Bərdədə maraqlı mənzərə: Ana və 3 uşağı eyni məktəbdə təhsil alır
Azərbaycanda hər bir vətəndaş istənilən yaş dövründə təhsil almaq hüququndan istifadə edə bilər. Təhsilin yaşı yoxdur. Elə bu şüarı özünə fəlsəfə seçən Mahnur xanım da 3 övladı ilə birgə təhsil alır. Bəli, bəli, 3 övladı – 2 qız və 1 oğlu ilə eyni təhsil ocağında Bərdə Dövlət Peşə Təhsil Mərkəzində.
"Azərbaycan müəllimi" bir ailənin tələbə adını daşıyan 4 üzvü - ana və övladları ilə həmsöhbət olub.
Həm evdə, həm tələbəlikdə övladlarına yoldaşlıq edən ana
İlk olaraq ana - Mahnur Məmmədova ilə söhbətə başlayırıq. Mahnur xanım 1978-ci ildə Bərdə rayonu Məmmədli kəndində anadan olub. Övladlarını təhsilə cəlb etdikdən sonra özü də tələbə olmaq qərarına gəlib. Qızlarından Sevilin tələbə olduğu Bərdə Dövlət Peşə Təhsil Mərkəzində valideyn iclaslarında iştirak edən ana yavaş-yavaş tələbəlik yolunda qəti addımlar atıb.
"Belə izah edim: iclaslara gəlib-gedərkən mərkəzə “vuruldum”, yəni çox xoşuma gəldi. Dərslər, müəllimlərin davranışı, tələbələrə yanaşma tərzi, onları sosiallaşdırmaları, tədbirlərində yer ayırmaları...
Sonra digər qızım Mənsurənin də təhsilini burada davam etməsinə kömək göstərdim, daha sonra oğlum Mənsuru da burada təhsilə cəlb etdik. Ən sonda isə özüm tələbə oldum. 1 illik dizayner qrupunda təhsil alıram. Əslində, peşə təhsili almağa marağım var idi. Ancaq məni ruhlandıranlardan biri də mərkəzdə “Mühasibat uçotu” ixtisasının müəllimi işləyən xanım oldu. Düzdür, dizaynerliyi seçdim, amma istiqamət verib, dəstək oldular. Mərkəzin kollektivi, müəllimlər səmimi yanaşması, dərsləri yüksək səviyyəli tədris bacarığı ilə seçilirlər".
3 övladının həm evdə, həm təhsil həyatında yoldaşları olduğunu deyən Mahnur xanım övladlarının peşələrində uğurlu olacağına inandığını və hər zaman onları dəstəkləyəcəyini bildirir.
Məsləhətə qulaq asdı, tələbə oldu
Özündən sonra ailənin digər 3 üzvünün təhsilində rol oynayan Sevil Muradlı ilə söhbətə davam edirik.
Sevil 2007-ci ildə Bərdə rayonu Məmmədli kəndində anadan olub. Bərdə Dövlət Peşə Təhsil Mərkəzində “Mühasibat uçotu” ixtisası üzrə təhsil alır.
"Buraya müraciət etməyimi əmim qızı məsləhət görmüşdü. Məsləhəti uğurlu nəticə verdi. Qəbul oldum. Hazırda 4-cü kurs tələbəsiyəm. Dərslər çox yüksək səviyyədə, ciddi rejimdə keçirilir. Müəyyən çətinliklər olsa da, bir tələbə kimi mərkəzi çox sevirəm. Çətinliklərim də dərslər baxımındandır, inanıram ki, əksər tələbələr üçün bu, belədir.
Düşünürəm ki, hər kəs təhsilinin ardınca getməlidir. Burada da istədiyiniz ixtisas üzrə təhsil ala bilərsiniz".
Sevil deyir ki, artıq təhsilini başa vurmuş hesab olunur və bundan sonrakı məqsədi təhsilini ali məktəbdə davam etdirməkdir.
Anamla eyni vaxtda tələbə, eyni vaxtda məzun oluruq
Ailənin digər övladı Mənsurə Şərəfxanova da mərkəzdə təhsil alır. O, “Turizm təşkilatçısı” ixtisasında oxuyur.
"Hazırda təhsil aldığım ixtisas 1 illikdir. Anam və mən hər ikimiz eyni ildə tələbə olub, eyni ildə də məzun oluruq. Fərqli ixtisas və fərqli qruplardayıq. Amma evdən eyni ünvana birgə yollanırıq. Dərslərimiz çox gözəl və bir o qədər də maraqlı keçir. Hər gün yeni nələrsə öyrənirik, kəşf edirik. Tələbələr üçün hər zaman ən yaxşısını etməyə çalışan rəhbərliyimiz və müəllim kollektivimiz var. Bəlkə də bu səbəbdən mərkəzi daim isti məkan, ikinci evimiz kimi görürük".
Ailənin ən kiçik tələbə üzvü Mənsur Muradlı 2010-cu ildə Bərdə rayon Məmmədli kəndində anadan olub.
Mənsur bacıları və anası ilə birlikdə təhsil aldığı mərkəzdə “Logistika operatoru” ixtisasının tələbəsidir.
"İxtisasım 3 illikdir, birinci kursda təhsil alıram. Peşə təhsili, mərkəz bizə yeni mühit, tanışlıqlar qazandırdı. Həm mənə, həm də ailəmin digər üzvlərinə. Bacılarımın təhsil həyatı, onların marağı mənim də valideynlərimin dəstəyi ilə tələbə olmağıma kömək oldu. Hələlik təhsilimi ali təhsil müəssisəsində davam etdirib-etdirməyimlə bağlı dəqiq qərar verməmişəm”.



