BSU-da inklüziv təhsilə dair beynəlxalq konfrans keçirilib
Aprelin 16-da Bakı Slavyan Universiteti (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüziv universitet modeli” (İTİC 2026) IV beynəlxalq elmi-praktik konfransı keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, konfransda BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, Azərbaycan Respublikası Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, “Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşov, BMT-nin Sülh elçisi Təşkilat Komitəsinin üzvü Serkan Bayram, Qazi Universitetinin Xüsusi təhsil departamentinin müdiri Təşkilat Komitəsinin üzvü Ciğil Aykut, Qdansk Universitetinin Sosial elmlər fakültəsinin dekanı Təşkilat Komitəsinin üzvü Mixal Xarçiarek və universitetin professor-müəllim heyəti iştirak ediblər.
İlk olaraq konfrans iştirakçıları Fəxri Xiyabanı ziyarət edərək xalqımızın Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək onun xatirəsini ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
BSU-nun rektoru Anar Nağıyev çıxışında inklüzivliyin əsas mahiyyətinin əməkdaşlıq olduğunu xüsusi vurğulayaraq bildirib ki, inklüziv cəmiyyətin formalaşması yalnız tərəfdaşlıq və birgə fəaliyyət əsasında mümkündür, əməkdaşlıq olmadan inklüzivlikdən danışmaq mümkün deyil və bu yanaşma yalnız bərabər imkanların yaradılmasını deyil, eyni zamanda həmin imkanların hər kəs üçün bərabər səviyyədə əlçatanlığının təmin olunmasını özündə birləşdirir.
Rektor qeyd edib ki, cənab Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq dövlət proqramında ali təhsil müəssisələri qarşısında əlilliyi olan və sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin təşkili ilə bağlı mühüm tələblər müəyyən edilib. BSU da ali təhsil müəssisəsi olaraq bu tələblərdən irəli gələrək fəaliyyətini məhz bu istiqamətdə qurub.
Rektor bildirib ki, “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı IV beynəlxalq konfrans artıq mühüm beynəlxalq müzakirə platformasına çevrilib. Onun sözlərinə görə bu təşəbbüs ilk dəfə 2022-ci ilin aprel ayında “Autizm aylığı” çərçivəsində irəli sürülsə də, bu gün geniş şəbəkəni əhatə edən və inklüziv təhsilin inkişafına xidmət edən mühüm bir layihə kimi formalaşıb.
A. Nağıyev vurğulayıb ki, hazırda layihə çərçivəsində ölkə üzrə minə yaxın ümumtəhsil məktəbin müəllimi müxtəlif təlimlərdə, sorğularda, dəyirmi masa və müzakirələrdə iştirak edir. Bu isə ali təhsil müəssisələri ilə ümumtəhsil məktəbləri arasında səmərəli əməkdaşlıq və şəbəkələşmənin qurulmasına imkan yaradır.
Eyni zamanda rektor diqqətə çatdırıb ki, universitet bu istiqamətdə beynəlxalq əməkdaşlıqlarını da genişləndirərək Avropa universitetləri və məktəbləri ilə birgə fəaliyyətini inkişaf etdirir. O qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən təsdiq olunmuş müvafiq dövlət proqramları inklüziv təhsilin təşkili baxımından ali təhsil müəssisələri qarşısında mühüm vəzifələr müəyyən edir və BSU da bu istiqamətdə üzərinə düşən öhdəlikləri həyata keçirməyə çalışır.
Çıxışda bildirilib ki, layihə çərçivəsində indiyədək 900-ə yaxın tədbir təşkil olunub, 1000-ə yaxın müəllimlə əməkdaşlıq qurulub və Bakının 20-dən çox məktəbi ilə koordinasiya əlaqələri yaradılıb.
MM-in Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov çıxışında qeyd edib ki, dünyanın hansı ölkə olmasından, əhalisinin və ərazisinin böyük və ya kiçikliyindən asılı olmayaraq, həmin ölkəni ön plana çıxaran əsas amil elm və təhsildir. Professor qeyd edib ki, Azərbaycan elm və təhsil sahəsində son illər mühüm uğurlar qazanıb. Çıxışında konfransın mövzusunun aktuallığını xüsusi vurğulayan professor qeyd edib ki, uzun illərdir bu sahədə mövcud problemlərin həlli istiqamətində uğurlu işlər aparılır. Onun sözlərinə görə, artıq dördüncü dəfə təşkil olunan bu konfrans həmin sahədə əldə olunan nailiyyətlərin göstəricisidir.
