Bir abzasdan başlayan dəyişiklik: hiss, fikir və işıqla qurulan sinif

2 Mart, 2026 - 10:19
Bir abzasdan başlayan dəyişiklik:

Mən, Abdullayev Allahverdi Bakı şəhəri, Suraxanı rayonu 87 nömrəli tam orta məktəbin rus bölməsi üzrə ibtidai sinif müəllimiyəm. Uşaqlıqdan arzum hər zaman uşaqlara nəyisə öyrətmək, başa salmaq və onların dünyasına kiçik də olsa, bir işıq tutmaq olub. Müəllim olmaq mənim üçün yalnız peşə deyil, həm də uşaqlıqdan daşıdığım həyat arzusu olub.

Tədris prosesində mən həmişə innovasiyalara və interaktiv metodlara üstünlük verirəm. Dərslərimi uşaqların maraq və bacarıqlarını inkişaf etdirəcək şəkildə qururam və onlarla dərs zamanı olduğu kimi, dərsdən kənarda da əlaqə saxlayıram. Oxuyub-anlama bacarığının formalaşmasına dair dərslərdə tətbiq etdiyim yanaşma isə mərhələli şəkildə qurulub. Şagirdlər əvvəlcə yalnız birinci abzası oxuyurlar və dərhal kənar qeydlər aparırlar. Bu qeydlər əsas fikir, diqqəti çəkən ifadə və ya ilkin təəssürat formasında olur.

Daha sonra emosional mərhələyə keçirəm: şagirdlərə sual verirəm: “Bu mətni oxuduqdan sonra hansı hissləri yaşadın?” Cavablar fərqli olur: maraq, sevinc, narahatlıq, kədər və s. Ardınca ikinci sual – “Niyə məhz bu hiss yarandı?” verilərək şagirdin hissini mətn faktları ilə əlaqələndirməsi təmin olunur. Beləliklə, şagird mətnlə daha dərindən bağ qurur, səbəb-nəticə əlaqəsini anlamağa başlayır və reflektiv düşüncəsi inkişaf edir.

Ümumiyyətlə, oxuyub-anlama prosesini yalnız ümumi sinif işi kimi deyil, həm də fərdi və əməkdaşlığa əsaslanan şəkildə təşkil edirəm. Şagirdlər əvvəlcə mətni fərdi şəkildə oxuyur, öz qeydlərini aparır və şəxsi yanaşmalarını formalaşdırırlar. Bu mərhələdə hər bir uşaq mətnlə təkbətək qalır, öz düşüncə xəttini qurur və daxili dialoq yaşayır. Daha sonra isə “cütlərlə paylaş” üsulundan istifadə edərək şagirdləri ikili qruplara bölürəm. Onlar qeydlərini, hisslərini və nəticələrini bir-biri ilə müzakirə edir, fərqli baxış bucaqları ilə tanış olurlar. Bu yanaşma həm öz fikrini əsaslandırmaq, həm də qarşı tərəfi dinləmək bacarığını inkişaf etdirir. Nəticədə şagirdlər yalnız mətni anlamaqla kifayətlənmir, həm də əməkdaşlıq, ünsiyyət və tənqidi düşünmə bacarıqlarını gücləndirirlər.

Bu mərhələlər sayəsində şagirdlər oxu sürətini artırır, mətnə şüurlu şəkildə yanaşır və analiz bacarıqları güclənir. Həm də onlar öz fikirlərini açıq ifadə etməyi, bir-birini dinləməyi və sinifdə birgə öyrənməyin əhəmiyyətini öyrənirlər.

Mənim üçün müəllimlik sadəcə bir peşə deyil, uşaqların gələcəyinə sərmayə qoymaqdır. Hər gün dərslərimdə onların bilik dünyasına yeni rənglər qatmaq, təhsili maraqlı və səmərəli etmək üçün çalışıram.

Allahverdi Abdullayev
Bakı şəhəri 87 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.