Cəbrayıla məktəb zəngi ilə qayıdan həyat – REPORTAJ

4 Oktyabr, 2026 - 10:24
Cəbrayıla məktəb zəngi ilə qayıdan həyat

Bir vaxtlar həsrətin, nisgilin adı ilə çəkilən Cəbrayılda bu gün məktəb zənginin səsi çalınır. Bu səs 27 illik ayrılığın susqunluğunu yarıb, azad torpaqlarda yeni həyatın başladığını xəbər verir. 

4 oktyabr 2020-ci il Cəbrayılın tarixində yeni bir dövrün başlanğıcı oldu. Vətən müharibəsinin 8-ci günündə şəhərin azadlığı ilə 27 illik həsrətə son qoyuldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur. 

Artıq bu tarix Cəbrayılın azadlıq salnaməsini yaşadan, keçmişdən gələcəyə uzanan yolun rəmzinə çevrilib. Bu gün azad Cəbrayıl Böyük Qayıdışın yeni səhifələrini yazır. Şəhər və kəndlərdə salınan yaşayış məhəllələri, qurulan infrastruktur, fəaliyyətə başlayan məktəblər bu qayıdışın real mənzərəsini yaradır. Ən böyük dəyişiklik isə illər sonra yenidən bu torpaqlarda eşidilən uşaq səsləridir.

Cəbrayılda fəaliyyətə başlayan təhsil müəssisələri də bu qayıdışın real nümunələridir. Belə ki, Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində hazırda 383 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 28 müəllim məşğul olur. Həmçinin Horovlu kənd tam orta ümumtəhsil məktəbində 116 şagird, 31 müəllim, Cocuqmərcanlı kənd tam orta ümumtəhsil məktəbində 112 şagird və  21 müəllim tədris prosesinə cəlb olunub. 

Bu mənzərənin ən yeni növbəti ünvanlarından biri də Şükürbəyli kənd tam orta ümumtəhsil məktəbidir. Sentyabrın 15-də ilk dəfə fəaliyyətə başlayan məktəbdə bu gün 173 şagirdin təlim-tərbiyəsi ilə 12 müəllim məşğul olur.

“Azərbaycan müəllimi” Cəbrayıl Şəhəri Günündə Şükürbəyli kənd tam orta ümumtəhsil məktəbindən hazırlanan reportajı oxuculara təqdim edir. 

“Yarımçıq qalan arzular gerçəkləşir”

Bayrağımızla bəzədilən Şükürbəyli məktəbi təmiz və səliqəli görünüşü ilə diqqət çəkir. Məktəbin həyətində və dəhlizlərində yeni həyatın izləri hiss olunur. Kənd sakinləri övladlarının təhsil aldığı bu məktəbə qürur hissi ilə baxırlar. Bu bina onlar üçün sadəcə təhsil ocağı deyil, həm də illərin xatirələrini, yarımçıq qalan arzuları və yenidən doğulan ümidləri özündə birləşdirən doğma məkandır.

O illərdə bəlkə də kiminin şagird həyatı, kiminin məzunluğu, kiminin isə oxumaq arzusu yarımçıq qaldı. İndi isə məktəbin qapıları uşaqların üzünə açılıb. Dəhlizlərdə şagird səsləri eşidilir, sinif otaqlarında dərslər keçirilir. Bir zamanlar yarımçıq qalan həyat burada yenidən davam edir.

Binaya daxil oluruq. Məktəbin ikinci sinif şagirdlərinin sinif otağının qapısı açıqdır. İçəri girməzdən əvvəl balacaların dərsi necə maraqla dinlədiklərini müşahidə edirik. Onların gözlərində öyrənmək həvəsi, yeni biliklərə maraq və məktəb mühitinə olan sevinc aydın hiss olunur.

Öyrənirik ki, bu fidan balalar ingilis dili dərsindədirlər. Müəllim Zərifə Məmmədova şagirdlərə ətraf aləmlə tanışlıq məqsədilə müxtəlif suallar verir, onların biliklərini möhkəmləndirməyə və dərs prosesində fəal iştirak etmələrinə çalışır. 

Zərifə Məmmədova 1968-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. Orta təhsilini elə Şükürbəyli kənd tam orta məktəbində alıb. 1987-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. Ömrünün 33 ildən artıq bir dövrünü müəllimlik fəaliyyətinə həsr edən Zərifə müəllim bu gün də böyük həvəs və sevgi ilə şagirdlərinə dərs deyir.

