BMU beynəlxalq təhsil imkanlarını Tbilisidə təqdim edib

17 Noyabr, 2026 - 15:17
BMU beynəlxalq təhsil imkanlarını Tbilisidə təqdim edib

Bakı Mühəndislik Universiteti (BMU) Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən I Azərbaycan-Gürcüstan Rektorlar Konfransı çərçivəsində təşkil edilən təhsil sərgisində təmsil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, konfransda iştirak edən Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev sərgi ilə tanış olub, BMU-nun stendinə baxış keçirib.  

BMU-nun rektoru Yaqub Piriyev sərgidə universitetin stendini ziyarət edən qonaqlarla görüşüb, onlara ali təhsil müəssisəsinin zəngin akademik potensialı, müasir təhsil infrastrukturu və beynəlxalq imkanları barədə ətraflı məlumat verib. Görüşlər zamanı universitetin təhsil proqramları, beynəlxalq ikili diplom imkanları, xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri, elmi-tədqiqat fəaliyyəti və əcnəbi tələbələrin BMU-da təhsil alması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Universitetin stendində geniş və müasir kampus ərazisi, yerli və əcnəbi tələbələr üçün yaradılmış əlverişli təhsil, yaşayış şəraiti, bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təklif olunan ixtisaslar, beynəlxalq ikili diplom proqramları, eləcə də qabaqcıl texnologiyalarla təchiz olunmuş elmi-tədqiqat və tədris laboratoriyaları təqdim edilib. Sərgi iştirakçılarının diqqətinə BMU-da tədrisin müasir beynəlxalq standartlara uyğun təşkili, innovativ yanaşmaların təhsil prosesinə tətbiqi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi istiqamətində görülən işlər də çatdırılıb. Eyni zamanda, universitetin beynəlxalq akademik mühitə inteqrasiyası, tələbə və müəllim mübadiləsi imkanları, müxtəlif ölkələrin nüfuzlu ali təhsil müəssisələri ilə tərəfdaşlıq əlaqələri barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə baş tutan təhsil sərgisi Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə tanıdılması, ölkəmizin təhsil potensialının xarici auditoriyaya təqdim edilməsi və əcnəbi tələbələrin Azərbaycana cəlb olunması məqsədilə həyata keçirilən “Study in Azerbaijan” layihəsi çərçivəsində təşkil olunub.

BMU beynəlxalq təhsil imkanlarını Tbilisidə təqdim edib
BMU beynəlxalq təhsil imkanlarını Tbilisidə təqdim edib
BMU beynəlxalq təhsil imkanlarını Tbilisidə təqdim edib
BMU beynəlxalq təhsil imkanlarını Tbilisidə təqdim edib
BMU beynəlxalq təhsil imkanlarını Tbilisidə təqdim edib