Bir müəllimin uğuru, yüzlərlə şagirdin gələcəyi – Müsahibə
Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Müəllim təkcə tədris edən şəxs deyil, həm də şagirdin düşüncəsini inkişaf etdirən, onları tənqidi və analitik düşünməyə təşviq edən mentor, cəmiyyət üçün aparıcı qüvvədir. Bu gün təhsil sistemində şagird mərkəzli yanaşmanın əsas məqsədi də məhz əzbərçiliyi aradan qaldırmaq, müəllimi biliyi diktə edən deyil, öyrənmə prosesini asanlaşdıran bir bələdçiyə çevirməkdir.
“Azərbaycan müəllimi”nin növbəti müsahibi Şamaxı Avropa Liseyində riyaziyyat və STEAM fənlərini tədris edən Aygün İsmayılova məhz belə pedaqoqlardan biridir. Söhbətimiz əsnasında onun müəllimlik yolundan, uğurlarından, pedaqoji fəaliyyətindən və gələcək hədəflərindən bəhs etdik.
“Riyaziyyat həyatın məntiqi, nizamı və gizli memarlığıdır”
Gənc olmasına baxmayaraq, 13 illik müəllimlik fəaliyyəti dövründə Aygün müəllim bir çox uğurlara nail olub. Dövlətimizin müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması və stimullaşdırılması məqsədilə keçirdiyi bütün qiymətləndirmələrdə fəal iştirak edən A.İsmayılova öz üzərində çalışaraq, bacarıqlarını artıraraq yüksək nəticələr göstərib: “Fasiləsiz inkişaf mənim fəaliyyətimin əsas prinsipidir. Müəllim gərək hər zaman öyrənməyə davam etsin ki, şagirdlərinə də müasir bilikləri ötürə bilsin. Buna görə həm riyaziyyat, həm də STEAM istiqaməti üzrə keçirilən dövlət statuslu metodiki təlimlərdə, kurikulum kurslarında və innovativ təhsil proqramlarında mütəmadi olaraq iştirak edirəm”.
MİQ imtahanında 39.8 bal, diaqnostik qiymətləndirmədə 40 bal, sertifikasiya imtahanında isə 54 bal toplayan müəllim digər uğurları barədə məlumat verir: "Bu illər ərzində pedaqoji təcrübəmi zənginləşdirərək gənc nəslin yetişdirilməsi və regionumuzda təhsilin inkişafı üçün çalışmışam. Pedaqoji fəaliyyətim dövründə ən böyük uğurum şagirdlərimin elmə olan sevgisi və onların qazandığı nailiyyətlərdir. Şagirdlərimlə əldə etdiyimiz uğurların bir qismini sizinlə bölüşmək istəyirəm. 2021-ci ildə keçirilən ilk STEAM Azərbaycan Festivalında mentoru olduğum komanda ilə “Lego Sumo” kateqoriyası üzrə 3-cü, SAF 2022 - Beynəlxalq STEAM Azərbaycan Festivalında 2-ci yerə layiq görülərək gümüş medal əldə etmişik. 2023-cü il “FIRST Lego League Challenge” yarışında 4-cü, SAF 2023-də 3-cü, 2024-cü il Elm və Təhsil Nazirliyinin dəstəyi, Bakı Uşaq və Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən “Gələcəyin mühəndisi” V Respublika müsabiqəsində 2-ci, SAF 2024-də 6-cı, SAF 2025-də 4-cü yerin və “Ən yaxşı mühəndislik işi” kubokunun sahibi, 2026-cı ildə “FIRST Lego League Challenge” yarışında 3-cü yerin sahibi olmuşuq. 2026-cı ildə rəhbərlik etdiyim şagird layihələri ilə çox ciddi uğurlara imza atmışıq. Xüsusilə, ölkəmizin ən nüfuzlu elm yarışmalarından olan "Sabahın alimləri" respublika müsabiqəsində layihəmizlə finala vəsiqə qazanaraq respublika üzrə II yerə layiq görüldük və gümüş medal qazandıq. Bu, həm mənim bir müəllim olaraq, həm də liseymizin adını ucaldan böyük bir uğurdur. 2026-cı ildə “Mənim irsim danışır” respublika müsabiqəsində 3-cü yerə layiq görüldük. 2025-ci ilin mart ayından qoşulduğum və 2026-cı ilin aprel ayında bitən beynəlxalq HP IDEA proqramı təlimindən məzun olaraq sertifikatla mükafatlandırıldım”.
