Beynəlxalq Müəllimlər Günü MDU-da yeni tədris imkanları ilə qeyd olunub
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Mingəçevir Dövlət Universitetində (MDU) iki yeni tədris məkanının – Rəqəmsal Mühəndislik və “MathStage” laboratoriyalarının açılış mərasimi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, açılış mərasimində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, "HTech İnvest" MMC-nin Baş icraçı direktorunun istehsal və texnologiyalar üzrə müavini, istehsalat üzrə baş müdir Orxan Nadirov və universitetin əməkdaşları iştirak ediblər.
Yeni laboratoriyaların yaradılmasında əsas məqsəd universitetdə müasir tədris infrastrukturunun genişləndirilməsi, nəzəri biliklərlə praktiki hazırlıq arasında əlaqənin gücləndirilməsi, eləcə də tələbələrin əmək bazarının dəyişən tələblərinə uyğun bacarıqlara yiyələnməsi üçün əlavə imkanların formalaşdırılmasıdır.
Rəqəmsal Mühəndislik Laboratoriyası yeni texnoloji bacarıqlar qazanmaq imkanı verəcək
Rəqəmsal Mühəndislik Laboratoriyası tələbə və müəllimlərə mühəndislik sahəsində müasir rəqəmsal texnologiyalardan istifadə etmək, nəzəri bilikləri praktiki tapşırıqlar üzərində tətbiq etmək və yeni texnoloji bacarıqlar qazanmaq imkanı verəcək. Laboratoriyadan praktiki məşğələlərin, tələbə layihələrinin və müxtəlif tətbiqyönümlü fəaliyyətlərin həyata keçirilməsində istifadə olunması nəzərdə tutulur.
“MathStage” Laboratoriyası isə riyaziyyatın ənənəvi tədris üsulları ilə yanaşı, daha interaktiv və tətbiqyönümlü formada öyrənilməsi üçün yaradılıb. Burada tələbələrin məntiqi düşünmə, analitik yanaşma və problem həll etmə bacarıqlarının inkişaf etdirilməsi əsas istiqamətlərdən biri olacaq.
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov yeni ixtisasların yaradılmasının yalnız tədris proqramlarının hazırlanması ilə məhdudlaşmamalı olduğunu bildirib. Onun sözlərinə görə, müasir ixtisasların uğurlu tədrisi üçün ilk növbədə uyğun laboratoriya və praktiki baza formalaşdırılmalıdır.
“Yeni ixtisasların açılması üçün universitetlərin müvafiq laboratoriya bazasının olması mühüm şərtdir. Bu laboratoriyalar xüsusilə sənayeyə əsaslanmalı, sənayenin mövcud və gələcək tələblərinə cavab verməlidir. Bununla yanaşı, tədris planlarının beynəlxalq səviyyəyə uyğunlaşdırılması və sənayeyönümlü olması da vacibdir”, – deyə rektor qeyd edib.
Anar Eminov bildirib ki, istifadəyə verilən laboratoriyalar müxtəlif təhsil istiqamətləri üzrə tələbələrin hazırlanmasına xidmət edəcək: “Bu gün həm riyaziyyat və informatika müəllimliyi, həm də energetika və sənaye mühəndisliyi istiqamətləri üçün faydalı ola biləcək iki laboratoriyanın açılışını həyata keçirdik. Hesab edirəm ki, bunlar yalnız tədris laboratoriyaları deyil, eyni zamanda sənayeyönümlü fəaliyyət üçün imkan yaradan məkanlardır”.
Rektorun sözlərinə görə, laboratoriyaların yaradılması zamanı bir sıra şirkətlərin və Türkiyə universitetlərinin təcrübəsi öyrənilib, mütəxəssislərlə məsləhətləşmələr aparılıb. O, yeni imkanların həm tələbələr, həm də bütövlükdə universitet üçün faydalı olacağına əminliyini ifadə edib. Anar Eminov laboratoriyaların məhz Beynəlxalq Müəllimlər Günündə istifadəyə verilməsini də əlamətdar hadisə kimi qiymətləndirib.
