaxt ayırır: “Həftədə 4-5 dəfə gimnastika ilə məşğul oluram. Hər səhər məşqə gedirəm, günorta isə məktəbə. Gimnastikanı hər şeydən çox sevirəm. Hələ Bakı Gimnastika Məktəbində məşqlərə başlamadan əvvəl də gimnastikadan xoşum gəlirdi. Gördüyüm hərəkətləri evdə təkrarlamağa çalışırdım. Həvəsimi görüb anamı məni gimnastikaya qoydu. İndiyə qədər çox məşqçilərim olub. Amma ən çox sevdiyim hazırkı məşqçimdir. Peşəkar gimnast olacağam. Mən də müəllimim kimi bacarıqlı gimnastlar yetişdirmək istəyirəm”.
Samirə orta məktəbdə də yaxşı oxuyur. Riyaziyyatı çox sevir: “Rəsm çəkməyi, riyaziyyatla məşğul olmağı çox sevirəm. Şənbə və ya bazar günləri rəsm çəkirəm”.
Müəllimləri arasında da sevdikləri var: “Rus dili və riyaziyyat müəllimimi çox sevirəm. Bakı Gimnastika Məktəbində məşqçim Səbinə Qaratova isə ən sevimli müəllimim, məşqçimdir”.