Bizimlə söhbətində Zərifə müəllim peşəsinə olan sevgisindən, şagirdlərlə iş prosesindən və Qarabağa köçürülən uşaqların yeni məktəb mühitinə uyğunlaşmasından danışır. O qeyd edir ki, hər bir uşağın yeni mühitə adaptasiya prosesi fərqli şəkildə gedir: “Qarabağa gələn uşaqların yeni mühitə adaptasiyasının hər uşaqda fərqli şəkildə getdiyini düşünürəm. Bəzi uşaqlar yeni məktəbə və kollektivə tez uyğunlaşır, bəzilərinə isə daha çox zaman və dəstək lazım olur. Müəllim olaraq ilk növbədə uşaqların özlərini təhlükəsiz, rahat hiss etmələrinə nail olmağa çalışırıq. Onlara səbirlə, anlayışla və fərdi yanaşırıq. Uşaqları bir-biri ilə müqayisə etmir və onların yeni mühitə uyğunlaşması üçün vaxt veririk.

Bir müəllim kimi qrup işləri, birgə fəaliyyətlər və müxtəlif oyunlar vasitəsilə onların bir-biri ilə daha rahat ünsiyyət qurmasına şərait yaradıram. Bu üsullar uşaqların həm bir-birini daha yaxından tanımasına, həm də kollektivə daha asan uyğunlaşmasına kömək edir”.

“Tələsirəm ki, səhər  açılsın məktəbə gedim” 

Söhbətimizi  müəllim Vüsal Dünyamalıyevlə davam edirik. O da Şükürbəyli kəndində doğulub. İşğalın gətirdiyi acı həyat ondan da yan keçməyib. Orta təhsilini bir neçə fərqli məktəbdə alıb. 23 ildir müəllim kimi fəaliyyət göstərən müsahibimiz əvvəllər Bakı şəhəri Fəxrəddin Nəcəfov adına 266 nömrəli tam orta ümumtəhsil məktəbində çalışıb. 

Vüsal müəllim Şükürbəyli məktəbində fəaliyyətə başlamasını həyatının ən unudulmaz hadisələrindən biri hesab edir. O, bu qayıdışı təkcə peşə fəaliyyətinin yeni mərhələsi kimi deyil, həm də illər sonra doğma yurda, doğma məktəbə və uşaqlıq xatirələrinə qayıdış kimi dəyərləndirir: “Uşaqlığımı, gəncliyimi yaşaya bilmədiyim Şükürbəyliyə bu gün yenidən həyat qayıdır. Burada dirçəliş, inkişaf sürətlənir. Tələsirəm ki, səhər açılsın, məktəbə gedim. Bu tələsmə bəlkə də illərin yığılan həsrətidir, itirilən anlardır. İndi hər bir anımı doya-doya yaşamaq istəyirəm”.

Peşəkar müəllim Şükürbəyli məktəbində təhsil alan şagirdlərin potensialından da böyük qürurla danışır. Onun sözlərinə görə, məktəbin şagirdləri kifayət qədər bacarıqlı və yüksək intellektual səviyyəyə malikdirlər. Onların arasında respublika fənn olimpiadalarının final mərhələsinə qədər yüksələn şagirdlərin olması məktəbin təhsil potensialının mühüm göstəricilərindəndir: “Şagirdlərimiz çox bilikli və istedadlıdırlar. Respublika fənn olimpiadalarının  finalına qədər gedib çatmış şagirdlərimiz var. İndi biz çalışacağıq ki, onların uğurları daha çox olsun. Biz təhsil ənənələrini yenidən dirçəltmək və davam etdirmək üçün əlimizdən gələni edəcəyik”.

Vüsal müəllim üçün yeni məktəbin  fəaliyyətə başlaması həm də Şükürbəyli kəndinin dirçəlişinin mühüm tərkib hissəsidir. Onun fikrincə, məktəbin inkişafı, şagirdlərin uğurları və təhsil ənənələrinin bərpası kəndin gələcəyinə olan inamı daha da gücləndirir. Məqsəd mövcud təhsil ənənələrini yaşatmaqla yanaşı, yeni uğurlara imza atmaq, şagirdlərin bilik və bacarıqlarını daha da inkişaf etdirməkdir.

“Doğma yurdum Cəbrayılda təhsilimi davam etdirmək qürurvericidir”

Məktəbin VIII sinfində oxuyan Fatimə Əhmədova Bakıda doğulub. Deyir ki, buraya tez öyrəşib. Əvvəllər İsgəndər Tahirov adına Mehdili kənd tam orta məktəbində təhsil alan şagird hazırda Cəbrayıl rayonu Şükürbəyli kənd tam orta məktəbində təhsilini davam etdirir: “Yaşadığım mühitdən, tanıdığım insanlardan ayrılmaq nə qədər çətin olsa da, doğma yurdum Cəbrayılda təhsilimi davam etdirmək bir o qədər də qürurvericidir. Burada yeni müəllimlərimiz bizə çox yaxşı münasibət göstərirlər, təlim-tərbiyəmiz ilə məşğul olurlar. Coğrafiya və tarix fənlərini sevirəm. Gələcəkdə hüquqşünas olmaq və sonradan təhsilimi xarici ölkələrdən birində davam etdirmək istəyirəm. Ali təhsilimi bitirdikdən sonra öz doğma yurduma qayıdaraq burada iş fəaliyyətimi davam etdirəcəyəm”.