Belə çıxır ki, ibtidai icma quruluşunda şəhərlər var idi - Tarixçi alimdən dərsliklərlə bağlı irad
“Bizdə araşdırmalar gedir, çoxlu tədqiqat işləri var, yeni-yeni mədəniyyətlər, tarixi faktlar ortaya çıxır. Amma bunları tarixə gətirməkdə çətinlik çəkirik”.
Bu barədə “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor Vəli Baxşəliyev bildirib.
Onun sözlərinə görə, tarix fənnini yazanlar əslində bunları bilir, amma nədənsə tədqiqatçılar o köhnədən qopa bilmirlər:
"Sanki onlar bir sözü deyib sonra yenidən inkar etmək istəmirlər. Bu, yanlış bir şeydir. Ona görə də bizim o tarix kitablarında köhnə məlumatlar qalmaqda davam edir. Misal üçün, yeni araşdırmalar sübüt edir ki, bizdə ibtidai icma quruluşu 3-cü minilliyin ortalarında dağılıb, amma kitablarda yazılır ki, 1-ci minillikdə dağılıb. 6-cı sinif “Azərbaycan tarixi” kitabında yazılır ki, Azərbaycanda şəhərlər e.ə. 3 minillikdə yaranıb. Sonrakı paraqrafda isə yazılır ki, ibtidai icma quruluşu 1-ci minillikdə dağılıb. Belə çıxır ki, ibtidai icma quruluşunda şəhərlər var idi. Bu da, əlbəttə, düzgün deyil. Dərslik yazanların özlərinə də dəfələrlə demişəm. Dərsliklər yazılıb müzakirəyə verilsə, belə problemlər olmaz. Yeni gələn nəsli yanlış öyrədirik”.



