Laçın məktəbinin ilk məzunları 40 ildən sonra sinif otağına qayıtdı – Reportaj

2 İyun, 2026 - 14:13
Laçın məktəbinin ilk məzunları 40 ildən sonra sinif otağına qayıtdı

Laçın şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbi... 40 ildən sonra yenidən "şagird" olan məzunların həyəcan dolu səsləri, kövrəlmiş insanlar... 

Fəaliyyətə başlamasının 50-ci ilini qeyd edən Laçın məktəbi ilk məzunlarını qarşılayıb onları yenidən sinif otağında parta arxasında əyləşdirir. Hazırda fərqli sahələrdə çalışan, özünü təsdiqləmiş məzunlar olsalar da, sinif otağındakı "dəcəllik"lərindən qalmırlar. 

"Azərbaycan müəllimi" illər sonra məzunluq hissini yenidən azad edilmiş Laçında yaşayan “şagirdlər”dən hazırladığı reportajı təqdim edir. 

Ağ-qara geyinmiş yaşlı məzunlar dərin nəfəs alıb sinif otağına tələsirlər. Aralarında yoldaşlıq əlaqələrini saxlayanlar, "bir gün mütləq Laçına, məktəbimizə qayıdacağıq demişdim", - deyənlər var. Həsrətin acısı yerini şirin xatirələrə verib. 

"Sakitcə müəllimi gözləyirlər" cümləsini bu sinifdəki şagirdlərə bu anda aid etmək doğru olmaz. Çünki sinif otağında dönüb yoldaşları ilə söhbət edən, "niyə gələ bilmədi?" deyə heyifsilənən məzunların sədası yüksəlmişdi. 

Heç söhbətlərinin bitməsini istəmirlər. O qədər tələsə-tələsə danışırlar ki, bir mövzu bitməmiş digəri başlayır.

Amma Kifayət Sadıqova onların mövzularını yarımçıq qoyur. 

- Salam, uşaqlar. 
- Salam, müəllim. 
- Əvvəl davamiyyəti yoxlayaq.
- Ədalət Verdiyev?
- Burada.
- Afət Quliyeva?
- Bu gün dərsdə deyil.
- Arzu Əliyeva?
- Burada.
- Azər Əliyev?
- Burada.

Yerdən danışan şagirdlərdən biri "ayağa durmadan burada desəniz kifayət edir", - deyə məsləhət verir. 
Kifayət müəllimin cavabı özünü gözlətmir - "yerdən danışmayın".

- Aidə Əhmədova? 
- Burada.
- Nazim Əhmədov? 
- Üzrlüdür. İştirak edə bilməyəcək.

Və belə-belə  jurnaldakı adlar və soyadlar sıralanır. Sıralanan təkcə adlar deyil axı. 40 il əvvəlin 16-17 yaşlı gənc oğlan və qızlarının gülüşləri, səsləri, xatirələrdir.

"Bəs mənim adım?”, “Mən qaldım", - deyən məzunlar parta arxasında yenidən şagird olmanın verdiyi həyəcanı yaşayırlar.
 
- Vüqar Nəsibov?
- Dərsdən qaçıb.

Yerdən gələn səslərin içərisində "müəllim gecikənlər deyir, qayıb yazılmasın, gəlirik, çatırıq" ifadələri ən çox işlənənlərdən idi. 

Davamiyyət yoxlanır, bu gün bu sıralarda əyləşə bilməyən, dünyasını dəyişmiş yoldaşları ehtiramla yad edilir. 

40 il sonra Kifayət müəllim uşaqlara dərsin mövzusunu danışır. 

"Əziz uşaqlar, bu gün məktəbdən ayrıldığınızın 40 ili tamam olur . Bu müddət ərzində doğma yurdun  həsrətini çəkdiyimiz vaxtlar oldu, məcburi köçkün adı altında yaşadıq. Ancaq həsrət sona yetdi. Xəyallarımı, arzularımız gerçək oldu. İndi isə sizi dinləmək istəyirəm, dəyərli şagirdlərim. Birinci sıradan başlayaraq fikirlərinizi söyləyə bilərsiniz. 

Bir-bir ürək sözləri söylənilir. Ancaq onlar sıranı gözləmək istəmirlər. 

