Səfir: Təhsil və elm sahəsində əlaqələr daha da güclənəcək
Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq təhsil və elm sahəsində əlaqələri daha da gücləndirəcək. Buraya süni intellekt və rəqəmsal transformasiyanın sürətləndirilməsi, insanların zəruri bacarıqlarla təmin olunması və mühüm sahələrdə gələcəyin iş yerlərinin yaradılması daxildir. Biz, həmçinin Ələt Azad İqtisadi Zonasında Britaniya şirkətləri ilə birlikdə qabaqcıl məlumat mərkəzi infrastrukturunun inkişafı istiqamətində fəal əməkdaşlıq edirik.
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında deyib.
O vurğulayıb ki, Böyük Britaniya ilə Azərbaycan arasında təhsil əlaqələri güclüdür və inkişaf edir.
“Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən “Chevening” təqaüd proqramı istedadlı azərbaycanlılara magistr təhsillərini Böyük Britaniyada davam etdirmək imkanı yaradır. Belə ki, 2026-2027-ci tədris ilində son yeddi ilin ən yüksək müraciət sayı qeydə alınıb.
Tələbələrimiz, tədqiqatçılarımız, müəllimlərimiz və təhsil müəssisələrimiz arasında mövcud əlaqələri gücləndirməyə davam edirik. “British Council” 1993-cü ildən etibarən Azərbaycanda bu işdə mühüm rol oynayır. Həmçinin Böyük Britaniyanın Varvik Universiteti və Azərbaycanın Dövlət Neft və Sənaye Universiteti Bərpaolunan Enerji ixtisası üzrə birgə magistr proqramı çərçivəsində əlavə dörd tələbə qrupunun təhsilinə başlayıb”, - deyə səfir bildirib.