Müəllimlik peşəsini seçməyinin əsas səbəbi haqqında bəhs edən pedaqoq qeyd edir ki, riyaziyyat sadəcə rəqəmlər toplumu deyil, həyatın özünün məntiqi, nizamı və gizli memarlığıdır. Aygün müəllim uşaqlıqdan hadisələr arasındakı qanunauyğunluqları tapmaq, dünyanı analitik şəkildə dərk etmək marağının onu bu fənnə bağladığını diqqətə çatdırır: “Riyaziyyat insana düzgün və rasional düşünməyi, problemlərin qarşısında aciz qalmamağı öyrədir. Bu elmin gözəlliyini uşaqlara aşılamaq və onlara çətin görünən tapşırıqları həll etməyin sevincini yaşatmaq məni bu peşəyə bağlayan ən böyük qüvvədir”.
Şagirdlərinin riyaziyyat fənninə marağı, bu fənni qavraması haqqında məlumat verən pedaqoq bildirir ki, müasir dövrdə şagirdlərin riyaziyyatı quru nəzəriyyə və düsturlar kimi görməməsi üçün dərslərini tamamilə fərqli metodlarla qurur. “Riyaziyyatı real həyat nümunələri ilə, əyani və praktik üsullarla əlaqələndirəndə uşaqların qavraması və marağı kəskin şəkildə artır. Fənni sevdirməyin əsas sirri hər bir şagirdin fərdi öyrənmə tempinə hörmətlə yanaşmaq, səhv etməyin qorxulu olmadığını onlara hiss etdirmək və dərsi maraqlı bir kəşf prosesinə çevirməkdir”, - A.İsmayılova deyir.
“İnternet əsrində artıq paytaxtla regionlar arasında metodiki təminat və informasiya fərqi minimuma enib”
Fəaliyyət göstərdiyi təhsil müəssisəsi haqqında danışan müəllim diqqətə çatdırır ki, Şamaxı regional təhsil mərkəzlərindən biri kimi Şamaxı Avropa Liseyi çox fəaldır və uğurları ilə seçilir: “Rayon məktəblərimizdə çox savadlı, fədakar və müasir təhsil metodlarına açıq bir müəllim heyəti var. Hazırda regionlarda çalışan müəllimlər özlərini inkişaf etdirmək üçün rəqəmsal resurslardan, onlayn platformalardan, Təhsil İnstitutunun təşkil etdiyi vebinarlardan və regional seminarlardan çox fəal şəkildə yararlanırlar. İnternet əsrində artıq paytaxtla regionlar arasında metodiki təminat və informasiya fərqi minimuma enib. İnternat tipli Şamaxı Avropa Liseyi müasir infrastruktura və güclü maddi-texniki bazaya malik bir təhsil ocağıdır. Şagirdlərimizin potensialını ortaya çıxarmaq üçün məktəbimizdə gözəl şərait formalaşdırılıb. Gələcəkdə region məktəblərində praktiki laboratoriyaların, rəqəmsal tətbiq sahələrinin və xüsusilə uşaqların fərdi STEAM layihələri, robototexnika üzərində sərbəst işləyə biləcəyi STEAM mərkəzinin yaradılmasını ürəkdən arzu edirik”.
