Böyük ideyalar barədə düşünməkdən çəkinmə - Azərbaycanın hakatondakı qalibi 

2 Fevral, 2026 - 14:40
Böyük ideyalar barədə düşünməkdən çəkinmə

Bu gün 2 Fevral - Azərbaycan Gəncləri Günüdür. Azərbaycan gəncliyinin bayramıdır. Bu gün yalnız bir tarix deyil, gənclərin ölkənin bu günü və sabahındakı rolunun, onlara göstərilən etimadın və yaradılan imkanların rəmzidir. Təbii ki, Azərbaycan gənci bu etimadı real nəticələrlə - biliklə, təşəbbüslə və qlobal düşüncə ilə doğrultmaqdadır. Gənclər Günü hər bir gəncin qazandığı uğurun bütövlükdə ölkənin uğuruna çevrildiyi bir gündür. 

Ölkə gənclərinin elm, texnologiya, innovasiya və enerji kimi strateji istiqamətlərdə əldə etdiyi nailiyyətlər göstərir ki, onlar artıq regional çərçivələrlə kifayətlənmir, beynəlxalq arenada da söz sahibi olurlar. Parlaq zəkalarımızın xoş soraqları müxtəlif ölkələrdə keçirilən nüfuzlu müsabiqələrdən, hakatonlardan və elmi tədbirlərdən gəlir. 

Qazanılan uğurlar yalnız fərdi nailiyyət kimi deyil, eyni zamanda ölkəmizdə həyata keçirilən gənclər siyasətinin, təhsilə və innovasiyaya göstərilən dövlət dəstəyinin real nəticəsi kimi qiymətləndirilir. Bu uğurlar sübut edir ki, Azərbaycan gənci artıq qlobal miqyasda rəqabət aparmaq, yeni ideyalar irəli sürmək və dünya miqyasında təsir yaradan layihələrə imza atmaq gücünə malikdir.Yüksək intellekt, müasir biliklər və güclü bacarıqlar sayəsində Azərbaycan gəncləri dünya gəncləri ilə rəqabət aparmaq gücündə olduqlarını sübut edirlər.

Xüsusilə texnologiya və innovasiya sahəsində əldə olunan nailiyyətlər gənclərimizin yalnız mövcud biliklərlə kifayətlənmədiyini, eyni zamanda gələcəyin çağırışlarına uyğun həllər üzərində düşündüyünü göstərir. Süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal transformasiya və təmiz enerji kimi strateji sahələrdə irəli sürülən ideyalar Azərbaycanın gənc nəslinin müasir dünyaya inteqrasiya səviyyəsini aydın şəkildə ortaya qoyur.

Belə bir əlamətdar gündə uğurları ilə seçilən gənclərdən danışmaq isə xüsusi məna daşıyır. Çünki onların yolu bu gün minlərlə gənc üçün motivasiya, sabah üçün isə etibarlı ümid deməkdir.

“Azərbaycan müəllimi” məhz belə təşəbbüskar, bilikli və məqsədyönlü, uğurlu  gənclərdən biri - Gülay Nəzərovanı oxucularımızla tanış edir. 

Bakı Ali Neft Məktəbinin (BANM) "İnformasiya təhlükəsizliyi" ixtisasının V kurs tələbəsi Gülay Nəzərova İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO) tərəfindən təşkil olunan “CECECO Təmiz Enerji Hakatonu 2026” beynəlxalq müsabiqəsində II yeri tutub.

O, Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan 16–35 yaş arası gənclərin iştirak etdiyi hakatonda fərdi şəkildə iştirak edərək Azərbaycandan yeganə qalib adını qazanıb.

Məktəb illərində qazandığı ilk nailiyyətlər təhsildəki uğurlarının başlanğıcı oldu

Gülay Nəzərova Bakı şəhərində anadan olub. 2021-ci ildə Bakıdakı Qamət Abbasov adına 284 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirən gəncimiz 11 illik təhsil həyatında hər zaman yüksək bilik və bacarığı ilə fərqlənib. 

