Bəzi ixtisaslar üzrə tədris müddəti 3 ilə endirilə bilər – Emin Əmrullayev

14 Sentyabr, 2026 - 16:20
Bəzi ixtisaslar üzrə tədris müddəti 3 ilə endirilə bilər – Emin Əmrullayev

Hazırda 12 illik təhsilə keçidlə mövzusu gündəmdə yoxdur.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

Nazir bakalavr təhsilinin 3 ilə endirilməsi məsələsinə də münasibət bildirib. O bildirib ki, bu məsələ sırf ixtisaslarla bağlıdır: “Elə ixtisaslar var ki, məsələn “Turizmin təşkili”, bəlkə də belə ixtisaslarda 3 il oxumaq yetərlidir. Amma hüquqşünas olmaq üçün bu, yetərlidirmi? Bu sahədə mütəxəssislər araşdırma aparmalıdır”.

Onun sözlərinə görə, Boloniya sisteminə keçid nəticəsində bakalavriat səviyyəsində əksər ixtisasların müddəti eyniləşdirilib: “Burada ölkəmizin qoşulduğu beynəlxalq sistemlər də nəzərə alınmalıdır. 12+3 sistemi müəyyən qədər işlək ola bilər, lakin hazırda bununla bağlı qərar yoxdur”.

Nazir qeyd edib ki, işəgötürənlərlə müzakirələr edilib bəzi ixtisaslar üzrə tədris müddəti 3 ilə endirilə bilər, lakin bütün ixtisasları 3 ilə keçirmək müzakirə predmeti deyil.