Biləsuvarda müasir peşə təhsili müəssisəsi yaradıla bilər

29 Oktyabr, 2024 - 15:44

Biləsuvar rayonunda müasir maddi-texniki bazaya malik peşə təhsili müəssisəsi yaradıla bilər. 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Biləsuvar Rayon İcra Hakimiyyəti və Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə işgüzar görüşdə bildirilib. İcra hakimiyyətində keçirilən görüşdə rayonun kənd təsərrüfatı və ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən dövlət və özəl müəssisələrin rəhbərləri də iştirak edib. Görüş zamanı icra başçısı Faiq Qürbətov rayonda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasını təmin etmək və gələcəkdə ayrı-ayrı sahələrdə kadr çatışmazlığının qarşısını almaq məqsədilə peşə təhsili sahəsində ehtiyac yaranan ixtisaslar üzrə yeni qrup və ixtisasların yaradılması ilə bağlı təkliflərini səsləndirib.

Tədbirdə iştirak edən müəssisələrin rəhbərləri rayonda fəaliyyət istiqamətləri üzrə ixtisaslı kadr hazırlığının kifayət qədər olmadığını bildirərək, yerli əmək bazarına uyğun peşəyönümlü savadlı kadrların hazırlanmasını yüksək qiymətləndiriblər.

Görüşdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov agentliyin bu istiqamətdə rayonda müvafiq araşdırmalar aparacağını və imkan yaranacağı təqdirdə müasir maddi-texniki bazaya malik peşə təhsili müəssisəsinin fəaliyyətinə köməklik göstərəcəyini vurğulayıb.