2021-ci ildə 686.9 balla Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisasına daxil olan Gülayın təhsil yüksəlişi başlayır. O, elə həmin il ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə Prezident təqaüdünə layiq görülən tələbələrdən biri olur. 

Gülay deyir ki, ali təhsil almaq üçün universitet seçərkən əsas meyarlarından biri rəqabət mühitinin olması, yüksəkkeyfiyyətli tədris və burada tələbələrə dəstək göstərməsi idi və hazırda oxuduğu BANM bütün bu meyarlara uyğun idi. Burada sahəm üzrə inkişaf etmək üçün şərait və dəstək olduğunu söyləyir. 

Təhsillə başlanan yüksəliş 

Gəncimiz təhsil aldığı müddətdə iştirak etdiyi müxtəlif layihə və təcrübə proqramları ilə bizi tanış edir: “2023-cü ildə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası-Milli Proqramˮ layihəsi çərçivəsində “4Sİ Akademiyası səfiriˮ seçilmişəm. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası - Milli Proqram” layihəsi çərçivəsində “4Sİ Akademiyası səfiriˮ seçilmişəm. Milli proqramın əsas məqsədi vətəndaşların “Courseraˮ onlayn təhsil platformasında rəqəmsal bacarıqlar, süni intellekt, data analitikası, proqramlaşdırma, biznes və digər prioritet sahələr üzrə beynəlxalq səviyyəli təlimlərdə iştirak etməsi idi. Sahəm üzrə CTF (Capture The Flag) yarışlarında və hakatonlarda iştirak edərək doğma ali təhsil ocağımı uğurla təmsil edirəm”.

Gülayın uğurları bununla bitmir. Belə ki, o, 2024-cü ildə "PAŞA Holding" tərəfindən təşkil edilən “Future Shapers” inkişaf proqramında ən yaxşı nəticə göstərən 100 tələbədən biri kimi son pillə olan İnnovasiya və Məhsul Simulasiya mərhələsinə keçib.

2023-2024-cü illərdə Bakı Ali Neft Məktəbində fəaliyyət göstərən BANM Kiber Klubda proqramlaşdırma üzrə mentor olub. 2024-2025-ci illərdə BANM Kiber Klubun prezidenti olaraq fəaliyyət göstərən Gülay burada fəaliyyəti dövründə kibertəhlükəsizlik sahəsinə yeni başlayan tələbə yoldaşlarına dəstək göstərib. Kibertəhlükəsizlik sahəsi üzrə təcrübə proqramlarında iştirak edən gəncimiz hazırda “Azerconnect Group” MMC-də “DevSecOps” mühəndisi olaraq çalışır.

“Azərbaycanı belə bir nüfuzlu yarışda təmsil etmək mənim üçün qürurverici idi”

Gülayın sonuncu uğuru isə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzin (CECECO) tərəfindən təşkil olunan “CECECO Təmiz Enerji Hakatonu 2026ˮ beynəlxalq müsabiqəsində II yerə layiq görülməsi olub. “Adıçəkilən müsabiqə haqqında ilk dəfə necə məlumat əldə etdin və səni bu müsabiqəyə qatılmağa nə təşviq etdi?” - sualımıza cavab olaraq Gülay deyir ki, müsabiqə barədə ilk dəfə Bakı Ali Neft Məktəbinin İnnovasiya və Tədqiqatlar Mərkəzi vasitəsilə məlumat əldə edib: “Azərbaycanı belə bir nüfuzlu yarışda təmsil etmək mənim üçün qürurverici idi. Müsabiqənin əsas məqsədi təmiz enerji sahəsində maarifləndirilmə, enerji səmərəliliyi və davamlılıq üçün rəqəmsal və məlumat əsaslı həllərin hazırlanması idi.Bu mənim maraqlarıma tam uyğun idi. Kibertəhlükəsizlik sahəsində özümü inkişaf etdirməyimə baxmayaraq, texnoloji həllərin digər sahələrdə səmərəli şəkildə tətbiqi ilə də məşğul oluram”. 

