"Beynəlxalq təcrübəni Azərbaycanın kibertəhlükəsizliyinin inkişafına yönəldəcəyəm” – DP təqaüdçüsü

7 Sentyabr, 2026 - 17:25
"Beynəlxalq təcrübəni Azərbaycanın kibertəhlükəsizliyinin inkişafına yönəldəcəyəm”

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi seçilənlərdən biri də Yusif Novruzludur. O, Sidney Universitetində "Kibertəhlükəsizlik" ixtisası üzrə magistratura təhsili alacaq.

"Azərbaycan müəllimi"nə müsahibəsində Yusif Novruzlu seçdiyi ixtisasın özəlliklərindən, gələcək hədəflərindən  danışıb.

 "İnsanın ətrafında ona inanan və inkişafına töhfə verənlərin olması uğur yolunda mühüm amillərdəndir"  

Dövlət Proqramı qalibi olması Yusif üçün böyük sevinc və qürur hissi ilə yanaşı, mühüm məsuliyyət ifadə edir. Onun sözlərinə görə, xaricdə təhsil almaq məqsədlərindən birinə çatmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda o, əldə edəcəyi beynəlxalq təcrübəni gələcəkdə Azərbaycanın kibertəhlükəsizliyinin inkişafına yönəltməyi qarşısına məqsəd qoyub.

Yusif Novruzlu orta təhsilinə Bakı şəhəri 285 nömrəli tam orta məktəbdə başlayıb. Sonradan təhsilini 2019–2021-ci illərdə Yardımlı rayonu Alar kənd tam orta məktəbində başa vurub.

Ali təhsilini Milli Aviasiya Akademiyasının Aerokosmik fakültəsində "Kompüter mühəndisliyi" (ingilis dilində) ixtisası üzrə alan Yusif Novruzlu təhsil aldığı müddətdə informasiya texnologiyalarına, xüsusilə də kibertəhlükəsizliyə böyük maraq göstərib və bu istiqamətdə həm nəzəri, həm də praktiki biliklərini inkişaf etdirməyə çalışıb.

Tələbəlik illərində müxtəlif layihə, müsabiqə, təlim və proqramlarda iştirak edən fəal gənc bir sıra uğurlara imza atıb. Belə ki, o,Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və İsrailin “Technion” Texnologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin proqramını uğurla başa vurub: "2024-cü ildə keçirilən Milli Kosmik Hakatonda “Astryx” komandası ilə iştirak edərək III yerə layiq görüldük. Komandamızın hazırladığı layihə Xəzər dənizində balıqların izlənilməsi və proqnozlaşdırılması üçün süni intellekt əsaslı monitorinq sistemindən ibarət idi. Bundan əlavə, "IDDA Hackathon 2" yarışının finalçısı olmuşam. Kibertəhlükəsizlik sahəsində peşəkar inkişafımı davam etdirərək bir sıra beynəlxalq sertifikatlar əldə etmişəm.Təhsil müddətində bir sıra şirkətlərdə və Azərbaycan Hava Yollarında (AZAL) müxtəlif istiqamətlər üzrə təcrübə keçmişəm.

Bakalavriatura təhsili zamanı “Açıq mənbəli alətlərdən istifadə etməklə SIEM sisteminin tətbiqi” mövzusunda diplom işi hazırladım. Apatdığım tədqiqat kibertəhlükəsizlik, xüsusilə təhlükəsizlik monitorinqi və SIEM texnologiyalarına olan marağımın daha da formalaşmasına kömək edir".

Yusif vurğulayır ki, əldə etdiyi uğurlarda ilk növbədə ailəsinin dəstəyi mühüm rol oynayıb. Bununla yanaşı, universitet müəllimlərinin, ment orlarının və birlikdə çalışdığı insanların da onun inkişafında böyük rolu olub:"İnsanın ətrafında ona inanan və inkişafına töhfə verənlərin  olması uğur yolunda mühüm amillərdəndir"  

Kibertəhlükəsizlik sahəsində əldə etdiyi təcrübə və nailiyyətlər uğurlu tələbənin gələcək təhsil istiqamətini də müəyyənləşdirib. O, bir neçə aparıcı universitetdən magistratura üzrə qəbul almasına baxmayaraq Sidney Universitetində  “Kibertəhlükəsizlik” ixtisası üzrə  (Master of Cybersecurity təhsil almağı seçib:"Dövlət Proqramına müraciət etdim və qalib oldum. Ümidvaram ki, kibertəhlükəsizlik üzrə biliklərimi daha da dərinləşdirəcəyəm.

Maraq dairəm kibertəhlükəsizlikdir, Məni bu sahəyə cəlb edən əsas xüsusiyyətlərdən biri kibertəhlükəsizliyin daim dəyişən və inkişafda olmasıdır. Yeni texnologiyaların tətbiqi mütəxəssisdən davamlı öyrənmə və özünü inkişaf etdirməyi tələb edir".

Uzunmüddətli perspektivdə…

Proqram qalibinin gələcəkdə əsas məqsədi kibertəhlükəsizlik sahəsində beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssis olmaqdır. O, həm praktiki, həm də akademik istiqamətdə inkişaf etməyi, qabaqcıl texnologiyalar və müasir kibertəhlükəsizlik həlləri üzrə təcrübə qazanmağı planlaşdırır: "Uzunmüddətli perspektivdə isə məqsədim qazandığım beynəlxalq təcrübəni Azərbaycana gətirmək, ölkənin kibertəhlükəsizliyinin inkişafına, yeni layihə və təşəbbüslərin həyata keçirilməsinə töhfə verməkdir".