Beynəlxalq yarışların şagird inkişafına təsiri
Müasir təhsilin qarşısında duran ən mühüm vəzifələrdən biri şagirdlərdə analitik, yaradıcı və qlobal düşüncə mədəniyyətinin formalaşdırılmasıdır. Elm göstərir ki, bu keyfiyyətlər yalnız sinif şəraitində deyil, həm də şagirdin intellektual sərhədlərini aşan çətin və motivasiyaedici mühitlərdə daha sürətlə inkişaf edir. Beynəlxalq akademik yarışlar – riyaziyyat, elm, dilçilik və digər sahələr üzrə keçirilən olimpiadalar – məhz belə unikal təhsil məkanlarının formalaşdığı platformalardır.
Müasir təhsil sistemi çox sürətlə dəyişir və bu dəyişikliklərin fonunda bir sual daha da aktuallaşır: şagirdin düşüncəsini necə inkişaf etdirmək olar? Bu suala cavab axtaran alimlərin əksəriyyəti eyni məqamda birləşir — insan yalnız çətinliklə üzləşəndə, düşüncə sərhədlərini zorladıqda və real problemləri həll etməyə çalışanda inkişaf edir. Məhz buna görə də beynəlxalq akademik yarışlar sadə bir “imtahan” yox, şagirdin özünü tanıdığı, bacarığını kəşf etdiyi və dünyadakı həmyaşıdları ilə eyni intellektual masada oturduğu xüsusi təhsil mühitidir.
Jean Piaje düşüncənin mərhələlərlə inkişaf etdiyini deyirdi. Onun fikrincə, şagird ancaq çətin və gözlənilməz tapşırıq qarşısında qaldıqda yeni düşüncə mexanizmləri qurmağa məcbur olur. Bu mexanizm beynəlxalq olimpiadalarda tam dəyərini göstərir. Çünki bu yarışlarda verilən suallar şagirdi dərs kitabının məhdud çərçivəsindən çıxarır, problemi başqa bucaqdan düşünməyə sövq edir. Burada şagird cavabı əzbərləmir — özü kəşf edir. Bu kəşf prosesinin özü isə ən güclü öyrənmə formasıdır.
Lev Vıqotski isə inkişafın sosial mühitdən doğduğunu vurğulayırdı. Onun “Yaxın İnkişaf Zonası” nəzəriyyəsi deyir ki, insan ən çox özündən bir qədər yuxarı səviyyədə olan fəaliyyətləri yerinə yetirərkən inkişaf edir. Beynəlxalq yarışlarda şagirdlər müxtəlif ölkələrdən gəlmiş yüksək səviyyəli iştirakçılarla eyni mühitdə yarışır və bununla da öz bacarığının hüdudlarını görür. Bu, təkcə rəqabət deyil — öyrənmədir, paylaşmadır, inkişafın içində böyüməkdir. Vıqotskinin təsvir etdiyi o “sürətli inkişaf anları” beynəlxalq yarışların hər addımında görünür.
Hovard Qardnerin çoxsaylı zəka nəzəriyyəsi isə bu yarışların niyə belə çoxölçülü təsir göstərdiyini izah edir. Olimpiada sualı yalnız məntiqi yoxlamır; o, eyni anda uşağın vizual təsəvvürünü, dil bacarığını, özünüidarə etmə qabiliyyətini, sosial davranışını, hətta daxili motivasiyasını işə salır. Bəzən bir sualı həll etmək üçün şagird əvvəl içindəki qorğunu aşır, sonra situasiyanı təsəvvür edir, daha sonra seçdiyi həlli əsaslandırır. Bu proses insanın zəka spektrini genişləndirən nadir təcrübədir.
Jerome Bruner isə öyrənməni “biliyin kəşfi” kimi təsvir edirdi. Onun fikrincə, öyrənmənin dəyəri cavabın özündə yox, həmin cavaba aparan düşüncə yolundadır. Beynəlxalq yarışların tapşırıqları da məhz bunu tələb edir: fikirləşmək, araşdırmaq, müqayisə etmək, ehtimalları sınaqdan keçirmək və sonda öz seçiminin arxasında dayanmaq. Bu, həm təfəkkürün sərbəstliyini, həm də şagirdin düşüncə məsuliyyətini artırır.
Psixoloq Erik Erikson isə insan inkişafında “kompetensiya” hissəsinin rolunu xüsusi qeyd edirdi. Məktəb yaşında uşaq özünü təsdiqləmək ehtiyacı duyur. Beynəlxalq yarışda iştirak ona özünü sınamaq, gücünü ölçmək və ən əsası — “bacarıram” demək imkanı verir. Bu isə gələcəkdə istər akademik həyatda, istərsə də şəxsiyyət inkişafında çox ciddi dayanıqlıq yaradır.
John Devey-in “təcrübəyə əsaslanan öyrənmə” yanaşması bu yarışlara başqa bir aspektdən işıq tutur. Devey deyirdi ki, uşaq real təcrübə yaşamadan, öyrəndiyini tətbiq etmədən, yalnız kitablar vasitəsilə inkişaf edə bilməz. Beynəlxalq yarışlar bu tətbiqi anı yaradır — burada hər sual real düşüncə prosesinə çevrilir, hər səhv öyrənmə fürsətinə dönür, hər uğur şagirdin intelektual motivasiyasını artırır.
Bu nəzəriyyələrin hamısını bir araya gətirəndə ortaya çox aydın bir nəticə çıxır: beynəlxalq akademik yarışlar şagirdin intellektual, sosial və emosional inkişafını elmi olaraq sübut edilmiş şəkildə sürətləndirir. Ona görə də dünya təhsil sistemləri bu yarışları istedadlı şagirdlərin inkişafında əsas alət kimi qəbul edir.
Bu baxımdan, Azərbaycanda fəaliyyət göstərən Global Olympiad Center (GOC) beynəlxalq yarışların mahiyyətini düzgün anlamağı və şagirdlər üçün real inkişaf platforması yaratmağı qarşısına məqsəd qoyub. Mərkəzin fəaliyyəti sadəcə təşkilatçılıq deyil; burada əsas ideya – Azərbaycan şagirdlərini qlobal düşüncə mədəniyyəti ilə tanış etmək, onların analitik qabiliyyətini gücləndirmək və müasir pedaqoji yanaşmalara uyğun idrak mühiti yaratmaqdır. GOC-un həyata keçirdiyi tədbirlər rəqabət üçün yox, inkişaf üçün təşkil olunur; medal üçün yox, düşüncə üçün; nəticə üçün yox, idrak təcrübəsi üçün.
Bu gün təhsilin əsas məqsədi yalnız məlumat vermək deyil, düşünən, araşdıran, öz yolunu tapan bir nəsil yetişdirməkdir. Beynəlxalq yarışlar isə bu nəsil üçün ən güclü intellektual laboratoriya hesab oluna bilər. Bu yarışlarda formalaşan bacarıqlar — düşüncə çevikliyi, problem həll etmə, özünəinam və davamlı öyrənmə vərdişi — həm şəxsi, həm də milli səviyyədə gələcəyin insan kapitalını müəyyən edən əsas faktorlardır.
Xəyal İbrahimzadə


