Beynəlxalq akkreditasiya ali təhsildə keyfiyyətin institusional əsaslarını möhkəmləndirir - Vilayət Vəliyev
“Son illər Azərbaycanda ali təhsildə keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl addımlar atılır”.
Bu fikirləri “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” çərçivəsində Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib.
Rektor qeyd edib ki, artıq ölkədə müstəqil keyfiyyət təminatı mexanizmləri formalaşıb və akkreditasiya meyarları daha çevik və nəticəyönümlü model əsasında təkmilləşdirilib. Onun sözlərinə görə, əvvəlki mərhələdə çoxsaylı göstəriciləri əhatə edən meyarlar toplusu optimallaşdırılaraq daha funksional çərçivəyə salınıb və mobil akkreditasiya yanaşması tətbiq olunur.
Vilayət Vəliyev vurğulayıb ki, ali təhsil müəssisələri yalnız institusional deyil, proqram akkreditasiyası istiqamətində də beynəlxalq təcrübədən fəal istifadə edirlər. O bildirib ki, rəhbərlik etdiyi universitetdə Almaniyanın AQAS agentliyi ilə əməkdaşlıq çərçivəsində 20 təhsil proqramı beynəlxalq akkreditasiyadan keçib, yaxın dövrdə isə əlavə proqramların akkreditasiyası nəzərdə tutulur.
Rektorun sözlərinə görə, beynəlxalq akkreditasiya ali təhsildə şəffaflıq, hesabatlılıq və davamlı inkişaf mexanizmlərinin güclənməsinə xidmət edir. O əlavə edib ki, tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbələrin əmək bazarına rəqabətqabiliyyətli kadr kimi hazırlanması və universitetlərin beynəlmiləlləşməsi istiqamətində görülən işlər sistemli şəkildə davam etdirilir.



