Dərslikdə turizm şirkətinin reklamı ilə bağlı iddialara CAVAB
7-ci sinif Azərbaycan dili dərsliyində uydurma turizm şirkətinin reklam mətninin yer alması ilə bağlı səsləndirilən iddialara münasibət bildirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bununla bağlı naşir, müəllif Raqif İsmayılov sosial media hesabında paylaşım edib
Paylaşımda qeyd olunub ki, müasir təhsilin vacib komponentlərindən biri şagirdlərdə rəqəmsal mühitdə araşdırma bacarıqlarının formalaşdırılmasıdır. Bu baxımdan şagirdlərə informasiyanı bir neçə mənbədən yoxlamaq, etibarlı mənbələrə müraciət etmək, müəllif mövqeyini fakt və reallıqdan fərqləndirmək kimi bacarıqlar aşılanır.
Bildirilib ki, 7-ci sinif Azərbaycan dili dərsliyində uydurma turizm şirkətinə aid reklam mətni məhz bu bacarıqların formalaşdırılması məqsədilə təqdim olunub. Tapşırıq şagirdlərdən mətndəki reklam çağırışlarını real faktlardan fərqləndirməyi tələb edir:
“Təəssüf ki, tədris materialı bəzi şəxslər tərəfindən yanlış təqdim edilib və televiziya verilişində dərslikdə turizm şirkətinin reklamının yerləşdirildiyi iddiası səsləndirilib.
Bunu yoxlamaq üçün həmin uydurulmuş şirkətin uydurulmuş linkini internetdə axtarışa vermək kifayət idi. Yüz minlərlə insanda dərsliyə qarşı etibarsızlıq yaratmaqda məqsəd nədir?
Ümid edirik ki, müasir dərsliklərlə təhsil alan gənclərimiz mövqe bildirərkən daha diqqətli və ehtiyatlı olacaqlar”, – deyə paylaşımda qeyd olunur.