Aygün İsmayılovanın sözlərinə görə, uğurlu təhsilin təməlində müəllim-şagird-valideyn üçbucağının sağlam əməkdaşlığı dayanır: “Liseyimizdə valideynlərlə çox şəffaf və hörmətə əsaslanan ünsiyyət platformamız var. Tədris prosesinə neqativ və ya əsassız müdaxilələrlə deyil, daha çox konstruktiv əməkdaşlıqla qarşılaşırıq. Hər hansı bir anlaşılmazlıq və ya fərqli yanaşma olduqda isə, valideynlərlə fərdi görüşlər keçirir, məsələni tamamilə şagirdin inkişaf dinamikası və pedaqoji prinsiplər çərçivəsində, qarşılıqlı dialoq yolu ilə həll edirik. Müəllimlik ilk növbədə böyük bir səbir sənətidir. Əlbəttə, dərs prosesində şagirdlərin diqqətsizliyi və ya nizam-intizam qaydalarını pozması kimi hallarla qarşılaşırıq. Lakin mən belə vəziyyətlərdə emosional reaksiya vermək və ya qəzəblənmək əvəzinə, dərhal təmkin nümayiş etdirirəm. Çünki müəllimin sərtliyi yox, onun ədalətli, təmkinli yanaşması və sakit səs tonu hər hansı bir gərginliyi dərhal yatırır və uşaqda səhvini anlamaq hissi formalaşdırır”.
"Riyaziyyat analitik düşünməyi öyrədirsə, STEAM bu düşüncəni konkret layihəyə, ixtiralara və robototexnikaya çevirir"
Riyaziyyat dərsliklərinə münasibət bildirərək Aygün müəllim deyir ki, müasir dərsliklər vizual cəhətdən çox zəngindir və yenilikçidir. “Təklif edərdim ki, riyaziyyat dərsliklərində sırf nəzəri və abstrakt mövzulardan daha çox, şagirdlərin məntiqi, tənqidi təfəkkürünü və mühəndislik düşüncəsini stimullaşdıracaq, gündəlik həyat senarilərinə əsaslanan tapşırıqlara və fənlərarası (xüsusilə STEAM prinsiplərinə uyğun) inteqrasiyaya daha geniş yer verilsin”.
STEAM fənnini tədris etməyə necə başlaması haqqında ünvanladığımız suala Aygün İsmayılova belə cavab verir: “STEAM təhsilinə marağım dərslərimdə fənlərarası vəhdəti təmin etmək və şagirdlərin yaradıcı potensialını tam ortaya çıxarmaq istəyindən yarandı. Riyaziyyatın o fundamental gücünü real həyata, texnologiyaya və mühəndisliyə daşımaq üçün bu sahəyə yönəldim. Çünki riyaziyyat analitik düşünməyi öyrədirsə, STEAM bu düşüncəni konkret layihəyə, ixtiralara və robototexnikaya çevirir. Liseyimizdə şagirdlərin STEAM-a marağı inanılmaz dərəcədə yüksəkdir. Uşaqlar ekoloji və mühəndislik problemlərinə innovativ həllər tapmaq üçün böyük həvəslə çalışırlar. Bu yanaşmanın ən parlaq nəticəsi olaraq, rəhbərlik etdiyim şagird layihəsi ilə "Sabahın alimləri" respublika müsabiqəsində gümüş medala və respublika ikinciliyinə layiq görüldük. Bu uğur STEAM təhsilinin region gəncləri üçün necə böyük üfüqlər açdığının ən bariz sübutudur”.
Hər bir şagirdin fərdi qabiliyyətlərini üzə çıxarmağı və onları düzgün istiqamətlərə doğru yönləndirməyi bacaran gənc və uğurlu pedaqoq gələcək hədəflərini “Azərbaycan müəllimi” ilə bölüşür: “Ən böyük arzum – yetişdirdiyim şagirdlərin gələcəkdə Azərbaycan elmini, texnologiyasını və mühəndisliyini dünya səviyyəsində layiqincə təmsil edə biləcək rəqabətədavamlı kadrlar olaraq formalaşmasıdır. Şagirdlərimlə birgə yeni respublika və beynəlxalq səviyyəli innovativ layihələrə imza atmaq, ölkəmizin adını ucaltmaq üçün fəaliyyətimi daha da gücləndirmək əsas hədəfimdir”.




