Birinci cəhd imtahanında 360, 2-cidə 400 bal topladı 

28 İyul, 2026 - 19:06
Birinci cəhd imtahanında 360, 2-cidə 400 bal topladı 

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə iyulun 12-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib. Nəticələrə əsasən, I ixtisas qrupu üzrə 2, IV ixtisas qrupu üzrə isə 15 abituriyent maksimum – 400 bal toplayıb. Maksimum nəticə göstərənlər arasında Sabirabad şəhəri M.Ə.Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Nihad Fərəcov da yer alıb.

"Azərbaycan müəllimi" qəzeti ilə həmsöhbət olan Nihad Fərəcov bildirib ki, 9-cu sinif üzrə buraxılış imtahanında 292,2 bal toplayıb. O, məktəb illərində kimya fənni üzrə olimpiadanın yarımfinal mərhələsində iştirak edib və bu sahəyə marağı gələcək peşə seçiminə də təsir göstərib.

Məzun gələcəkdə həkim, xüsusilə də kardioloq olmaq istədiyini deyib. Onun sözlərinə görə, insanlara faydalı olmaq arzusu bu peşəni seçməsində əsas rol oynayıb.

Qəbul imtahanında maksimum nəticə əldə edəcəyinə əvvəldən inandığını bildirən Nihad uğurunun arxasında məqsədyönlü hazırlığın dayandığını vurğulayıb.

“Birinci cəhddə 360 bal topladım. 400 bal toplayacağıma inanırdım. Digər şagirdlərə tövsiyəm odur ki, qarşılarına qoyduqları məqsəd üçün daim çalışsınlar, əzmli olsunlar və heç vaxt ruhdan düşməsinlər. Bu yolda valideynlərimin mənə böyük dəstəyi olub. Xüsusilə anam hər zaman yanımda olub”. O həm də müəllimdir, – deyə Nihad Fərəcov bildirib.