Müəllimlik yolum oğlumun şəhidliyindən sonra daha da müqəddəs oldu - Bir müəllimin hekayəsi

16 Yanvar, 2026 - 09:28
Müəllimlik yolum oğlumun şəhidliyindən sonra daha da müqəddəs oldu

Ucarın Bərgüşad kəndinə səhərin ilk saatlarında çatanda kəndin sükutu ilə yanaşı, qəribə bir ucalıq hissi duyulur. Sakit, lakin ağır bir tarix yaşandığı bəllidir. Bu kəndin məktəbində illərdir fiziki tərbiyə müəllimi işləyən, həm də şəhid atası olan bir insan yaşayır: Elman Məmmədov. Onun məktəbin həyətinə doğru addımlayan sakit addımlarında həm müəllim məsuliyyəti, həm də bir ata dərdi gizlənib. Biz də bu gün həmin hekayəni dinləmək üçün Bərgüşad kənd Ağamusa Mustafayev adına 1 nömrəli tam orta məktəbin qonağıyıq.

“Mən müəllimliyə oğlumun yox, Vətənin yükü ilə davam etdim” 

Elman müəllim bizi qarşılayarkən təmkinli, lakin güclü bir insan təsiri bağışlayır. Həyatı boyu qazandığı uğurların, keçdiyi sınaqların, yaşadığı ağrıların adamıdır. 22 sentyabr 1972-ci ildə elə bu kənddə dünyaya gəlib, orta məktəbi burada bitirib, sonra 1989-cu ildə İdman Akademiyasına daxil olub və 1993-cü ildə ali təhsilini tamamlayıb. 2003-cü ildən isə doğma məktəbdə müəllim kimi çalışır. Danışmağa başlayanda səsinin içində həm qərarlılıq, həm də kədər duyulur: 

“Mənim müəllimlik yolum oğlumun şəhidliyindən sonra daha da müqəddəs oldu. Şagirdlər qarşısında dayananda elə bilirəm Şahı sinfin bir küncündən mənə baxır. Hər dərsi ona borclu kimi keçirəm”. Bu sözləri deyərkən baxışlarında bir ata qüruru ilə bir müəllim əzmi birləşir. 

Elman müəllimin ailəsi də kiçik deyil, bir oğlu, bir qızı var idi. Oğlunun adı isə bu kənddə artıq bir ad yox, bir əfsanədir: Şəhid Məmmədli Şahı Elman oğlu.

“Qaqaş” deyilən bir kənd qəhrəmanı – Şahı Məmmədlinin hekayəsi


1995-ci ildə dünyaya gələn Şahı uşaqlıqdan mərdliyi, zəhmətkeşliyi, sadəliyi ilə seçilirmiş. Kənd əhli ona “Şahı” yox, “Qaqaş” deyirmiş, çünki hər evin bir xeyrində izi varmış. Birinin suyunu gətirərmiş, birinin işinə kömək edərmiş, kiminsə dərdinə yoldaş olarmış. Elman müəllim bu xatirəni danışanda səsi titrəyir: 

“Şahı elə uşaqlıqdan mərd idi. Mən ona heç vaxt nəyisə iki dəfə tapşırmazdım. Bütün kəndin övladı idi, təkcə mənim yox”. 
 
2012-ci ildə orta məktəbi bitirən gənc hərbi xidmətə yollanır, 2014-cü ildə xidmətini başa vurur, daha sonra kəndə dönərək yenə əvvəlki kimi xalqa xidmət etməyə davam edir. 2019-cu ilin noyabrında ailə həyatı qurur, 2020-ci ilin avqustunda isə oğlu Ömər dünyaya gəlir. Amma taleyin yazdığı yol uzun olmur. Körpəsi cəmi 27 günlük ikən Şahı könüllü olaraq cəbhəyə yollanır. Ayağına şüşə batması nəticəsində yarası ağır olsa da, o bunu gizlədir. Elman müəllim o anları belə xatırlayır: “Dedim, oğul, yaran var, gözlə. Dedi: “Ata, mənim yarama dərman tapılar, Vətən yarasına yox”.  O söz məni bu günə qədər saxlayıb”.


Döyüşdə olduğu günlərdə ailəsi ilə təmasda olsa da, hər şeyin qaydasında olduğunu deyir, arxa cəbhədə olduğunu bildirir. 15 oktyabr 2020-ci ildə etdiyi son zəngdə isə halallıq istəyir. Elə həmin halallıqdan bir gün sonra, oktyabrın 16-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Döyüş yoldaşları bildirir ki, tabordan çox az adam sağ qalıb. Şahı yaralı yoldaşını çiyinlərində daşıyaraq xilas edib, sonra döyüşə qayıdıb və bir daha geri dönməyib. Onun nəşi dekabrın 1-də kəndinə gətirilib. Bu kənd Şahını yalnız torpağa tapşırmayıb - yaddaşına da əbədi yazıb.

“Dərs deyəndə həm müəllim, həm ata, həm də borclu bir vətəndaşam”

Şahının şəhidliyi Elman müəllimin həyatında böyük bir ağrı olsa da, o yenidən məktəbə dönərək işinə daha böyük məsuliyyətlə sarılıb. 

O deyir: “Şahı döyüşdə Vətəni qorudu, mən isə sinif otağında qorumağa çalışıram. Şagirdlərə yalnız idmanı yox, mərdliyi, insanlığı öyrədirəm”. 

Elman müəllimin pedaqoji fəaliyyəti ərzində əldə etdiyi uğurlar da az deyil. İllərdir məktəbin idman sahəsində qazandığı nailiyyətlərin arxasında onun zəhməti dayanır. Rayon birinciliklərində voleybol üzrə IV, III və II yerlər, “Şahin” hərbi-idman oyunlarında II yer, cüdo yarışlarında şagirdlərinin qazandığı nəticələr onun fədakarlığının göstəricisidir.

“Mənim üçün şagirdin qazandığı hər medal Şahının xatirəsinə verilmiş ən böyük hədiyyədir”, - deyə o əlavə edir.

Ömər – atasının əmanəti, məktəbin qəhrəman balası

Bu gün Şahının oğlu Ömər atasının oxuduğu məktəbdə məktəbəhazırlıq qrupunda ilk addımlarını atır. Müəllimlər deyir ki, Ömərin üzündə atasının cəsarəti, baxışlarında onun saflığı var. Məktəbdə hər kəs ona xüsusi qayğı göstərir, çünki Ömər təkcə şagird deyil, bir şəhid əmanətidir.

Bir ailənin həyatından ölkəyə yayılan işıq

Bu reportajı bitirərkən bir daha şahid olduq ki, vətənpərvərlik təkcə döyüş meydanında yazılmır. Bəzən bir müəllim sinif otağında, bir ata övlad böyüdərkən, bir uşaq isə atasının xatirəsini daşıyarkən yazır o tarixi.

Şəhid Şahı Məmmədli - Vətənin qüruru,
Müəllim Elman Məmmədov - o qüruru yaşadan ata,
Balaca Ömər - gələcəyin ümididir.

Bu ailənin hekayəsi yalnız Ucarın deyil, bütün Azərbaycanın şərəf tarixinə qızıl hərflərlə yazılıb. Və biz bu torpağın belə oğullarına və belə müəllimlərinə borcluyuq.