"Bizim sinfimiz hər zaman birinci olub. Növbəti illərdə yenə görüşümüzü təkrarlayaq, Laçında Laçınlı günlərimizi doya-doya yaşayaq".

Səslər bir -birinə qarışır. Müəllimin qələmi stola döyəclənir. Xatirələr sinif otağında qanad açıb sanki. Bu səslərin arasında müəllim "dərsə qulaq asmağa icazə vermirlər",- deyənlər, xarici ölkədən minlərlə kilometr qət edib gələnlər də var. 

Arada Kifayət müəllim onlara qoşulur, fikirlərini deyir. 

"Əslində, kədərli bir gün oldu. 40 il əvvəlki şagirdlərimi gördüm. Azərbaycan dili və ədəbiyyat müəllimi olmuşam. Bu sinif daim fərqlənib. Məcburi köçkün dövründə onları heç Bakıda da görə bilməmişdim. Bu gün həmin şagirdlər yenidən "müəllim" deyərək məni qarşıladı. Yenidən o gənclik illərimə, Laçına döndüm. Həmin sinif, həmin uşaqlar.

Bilirdim, inanırdım ki, zaman gələcək biz Laçında yenidən görüşəcəyik. Bu gün yenidən öz torpağımızdayıq. Bu məktəb mənim gəncliyimdir. Şagirdlərimizdən biri Aqşin Məmmədov Ulu Öndər Heydər Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. (Daxili işlər orqanında xidmət edib). Aqşin 2 il öncə Laçına köç edən sakinlər sırasında olub. O, ilk evini yox, məhz təhsil aldığı məktəbi ziyarət edib”.

Vüqar Nəsibov, Aybəniz Sadıqova da bu günün həyəcanlı məzunlarındandır. Toplaşmaqlarının sevincini, xatirələrini bölüşürlər. 

Hər deyilən fikrə rəy deyən şagirdlər var və bu da gülüş doğurur, bu gülüşlər otağın divarlarına hopur. İndi bu parta sıralarında oturanlar valideyn, nənə-baba yox, məhz 10-culardır. 40 il əvvəlki 10-cular. Onların xatirələri çoxdur, istər şagird dövründən, istərsə də indi. 

Bu yaşlı “şagirdlər” üçün lazımi dəstəyi göstərən məktəbin əməkdaşları da bizimlə həmsöhbət olur. 
Məktəbin direktoru Şəbnəm Uğurlu özü də bu məktəbdə 1-ci sinfə gedə bilməyib. İndi isə azad olunmuş, şagird həyatını yaşaya bilmədiyi məktəbdə fəaliyyət göstərir. 

"Məktəbimiz 1976-cı ilin sentyabrından fəaliyyətə başlayıb. Bu gün yığışan məzunlarımız məhz məktəbin ilk məzunlarıdır. 22 nəfər məzun buraxılışlarının 40 illiyini burada qeyd edir və bu onların təhsilə, məktəbə, müəllimə verdiyi dəyərin nümunəsidir. Gələcəkdə neçə-neçə 40 illiklərin, yubileylərin doğma torpaqda keçiriləməsini arzulayıram".

Laçın məktəbinin ilk məzunları 40 ildən sonra sinif otağına qayıtdı
Laçın məktəbinin ilk məzunları 40 ildən sonra sinif otağına qayıtdı
Laçın məktəbinin ilk məzunları 40 ildən sonra sinif otağına qayıtdı
Laçın məktəbinin ilk məzunları 40 ildən sonra sinif otağına qayıtdı
Laçın məktəbinin ilk məzunları 40 ildən sonra sinif otağına qayıtdı
Laçın məktəbinin ilk məzunları 40 ildən sonra sinif otağına qayıtdı
Laçın məktəbinin ilk məzunları 40 ildən sonra sinif otağına qayıtdı
Laçın məktəbinin ilk məzunları 40 ildən sonra sinif otağına qayıtdı
Laçın məktəbinin ilk məzunları 40 ildən sonra sinif otağına qayıtdı
Laçın məktəbinin ilk məzunları 40 ildən sonra sinif otağına qayıtdı
Laçın məktəbinin ilk məzunları 40 ildən sonra sinif otağına qayıtdı