Böyük Britaniya xarici tələbə qəbulu ilə bağlı sərt mexanizmlər tətbiq edəcək

5 İyun, 2026 - 10:18
Böyük Britaniya xarici tələbə qəbulu ilə bağlı sərt mexanizmlər tətbiq edəcək

Böyük Britaniya hökuməti viza sistemindən sui-istifadənin qarşısını almaq üçün universitetlərə nəzarəti gücləndirir. Yeni qaydalara əsasən, xarici tələbələrin təhsili yarımçıq qoyma göstəricisi yüksək olan ali məktəblər beynəlxalq tələbə qəbul etmək hüququnu itirə bilər.

"Azərbaycan müəllimi" Böyük Britaniyanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yeni qaydalar beynəlxalq tələbə qəbulunda məsuliyyətsiz davranan universitetlər üçün mərhələli cəza mexanizmi nəzərdə tutur.

Tələblərə əsasən, universitetlərdə viza rəddi göstəricisi 5 faizdən, kursa qeydiyyat səviyyəsi 95 faizdən və təhsili uğurla başa vurma göstəricisi 90 faizdən aşağı olmamalıdır. Bu meyarlara cavab verməyən ali təhsil müəssisələri ciddi nəzarətə cəlb ediləcək.

Ölkənin miqrasiya və vətəndaşlıq naziri Mayk Tapp (Mike Tapp) bildirib ki, Böyük Britaniya həqiqi beynəlxalq tələbələri qəbul etməyə davam edəcək, lakin viza sistemi qeyri-qanuni işləmək və ya sığınacaq almaq üçün vasitəyə çevrilməməlidir. Onun sözlərinə görə, son bir ildə xarici tələbələr tərəfindən edilən sığınacaq müraciətlərinin sayı 30 faiz azalıb.

2027-ci ilin yayından etibarən universitetlər üçün yeni “işıqfor sistemi” tətbiq olunacaq. Qırmızı kateqoriyaya daxil edilən ali məktəblər beynəlxalq tələbə qəbulunda məhdudiyyətlərlə üzləşəcək, problemləri aradan qaldıra bilmədikləri halda isə bu hüquq tamamilə ləğv ediləcək.

Dəyişikliklər Mayk Tappın Mançester Metropoliten Universitetinə səfəri zamanı açıqlanıb. Tədbirdə universitetin rektoru Malkolm Press və “Universities UK” təşkilatının nümayəndələri iştirak ediblər.

Professor Malkolm Press bildirib ki, beynəlxalq tələbələr Böyük Britaniya iqtisadiyyatına hər il təxminən 37 milyard funt sterlinq həcmində töhfə verir. Onun sözlərinə görə, son illərdə xarici tələbələrin sayının azalması universitetlərdə qənaət tədbirlərinin və iş yerlərinin ixtisarının artmasına səbəb olub.

Daxili İşlər Nazirliyi təhsil sektoru ilə yeni məlumat mübadiləsi mexanizmləri üzərində işlədiyini və universitetləri mümkün sui-istifadə hallarına qarşı birgə mübarizəyə çağırdığını da açıqlayıb.