Böyük Britaniya universiteti əcnəbilər üçün təqaüd proqramı elan edib
Böyük Britaniyanın Stratklayd Universiteti 2027-ci ilin yanvar ayında magistratura təhsilinə başlayacaq xarici tələbələr üçün 7-8 min funt sterlinq məbləğində təqaüd proqramı elan edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, universitetin Təbiət elmləri fakültəsinin Beynəlxalq Mükəmməllik Təqaüd Proqramı çərçivəsində kompüter elmləri üzrə əyani magistratura proqramlarına qəbul olunan tələbələr üçün ümumilikdə 25 təqaüd ayrılıb. Təqaüd məbləği birbaşa təhsil haqqından çıxılacaq.
Təqaüd aşağıdakı magistratura proqramlarını əhatə edir:
– Qabaqcıl kompüter elmləri;
– Kibertəhlükəsizlik üzrə qabaqcıl kompüter elmləri;
– Məlumat elmi üzrə qabaqcıl kompüter elmləri;
– Proqram təminatı mühəndisliyi üzrə qabaqcıl kompüter elmləri.
Proqramda iştirak etmək istəyən namizədlər universitetdən qəbul təklifi almalı, təhsil xərclərini öz vəsaiti hesabına ödəməli və yüksək akademik göstəricilərə malik olmalıdırlar. Bundan əlavə, ictimai fəaliyyət və ya peşəkar təcrübə seçim zamanı üstünlük hesab olunacaq.
Universitet bildirib ki, təqaüdlər müraciətlər daxil olduqca qiymətləndiriləcək. Buna görə də bütün yerlər son müraciət tarixinədək dolarsa, proqram daha erkən bağlana bilər. Namizədlərə sənədlərini mümkün qədər tez təqdim etmək tövsiyə olunur.
Təqaüd üçün müraciət etmək istəyənlər əvvəlcə uyğun magistratura proqramına qəbul üçün ərizə verməlidirlər. Qəbul təklifi alan namizədlərə daha sonra təqaüd müraciət forması göndəriləcək.
Qeyd edək ki, müraciət üçün son tarix 30 noyabr 2026-cı ildir. Təqaüd yalnız 2027-ci ilin yanvar qəbuluna şamil olunur və növbəti qəbul dövrünə keçirilmir.