Qalib olan “CleanAxis”ın özəllikləri …

Gülay qeyd edir ki, qalib olan “CleanAxisˮ layihəsi təmiz enerji sahəsində investisiya və qərarverməni asanlaşdırmaq üçün süni intellekt və məlumat əsaslı vahid rəqəmsal platformadır: “Layihə regionda dağınıq məlumatlar və mürəkkəb, tez-tez dəyişən tənzimləmələr səbəbi ilə yaranan informasiya boşluğunu aradan qaldıraraq investorlar, startaplar və məsul qurumlar üçün daha şəffaf və sürətli planlama imkanı yaradır. Platforma sadəcə məlumat göstərmir, hüquqi, texniki və iqtisadi datanı birləşdirərək real investisiya və layihə planlaması üçün qərar dəstəyi yaradır ki, bu da “CleanAxis”i digər layihələrdən fərqləndirən özəlliklərdir”.  

“Beynəlxalq səviyyədə keçirilən hakatonda fərdi şəkildə iştirak etmək böyük məsuliyyət tələb edib”

Həmsöhbətimiz II yerə layiq görülməsi xəbərini eşidəndə sevinc hissi keçirib. Bildirir ki, layihəsinin qalib gəlməsi artıq onu reallaşdırmaq üçün bir addım daha irəli getməsinin göstəricisidir: “Beynəlxalq səviyyədə keçirilən hakatonda fərdi şəkildə iştirak etmək böyük məsuliyyət tələb edib. Müxtəlif ölkələrdən olan güclü iştirakçılar arasında fərqlənmək üçün ideyanın dəqiq və əsaslandırılmış şəkildə təqdim olunması vacib idi”.

Gülayın fikrincə, beynəlxalq müsabiqələr, yarışlar Azərbaycan gəncləri üçün böyük imkanlar yaradır: “Bu cür yarışlar biz gənclərin öz bilik və bacarıqlarını sınamaları və beynəlxalq təcrübə qazanmaları baxımından çox önəmlidir. Bu nəticə mənim üçün həm böyük motivasiya oldu, həm də zəhmətimin yüksək şəkildə qiymətləndirilməsi idi. 

Gələcək hədəflər

Gülay Nəzərova əldə etdiyi uğurlarla kifayətlənməyən gənclərimizdəndir. Onunla söhbətdən də aydın olur ki, hər zaman öz üzərlərində çalışmaqla yanaşı, fəaliyyətini yalnız bir sahə ilə məhdudlaşdırmaq fikrində deyil. Qeyd edir ki, müxtəlif istiqamətlərlə maraqlanmaq onun dünyagörüşünü genişləndirir və daha yaradıcı düşünməyə kömək edir: “Beynəlxalq arenada uğur qazanmaq üçün davamlı öyrənmək, qlobal trendləri izləmək çox vacibdir. Ən önəmlisi isə böyük ideyalar barədə düşünməkdən çəkinməməkdir, çünki biz Azərbaycan gənclərinin potensialı beynəlxalq səviyyədə rəqabət aparmaq üçün kifayət qədər güclüdür”.

Gülayın gələcək hədəfləri, arzuları var. Kibertəhlükəsizlik sahəsində təhsilini davam etdirərək bu istiqamətdə peşəkar bilik və bacarıqlarımı daha da inkişaf etdirməyi düşünür: "Xaricdə təhsil alarkən də ölkəmi beynəlxalq arenada layiqincə təmsil etməyi və qazandığım bilikləri gələcəkdə Azərbaycanın inkişafına töhfə vermək üçün istifadə etməyi hədəfləyirəm".