BMU tələbələri “Qarabağ Hakatonu 2026”nın qalibi olublar
Bakı Mühəndislik Universiteti (BMU) tələbələrinin təmsil olunduğu komanda “Qarabağ Hakatonu 2026” yarışında birinci yeri tutub.
"Azərbaycan müəllimi" xəbər verir ki, komandada BMU-nun Mühəndislik fakültəsinin III kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Emil Salmanov və İnformasiya və kompüter texnologiyaları fakültəsinin II kurs tələbəsi Hörmüz Qurbanzadə yer alıblar.
“Rebuild Karabakh” sərgisi çərçivəsində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan “Qarabağ Hakatonu 2026” gənclərin innovativ düşüncə, texnoloji bilik və komanda işi bacarıqlarını nümayiş etdirmələri üçün platforma rolunu oynayıb. Yarış çərçivəsində iştirakçılar qarşıya qoyulan tapşırıqlar üzərində işləyərək problemlərə yaradıcı yanaşmalar əsasında həll yolları hazırlayıblar.
44 saat 44 dəqiqə 44 saniyə davam edən hakatonun əsas məqsədi innovasiya və rəqəmsal texnologiyalardan istifadə etməklə işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafına töhfə vermək, müasir texnoloji həllərin tətbiqini təşviq etmək və gənclərin bu sahəyə marağını artırmaq olub.




