Mütaliə vərdişi itir? - Məktəb kitabxanalarından REPORTAJ
Oxuma vərdişinin formalaşması, diqqətin inkişafı, müstəqil düşünmə və analiz bacarığı kitabla başlanır. Araşdırmalar göstərir ki, kitabxanadan mütəmadi istifadə edən şagirdlərdə təfəkkür çevikliyi, yaradıcılıq və tənqidi baxış daha güclü olur. Kitab bizə həyatı, insanlığı, sevgini, səbir və müdrikliyi öyrədir. Hər bir kitab bizə yeni bir dünyanın qapılarını açır, düşüncə və təxəyyül aləmimizi genişləndirir, yeni ideyalar və üfüqlər qazandırır. Kitabxana məktəblilərdə mütaliəyə, kitaba marağı inkişaf etdirən, ədəbi-bədii zövqlər və maraqlar yaradan, tərbiyə edən, çap məhsulları ilə təmas yaradan mədəni dəyərlərin mühafizəsini təmin edən və nəsildən-nəsilə ötürən bir məkandır.
Bəs günümüzdə məktəb kitabxanalarının fəaliyyəti nə yerdədir? Şagirdlər kitaba meyil edirmi? Niyə şagirdlər bədii kitab oxumağa həvəsli deyil? Onlarda mütaliə vərdişlərini formalaşdırmaq, kitaba olan sevgini artırmaq üçün nə etmək lazımdır? “Azərbaycan müəllimi” bu suallara cavab tapmaq məqsədilə məktəb kitabxanaçıları və şagirdlərlə söhbət edib.
“Etiraf edim ki, indiki gənclik məni çox sevindirir”
Rəfiqə Əhədova Sumqayıt şəhər Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin kitabxana müdiridir. 21 illik fəaliyyət stajı olan Rəfiqə xanım bildirir ki, məktəbin kitabxanası 2015-ci ildə təmir olunub və kitablarla təmin olunub: “Ümumilikdə 31800 kitabımız var. Buraya dərslik fondu, bədii ədəbiyyat və müəllim vəsaitləri daxildir. Kitabxana məktəbin struktur bölməsidir. Şagirdlər tərəfindən keçilən fənlərin düzgün mənimsənilməsi, onların biliklərinin artırılması üçün kitabxananın rolu böyükdür. Uşaqları kitabxanaya cəlb etmək məqsədilə biz təşviqat aparırıq, sinif rəhbərləri, dil və ədəbiyyat müəllimləri və valideynlərlə sıx əlaqəmiz var. Bildiyimiz kimi, indi telefon, texnika əsridir və əvvəlki illərə nisbətən kitab oxuyan şagirdlərin sayında xeyli azalma var. Bununla belə məktəbimizin şagirdləri kitabxanadan mütəmadi istifadə edirlər”.
Kitabxanaçı qeyd edir ki, şagirdləri kitab seçməkdə düzgün istiqamətə yönəldənə qədər onlarla işləyir. Şagirdin götürdüyü kitab yaşına uyğun olmadıqda, onlara tövsiyələr verir, oxuya biləcəyi kitabları məsləhət görür, kitab seçimində kömək edir. Sonra artıq məktəblilər özləri kitab seçimi edirlər. Həmçinin oxunmuş kitab haqqında müzakirə aparılır, şagirdin rəyi soruşulur: “Kitabxanamız bədii ədəbiyyatla zəngindir. Görəndə ki, hər hansı sinifdə kitabxanadan istifadə etmirlər, siniflərə gedib təşviqat aparırıq, şagirdləri oxumağa cəlb edirik, ədəbiyyat dərsində keçdikləri yazıçı və şairlərin əsərlərini oxumağa çağırırıq. Bəzən elə olur ki, mən kitabları qucağıma yığıb yuxarı siniflərə paylayıram. İbtidai sinif şagirdləri, 5,6,7-ci siniflər kitabxanadan lazımınca istifadə edirlər, dəstə-dəstə gəlirlər. Deyirəm 5-5 gəlin, öhdəsindən gələ bilmirəm. Kitabı müddətdən tez oxuyub gətirirlər və başqa kitab istəyirlər. 8, 9, 10, 11-ci sinif şagirdləri, demək olar ki, bədii ədəbiyyat oxumur. Onlar bunu dərslərin çox olması, vaxt darlığı, imtahana hazırlıqla əlaqələndirirlər. Yenə də biz təşviq edirik, müəllimlərlə əməkdaşlıq edirik. Tətillərdə oxumaq üçün bir neçə kitab veririk ki, oxuyun, nitqiniz inkişaf etsin, dünya görüşünüz artsın. Şuramızın üzvü olan çoxlu şagirdimiz var. Onlar kitab oxumaqla yanaşı kitabxananın işlərində də bizə kömək edirlər. 10 minlərlə dərsliyimiz, ədəbiyyatımız gəlir. Şagirdlər yay uzunu da mənimlə burada işləyirlər - kitab möhürləyirik və s. Bu uşaqlar kitabxanaya gələndə böyük zövq alırlar. Burada da oturub oxuyurlar. Kitabxanamıza üzv olanlar oxumağa çox israrlıdırlar. Bu da, məncə, müsbət haldır. Çalışırıq ildən-ilə üzvlərimizin sayını artıraq”.
Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) Kitabxanaçılıq fakültəsini bitirdiyini deyən Rəfiqə xanım gənc məktəb kitabxanaçıları haqqında fikirlərini bizimlə bölüşür: “Mən sizə bir söz deyim, bizim "Azərbaycan kitabxanaçıları" qrupumuz var. İnanın, elə savadlı gənc kitabxanaçılarımız imtahan verib işləyirlər. Mən elə sevinirəm, bəlkə də onların bildiyini biz bilmirik. Hətta kollec bitirən kitabxanaçılar var ki, çox məlumatlıdırlar. Necə savadlı gənclərimiz var. Etiraf edim ki, indiki gənclik məni çox sevindirir”.
“Kitab oxuduqca yenə oxumaq istəyirsən...”
Nihad Kərimli 28 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir. Çox səlist nitqi var, bu səbəbdən də məktəb tədbirlərinin aparıcısı olur. Kitab oxumağı sevən məktəbli deyir: “Əsasən Azərbaycan ədəbiyyatını çox sevirəm, şair və yazıçılarımızı oxuyuram. Səməd Vurğunun, Mikayıl Müşfiqin, Cəlil Məmmədquluzadənin yaradıcılığına üstünlük verirəm, onlara tez-tez müraciət edirəm. Kitab seçimində kitabxana müdirimiz Rəfiqə müəllim, eləcə də ədəbiyyat, tarix müəllimlərimiz köməklik göstərir, tövsiyələr edirlər. Həftəsonları və tətil vaxtları kitab oxumaq imkanımız olur. Sinif yoldaşlarımızla gəlib kitablara baxırıq, onlar haqqında məlumat alırıq, seçim edirik, oxuduqdan sonra təhvil veririk, sonra isə oxuduğumuzu müzakirə edirik. Şagirdlərə tövsiyə edərdim ki, hər yaş kateqoriyası üzrə çox maraqlı kitablar mövcuddur, kitabxanalara müraciət edib, alıb oxusunlar. Kitab oxuduqca yenə oxumaq istəyirsən, özünü əsas qəhrəmanın yerində hiss edirsən”.
“Kitab oxuyarkən zövq alır, dincəlirəm”
Aişə Abdullayeva 28 mömrəli tam orta məktəbin 7-ci sinfində oxuyur. Mütəmadi şəkildə kitabxanaya gəldiyini bildirir: “Kitabxana bilik və oxu məkanıdır. Kitab oxumaq insanın biliyini, dünyagörüşünü artırır, şagird hər bir şey haqqında məlumatlı olur. Mən Azərbaycan ədəbiyyatı nümayəndələrinin kitablarına üstünlük verirəm, yazıçı və şairlərimizin, klassiklərin əsərlərini oxuyuram. Kitabxanaya tez-tez gəlirəm, lazım olan kitabları götürüb tez bir zamanda oxuyub bitirirəm. Kitab oxuyarkən zövq alıram, dincəlirəm. Mütaliə edəndə müxtəlif situasiyalarla qarşılaşan zaman məndə ona qarşı bir fikir formalaşır”.
“Məktəblilər daha çox detektiv, fantastik janrlara üstünlük verirlər”
Rəhimə Həsənova 37 ildir ki, Sumqayıt şəhər 36 nömrəli məktəbin kitabxana müdiri olaraq fəaliyyət göstərir. Bildirir ki, əvvəlki illərlə müqayisədə kitabxanaya müraciət edən şagirdlərin sayında xeyli azalma müşahidə olunur: “İllər əvvəl oxuyanların say çoxluğundan şagirdlərə kitab, vaxt çatdıra bilmirdik. Hazırda isə şagirdləri bədii ədəbiyyat oxumağa məcbur edə bilmirik. Onlar dərslərinin çox olması, proqramın çətinliyi kimi səbəblər gətirirlər. Ancaq bununla belə oxumağa maraq göstərən şagirdlərimiz də az deyil. Hansı sinifdən şagird gəlsə, onları istədikləri kitabla təmin edirik, əsərlər tövsiyə edirik”.
