Eksternat imtahanları üçün sənəd qəbuluna başlanılıb

16 Noyabr, 2026 - 15:30
Eksternat imtahanları üçün sənəd qəbuluna başlanılıb

Bu gündən eksternat təhsilalma forması üzrə ümumi orta və ya tam orta təhsil haqqında sənəd əldə etmək istəyən şəxslərin sənəd qəbuluna başlanılıb.

Bu barədə “Azərbaycan müəllimi”nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. 

Bildirilib ki, sənəd qəbulu dekabrın 18-dək davam edəcək.

İmtahanlarda ümumi orta təhsil haqqında attestat almaq üçün yaşı 16-dan, tam orta təhsil haqqında attestat almaq üçün isə 18-dən aşağı olmayan namizədlər iştirak edə bilərlər.

Müraciət edənlər müvafiq təhsili yerli idarəetmə bölməsinə ünvanlanmış ərizə, doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiqlənmiş surəti, fotoşəkil, yaşayış yerindən arayış və hərbi biletin surətini təqdim etməlidirlər. Həmçinin əvvəllər təhsil aldıqları müəssisədən təhsildən yayınma səbəbi və tədris ili göstərilməklə verilmiş arayışın surəti tələb olunur.

Tam orta təhsil səviyyəsi üzrə eksternat qaydasında aralıq imtahanlarında iştirak etmək istəyənlər əlavə olaraq ümumi orta təhsil haqqında attestatın notariat qaydasında təsdiqlənmiş surətini təqdim etməlidirlər.

Qeyd edək ki, eksternat təhsilalma formasının məqsədi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsilini başa vura bilməyən şəxslərə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq imkanı yaratmaqdır.