Anar Əliyev: Təhsil və peşə hazırlığı proqramları əmək bazarının tələblərinə uyğun hazırlanmalıdır
"Əmək bazarının tələbləri ilə təhsil sistemi arasında əlaqənin gücləndirilməsi gələcəkdə məşğulluq imkanlarının genişlənməsinə şərait yaradacaq. Bu məqsədlə təhsil və peşə hazırlığı proqramları əmək bazarının tələblərinə uyğun formalaşdırılmalı, tələbələr hələ ilk kurslardan real layihələrə cəlb edilməli, mentorluq və təcrübə proqramları vasitəsilə praktiki bacarıqlar qazanmalıdırlar".
“Azərbaycan müəllimi" xəbər verir, bu fikirləri Naxçıvan şəhərində keçirilən Gələcəyin Peşələri Sammitində çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
Nazir bildirib ki, müasir çağırışlara cavab olaraq, peşə hazırlığının keyfiyyətinin yüksəldilməsi, peşə hazırlığı kurslarının beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də dövlət-özəl əməkdaşlığı çərçivəsində özəl peşə təhsili müəssisələrinin prosesə cəlb olunması istiqamətində işlər davam etdirilir: "Gənclərin məşğulluğunun təşviqi məqsədilə onlarla müsahibələr və görüşlər keçirilir, təhsil, əmək bazarının tələbləri və şəxsi keyfiyyətlər nəzərə alınmaqla peşə seçiminə və karyera planlamasına yönəlmiş müxtəlif fəaliyyətlər həyata keçirilir.
Süni intellekt, yeni texnologiyalar və yaşıl iqtisadiyyat gənclər üçün yeni imkanlar yaradır. Bu imkanlardan səmərəli istifadə etmək üçün texniki biliklərlə yanaşı, yaradıcı düşüncə, problem həll etmə və əməkdaşlıq bacarıqları da inkişaf etdirilməlidir.Bizim məqsədimiz yalnız gənclərin bugünkü əmək bazarında yer tutmasına deyil, həm də onları gələcəyin əmək bazarına hazırlamağa nail olmaqdır".
Anar Əliyev Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”na, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planını”na müvafiq olaraq aktiv məşğulluq tədbirlərinin genişləndiyini qeyd edib. O, peşə hazırlığı sisteminin müasir çağırışlara uyğun inkişaf etdirilməsi, gənclərin peşə və ixtisas seçiminə dəstək işlərini, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün 1698 peşə və kvalifikasiya standartının hazırlanaraq istifadəyə verildiyini diqqətə çatdırıb.
Nazir vurğulayıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu ilin avqust ayında açılışı olan Naxçıvan Regional DOST Mərkəzi muxtar respublikada da əhalinin sosial xidmətlərə əlçatanlığını yüksəltməyə, sosial xidmətlərin operativ və keyfiyyətlə təqdim olunmasına imkan yaradıb:"Gələn il DOST xidmətləri şəbəkəsinin bütün muxtar respublikanı əhatə etməsi nəzərdə tutulur.Hazırda Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də yaradılır.
Ötən dövrdə muxtar respublikada şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 395, o cümlədən cari ildə 68 mənzil verilib".




