BSU beynəlxalq reytinqdə 404 pillə yüksəlib

25 Sentyabr, 2026 - 10:54
BSU beynəlxalq reytinqdə 404 pillə yüksəlib

Bakı Slavyan Universiteti davamlı inkişaf və ekoloji məsuliyyət sahəsində fəaliyyətinin nəticəsi olaraq UI GreenMetric World University Rankings 2026 beynəlxalq reytinqində mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, BSU dünya universitetləri arasında 527-ci pillədə qərarlaşıb. Universitet ötənilki reytinqdə tutduğu 931-ci mövqedən 404 pillə yüksələrək qlobal sıralamada nəzərəçarpacaq irəliləyiş nümayiş etdirib.

Azərbaycan universitetləri arasında isə BSU 7-ci pilləyə yüksəlib. Bu, universitetin ötənilki 10-cu mövqeyi ilə müqayisədə 3 pillə irəliləməsi deməkdir.

UI GreenMetric dünya universitetlərini davamlılıq və ekoloji yanaşmalar, o cümlədən infrastruktur, enerji və iqlim dəyişikliyi, tullantıların idarə olunması, su ehtiyatları, nəqliyyat və təhsil istiqamətləri üzrə qiymətləndirən nüfuzlu beynəlxalq reytinqlərdən biridir.
2010-cu ildə 35 ölkədən 95 universitetin iştirakı ilə fəaliyyətə başlayan UI GreenMetric 2026-ci ildə artıq 110 ölkədən 2016 universiteti əhatə edib.

BSU-nun 2026-cı il reytinqində əldə etdiyi nəticə universitetin davamlı inkişaf və yaşıl universitet prinsiplərinə əsaslanan fəaliyyətinin beynəlxalq müstəvidəki göstəricilərindən biridir.