"Olimpiada hazırlığı dərs ili ilə məhdudlaşmamalıdır" - Yarımfinala hazırlıqdan REPORTAJ
Respublika fənn olimpiadalarının (RFO) yarımfinal mərhələsinə sayılı günlər qalır. Bu mərhələ şagirdlərin bilik və bacarıqlarının daha yüksək səviyyədə sınağa çəkildiyi, onların analitik düşüncə, məntiqi təhlil və vaxtın düzgün idarə olunması bacarıqlarının yoxlanıldığı mühüm mərhələlərdən biridir. Yarımfinala vəsiqə qazanan iştirakçılar artıq seçim mərhələsini uğurla keçmiş, öz potensiallarını sübut etmiş məqsədyönlü şagirdlərdir.
Lakin bu mərhələ əvvəlki turlardan fərqli olaraq daha dərin bilik, çevik düşüncə və geniş dünyagörüş tələb edir. Buna görə də yarımfinala hazırlıq prosesi sistemli, planlı və məsuliyyətli şəkildə qurulmalıdır. Burada əsas məqsəd yalnız növbəti mərhələyə keçmək deyil, həm də şagirdin elmi dünyagörüşünü genişləndirmək, gələcək akademik uğurlar üçün möhkəm təməl formalaşdırmaqdır.
"Azərbaycan müəllimi" qəzeti bu dəfə Şirvan-Salyan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən Biləsuvar şəhəri Kəmaləddin Ağayev adına Texniki fənlər təmayüllü internat tipli məktəb-liseydə olub. Məktəbdə RFO-nun növbəti mərhələsinə hazırlaşan şagirdlərin müəllimləri ilə həmsöhbət olaraq hazırlıq prosesi ilə yaxından tanış olub.
Müəllim dəstəyi – uğurun əsas şərti
Məktəbin direktor müavini, eyni zamanda olimpiada hazırlıq mərkəzinin rəhbəri Xəzər Salmanov fizika fənni üzrə şagirdləri yarımfinala hazırlaşdırır. Onun sözlərinə görə, hazırlığın əsas mərhələsi şagirdlərin potensialının düzgün müəyyən edilməsidir:
“Fizika olimpiadaçısı riyaziyyatı ali səviyyədə bilsə, demək olar ki, heç bir məsələdə çətinlik çəkməz. Ona görə də çalışıram ki, şagirdlərimə fizika ilə yanaşı, riyaziyyatı da dərindən öyrədim. Potensialı yüksək olan şagirdlərə 8-ci sinifdən, digərlərinə isə 9-cu sinifdən ali riyaziyyatın fundamental elementlərini keçirik.
Olimpiada hazırlığı yalnız dərs ili ilə məhdudlaşmamalıdır. Yay aylarında da müəllim və şagirdlər mütəmadi məşğul olmalıdır. Hər iki tərəf araşdırıcı və yenilikçi olmalıdır. Müəllimlə şagird arasında səmimiyyətə əsaslanan münasibət nəticələrin yüksəlməsinə ciddi təsir göstərir. Orta məktəb dərslikləri kifayət etmir, buna görə ali məktəb və xarici ədəbiyyatlardan istifadə edirik. Əsas məqsədim şagirdlərimə öyrənməyi öyrətməkdir”.
Tarix fənnində yaradıcı yanaşma
Tarix müəllimi Təhminə Nuri 2022-ci ildə müəllimlərin işə qəbulu imtahanında 91 bal toplayıb və 2022–2023-cü tədris ilində əldə etdiyi nailiyyətlərə görə regional idarə tərəfindən təşəkkürnamə ilə təltif olunub. Bu il onun bir şagirdi rayon turunun qalibi olub və hazırda yarımfinal mərhələsinə hazırlaşır.
Təhminə müəllim bildirir ki, olimpiada hazırlığında məktəb vəsaitləri ilə yanaşı əlavə mənbələrdən də istifadə olunur: “Dərsdən sonra məktəbdə qalaraq şagirdlə əlavə məşğul oluruq. Tarix fənnini uşaqlara sevdirmək üçün rollu oyunlar təşkil edir, tarixi şəxsiyyətləri canlandırırıq, qruplar və siniflərarası yarışlar keçiririk. Bu üsullar həm marağı artırır, həm də mövzuların daha dərindən mənimsənilməsinə kömək edir”.
Riyaziyyatda real həyat nümunələri
Riyaziyyat müəllimi Lalə Abbasova ali təhsilini fərqlənmə diplomu ilə başa vurub və müəllimlərin işə qəbulu imtahanında yüksək nəticə göstərərək 58 bal toplayıb. O, pedaqoji fəaliyyətinə Bakıda başlasa da, hazırda Biləsuvardakı məktəb-liseydə fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, olimpiada proqramı dərslik çərçivəsindən kənara çıxdığı üçün əlavə ədəbiyyatlardan istifadə vacibdir: “Hazırlıq zamanı real həyati situasiyalardan istifadə edir, mövzuları şagirdlərin maraq dairəsinə uyğun təqdim edirəm. Məqsəd təkcə məsələ həll etdirmək deyil, şagirdin məntiqi düşüncəsini formalaşdırmaqdır”.
Qeyd edək ki, cari ildə idarə üzrə 423 şagird RFO-nun yarımfinal mərhələsinə vəsiqə qazanıb. Onlardan 81-i Biləsuvar məktəblisidir. Şagirdlərin 37-si məhz Biləsuvar şəhəri K.Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin payına düşür.
Respublika fənn olimpiadalarının yarımfinal mərhələsi şagirdlər üçün sadəcə yarış deyil, həm də elmi inkişaf, özünü təsdiq və gələcək uğurlar üçün mühüm bir pillədir. Müəllimlərin peşəkar yanaşması, əlavə ədəbiyyatlara əsaslanan sistemli hazırlıq və şagird-müəllim əməkdaşlığı uğurun əsas amillərindəndir.
İnanırıq ki, yarımfinal mərhələsində iştirak edəcək şagirdlərimiz ölkə miqyasında da yüksək nailiyyətlərə imza atacaqlar.