Rəhimə xanımın sözlərinə görə, kitabxanaya mütəmadi müraciət edənlər 2-dən 5-ci sinfə qədər şagirdlərdir. Yuxarı siniflərdən 6-7 nəfər şagird müraciət edir, onlar da adətən əlaçı şagirdlər olur. “Məktəblilər daha çox detektiv, fantastik janrlara üstünlük verirlər. Ən çox oxunan Herbert Uelsin “Görünməz adam”, Viktor Hüqonun “Səfillər”, Artur Konan Doylun “İtmiş dünya”, “Şerlok Holmsun macəraları” kitablarıdır. Məktəblilər kitab oxumağa maraq göstərəndə çox sevinirik. Həmin şagirdlər bizim sevimlimizə çevrilirlər. Hərdən olur ki, onlar istədiyi kitab kitabxanamızda olmur. Kitab mağazasından alıb gətirib verirəm ki, oxusunlar, onlarda bu həvəsi daha da alovlandırmağa çalışıram. Uşaqları kitabxanaya cəlb etmək məqsədilə təşviqat aparırıq, sinif rəhbərləri, müəllimlərlə birgə çalışırıq. Ancaq yenə hamısını məcbur edə bilmirik. Bəzən valideynlər də proqramın çətinliyindən, çantaların ağırlığından, dərslərin çoxluğundan şikayətlənir, uşaqların əlavə kitab oxumağa vaxtının olmadığını deyirlər. Mən kitabxanaya marağın azalmasının əsas səbəbini telefonlarda, internetdən istifadədə görürəm. Artıq azyaşlı uşaqların belə əlində oyuncaq əvəzi ancaq telefonlar görürük. Bir kitabxanaçı olaraq məktəblilərdə mütaliəyə, kitaba marağın artırılması məqsədilə xüsusən tətillərdə, yay dövründə uşaqların kitablardan yararlanması, onların mütaliəsini təşkil etmək üçün müəllimlərlə danışırıq, şagirdlərə bədii kitablar veririk və sonradan oxuduqları haqqında rəylərini öyrənirik”.
Kitabxanada qarşılaşdığımız şagirdlərin davranışları, səlis danışıqları mütaliəyə böyük həvəslərindən xəbər verir.
Nuray Əjdərova 36 nömrəli tam orta məktəbin 3-cü sinfində oxuyur. Şagird daha çox Azərbaycanın xalq nağıllarını sevdiyini qeyd edir: “Müəllimimiz hər zaman bizə kitab oxumağı tövsiyə edir. Sinfə maraqlı, şəkilli kitablar gətirir. Mən tənəffüs zamanı həmin kitabları oxuyub bitirirəm. İndi özüm kitabxanaya gəlirəm, kitab seçirəm və boş vaxtlarımda oxuyuram”.
Uğur Məcidzadə 36 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdidir: “Macəralı kitabları oxumağa üstünlük verirəm. Sevimli kitabım “Tarzan”dır. “Tarzan” bu il kitabxanadan aldığım birinci kitab idi, oxuyanda zövq aldım. Müəllif Edqar Rays Berrouz kitabı çox gözəl yazıb. Kitabxanadan sonuncu aldığım “Gizli şahid” kitabı olub və o da çox maraqlı idi. Detektivləri sevirəm, oxuduqca hadisələrin ardıcıllığını maraqla gözləyirəm. Nitq qabiliyyəti, söz ehtiyyatı artsın deyə şagird çoxlu kitab oxumalıdır. Uşaqlar telefona baxdıqları hər bir dəqiqəni kitabla keçirsələr daha faydalı olar”.
Nailə Məcidzadə Uğurun bacısıdır və qardaşı kimi mütaliəyə böyük maraq göstərir. O, 9-cu sinifdə oxuyur. Bildirir ki, ibtidai sinifdən kitabxananın üzvüdür və indiyə qədər çox sayda bədii kitab oxuyub: “Ən çox sevdiyim janr fantastikadır. Son oxuduğum kitab Tomas Mayn Ridin “Başsız atlı” romanıdır. Detektiv əsərlər də oxuyuram. Dünya ədəbiyyatına çox müraciət edirəm. Məktəbi bitirdikdən sonra hüquqşünas olmaq istəyirəm, bu da oxuduğum kitabların təsirindən irəli gəlir”.