Kadr hazırlığı müasir texnologiyalardan keçir
“Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov isə Mingəçevir Dövlət Universitetində son illərdə müşahidə olunan inkişaf dinamikasına diqqət çəkib.
O bildirib ki, ötən əsrin 90-cı illərində yaradılan MDU gənc ali təhsil müəssisəsi olmasına baxmayaraq, müasir texnologiyaların tətbiqi və tədris imkanlarının genişləndirilməsi istiqamətində inkişafını davam etdirir.
“Müasir dövrün tələblərinə cavab verən kadrların hazırlanması üçün yeni texnikaların, texnologiyaların və laboratoriyaların istifadəyə verilməsi mütərəqqi addımdır. Bu təşəbbüsləri alqışlayırıq və hesab edirik ki, belə işlər davam etdirilməlidir”, – deyə Təhmasib Hüseynov vurğulayıb.
O, Mingəçevir Dövlət Universitetinin regionun inkişaf edən ali təhsil müəssisələrindən biri olduğunu bildirərək universitetin gələcəkdə beynəlxalq mövqelərini daha da gücləndirməsini arzulayıb.
Müasir sənayedə yalnız nəzəri bilik kifayət etmir
"HTech İnvest" MMC-nin Baş icraçı direktorunun istehsal və texnologiyalar üzrə müavini, istehsalat üzrə baş müdir Orxan Nadirov yeni laboratoriyaların yaradılmasını ali təhsillə real sektor arasında əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirib.
O bildirib ki, müasir sənayedə yalnız nəzəri bilik kifayət etmir. Yeni texnologiyalarla işləməyi bacaran, rəqəmsal alətlərdən istifadə edən, istehsal proseslərini anlayan və problemlərə praktik həll təklif edə bilən mütəxəssislərə tələbat ildən-ilə artır. Bu baxımdan universitetlərdə müasir laboratoriya mühitinin formalaşdırılması tələbələrin gələcək peşə həyatına daha hazırlıqlı daxil olmasına imkan yaradır.
Orxan Nadirovun fikrincə, Rəqəmsal Mühəndislik Laboratoriyası kimi tədris məkanları tələbələrə yalnız texnologiyanı öyrənmək deyil, onu real mühəndislik və istehsal məsələlərinin həllində tətbiq etmək bacarığı qazandırmalıdır. Universitetlərlə sənaye müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi isə tədris proqramlarının əmək bazarının real ehtiyaclarına uyğunlaşdırılmasına mühüm töhfə verə bilər.
O, təhsilə və texnoloji infrastruktura qoyulan investisiyanın uzunmüddətli perspektivdə insan kapitalına yönəlmiş yatırım olduğunu vurğulayıb. Müasir laboratoriyaların yaradılması, tələbələrin praktiki hazırlığının gücləndirilməsi və sənaye ilə birgə təşəbbüslərin həyata keçirilməsi regionda yüksəkixtisaslı kadr potensialının formalaşdırılması üçün də yeni imkanlar yaradır.
Qeyd olunub ki, yeni laboratoriyaların məhz Beynəlxalq Müəllimlər Günündə istifadəyə verilməsi isə tədbirə əlavə məna qazandırıb. Müəllim əməyinin qiymətləndirildiyi bir gündə tədris və tədqiqat üçün yeni imkanların yaradılması həm müəllimin fəaliyyətini dəstəkləyən müasir akademik mühitin, həm də gələcəyin mütəxəssislərinin hazırlanmasına yönəlmiş yanaşmanın göstəricisi kimi dəyərləndirilib.
Rəqəmsal Mühəndislik və “MathStage” laboratoriyalarının universitetdə tədrisin praktiki komponentinin gücləndirilməsinə, müəllim və tələbələrin müasir texnologiyalara çıxışının genişləndirilməsinə, universitet-sənaye əməkdaşlığının inkişafına və əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığına töhfə verəcəyi gözlənilir.




