Birgə zəhmət, ortaq uğur: İmtahanda yüksək nəticə göstərən Qubadovlar ailəsi

29 İyun, 2026 - 12:03
Birgə zəhmət, ortaq uğur: İmtahanda yüksək nəticə göstərən Qubadovlar ailəsi

Lənkəran-Astara regionunda keçirilən sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərən müəllimlər arasında Cəlilabad rayonunun müəllim ailəsi – Şükürlü kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Nahidə Qubadova və Cəlilabad şəhər Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayev adına 2 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Nicat Qubadov da yer alırlar. Nahidə müəllim sertifikatlaşdırma imtahanında 54, Nicat müəllim isə 53 bal toplayıb. Hər iki müəllim qazandıqları uğurun sevincini “Azərbaycan müəllimi” ilə bölüşərək peşə fəaliyyətləri, sertifikatlaşdırma təcrübələri və ailədaxili dəstəyin uğurlarındakı rolu barədə danışıb.

Nahidə Qubadova bildirib ki, müəllimlik fəaliyyətində hər bir şagirdə fərdi yanaşmağa, onların yaş və psixoloji xüsusiyyətlərini nəzərə almağa, eyni zamanda davamlı özünüinkişaf və peşəkarlığa xüsusi önəm verir. Sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etməsini böyük sevinc hissi ilə qarşıladığını deyən müəllim qeyd edib ki, bu duyğuları bütün həmkarlarının yaşamasını arzulayır.

İbtidai məktəbi təhsilin təməli olduğunu vurğulayan Nahidə müəllim hesab edir ki, şagirdin gələcək uğurları məhz bu mərhələdə qoyulan möhkəm bünövrədən asılıdır. Onun sözlərinə görə, ailədə qarşılıqlı hörmət, anlayış və əmək bölgüsü sayəsində həm ailə həyatını, həm də peşə fəaliyyətini tarazlaşdırmaq mümkün olub.

Gənc müəllimlərə müraciət edən Nahidə Qubadova sertifikatlaşdırmanı yalnız imtahan kimi deyil, peşəkar inkişaf üçün bir fürsət kimi dəyərləndirməyi tövsiyə edib.

Səkkiz illik pedaqoji fəaliyyətə malik olan fiziki tərbiyə müəllimi Nicat Qubadov isə müəllimlik yoluna idmana olan sevgisinin gətirdiyini bildirib. Onun sözlərinə görə, idman yalnız fiziki hazırlıq deyil, həm də iradə, intizam və komanda ruhu formalaşdıran mühüm vasitədir.

Sertifikatlaşdırma imtahanında əldə etdiyi yüksək nəticəni uzun illərin təcrübəsi və davamlı özünüinkişafın nəticəsi kimi qiymətləndirən Nicat müəllim hazırlıq prosesində təcrübəli həmkarlarının dəstəyindən faydalandığını, kurikulum yeniliklərini, fənn üzrə metodiki və nəzəri məsələləri dərindən öyrəndiyini bildirib.
Fiziki tərbiyə fənninin şagirdlərin inkişafındakı rolundan danışan müəllim qeyd edib ki, bu fənn uşaqlarda sağlam həyat tərzi formalaşdırmaqla yanaşı, məqsədyönlülük, komanda işi, məsuliyyət, özünəinam və iradə kimi keyfiyyətlərin inkişafına da xidmət edir. “İdman meydançası həm də bir həyat məktəbidir”, – deyə o vurğulayıb.

Müəllim cütlüyünün fikrincə, eyni peşəni bölüşmələri onların uğurunda mühüm rol oynayıb. Sertifikatlaşdırmaya hazırlıq zamanı birlikdə plan qurduqlarını, pedaqoji məsələləri müzakirə etdiklərini və bir-birlərinə dəstək olduqlarını bildirən həmsöhbətlərimiz qeyd ediblər ki, fərqli ixtisaslarda çalışmaları da onların baxış bucağını genişləndirib.

Qubadovlar ailəsi əldə etdikləri nəticəni yalnız şəxsi uğur kimi deyil, ailələrinin də uğuru kimi qiymətləndirir. Onların sözlərinə görə, bu nailiyyət övladlarına zəhmət  və əzmkarlığın uğura aparan əsas yol olduğunu göstərən ən gözəl nümunələrdən biridir.

Müəllimlər hesab edirlər ki, yüksək nəticə əldə etmək davamlı öyrənməyin, məqsədyönlü fəaliyyətin və peşəyə sevginin bəhrəsidir. Onlar bundan sonra da qazandıqları bilik və təcrübəni şagirdlərinin daha keyfiyyətli təhsil alması naminə tətbiq etməyə çalışacaqlar.