UNEC-in rektoru Ədalət Muradov çıxış edərək bildirib ki, inklüziv təhsil təkcə bərabərlik və ədalət məsələsi deyil, eyni zamanda təhsil sistemində köklü dəyişiklikləri tələb edən mühüm bir yanaşmadır. Təqdimatı əsasında çıxışını davam etdirən rektor qeyd edib ki, inklüziv yanaşma yalnız hamıya eyni münasibəti deyil, eyni zamanda hər bir fərdin potensialını reallaşdırmaq üçün uyğun şəraitin yaradılmasını nəzərdə tutur. Ə. Muradov çıxışında bildirib ki, inklüziv universitet anlayışı nisbətən yeni konsepsiyadır və BSU-nun gələcəkdə inklüziv universitet statusuna iddia edən ali təhsil müəssisələrindən biri olacağına əminliyini ifad edib.
MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova inklüziv təhsillə bağlı təşkil olunan proqramların əhəmiyyətindən bəhs edərək vurğulayıb ki, inklüziv təhsil cəmiyyətin inkişafı baxımından xüsusi önəm daşıyır. O qeyd edib ki, inklüziv mühit sağlam və davamlı cəmiyyətin formalaşmasına töhfə verir. H. Hüseynova bu sahədə maarifləndirmə işlərinin aparılmasının xüsusi əhəmiyyət kəsb etdiyini və inklüziv təhsil istiqamətində görülən işlərin gələcəkdə daha böyük nəticələr verəcəyindən əmin olduğunu diqqətə çatdırıb.
MÜTDA-nın direktoru Eşqi Bağırov çıxış edərək inklüziv təhsilə məktəb aspektindən yanaşdığını bildirib. O qeyd edib ki, inklüziv təhsil ümumi təhsil müəssisələrində xüsusi əhəmiyyət daşıyır və bu mövzunun ali təhsil səviyyəsində müzakirə olunması olduqca vacibdir. Onun sözlərinə görə, bu yanaşma gələcək müəllimlərin daha hazırlıqlı olmasına zəmin yaradır. E. Bağırov bildirib ki, Agentlik tərəfindən inklüziv təhsil layihələrinin genişləndirilməsi istiqamətində mühüm işlər görülür və bu sahədə həyata keçirilən layihələr təhsildə bərabər imkanların yaradılmasına xidmət edir. O, inklüziv təhsilin effektiv tətbiqi üçün peşəkar kadrların hazırlanmasının xüsusi önəm kəsb etdiyini bildirib.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov çıxış edərək konfransın mövzusunun olduqca vacib olduğunu qeyd edib, rəhbərlik etdiyi qurumun xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərdiyi sosial xidmətlərdən və həyata keçirilən layihələrdən bəhs edib. V. Behbudov vurğulayıb ki, bu sahədə görülən işlər inklüzivliyin təmin olunmasına və sosial rifahın artırılmasına xidmət edir. Sonda o, ölkə rəhbəri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu mövzuya göstərdiyi xüsusi diqqəti qeyd edib.
BMT-nin Sülh elçisi, Təşkilat Komitəsinin üzvü Serkan Bayram çıxış edərək onun həyatından bəhs edən “Buğda dənəsi” filminin əhəmiyyəti barədə danışaraq film haqqında məlumat verib, ekran əsərinin həyat hekayəsinə əsaslandığını vurğulayıb. Eyni zamanda S. Bayram çıxışında şəxsi həyat yolundan və qarşılaşdığı çətinliklərdən də bəhs edib. Sonda o belə filmlərin cəmiyyətə motivasiya verdiyini və insanlara ümid aşıladığını qeyd edib.
“Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşov çıxış edərək bildirib ki, konfransda müzakirə olunan mövzu ən vacib məsələlərdən biridir. O vurğulayıb ki, bu sahədə əsas amillərdən biri düzgün maarifləndirmə xarakterli təbliğatın aparılmasıdır.
Qazi Universitetinin Xüsusi təhsil departamentinin müdiri, Təşkilat Komitəsinin üzvü Ciğil Aykut çıxış edərək inklüziv təhsildə iştirak, əlçatanlıq və dəstək anlayışlarının əsas göstəricilər olduğunu bildirib.
O vurğulayıb ki, əlçatanlıq həm fiziki mühitə, həm də öyrənmə mühitinə çıxışı əhatə edir. C. Aykut qeyd edib ki, şagird və tələbələrin təhsil mühitinə aktiv şəkildə qoşulması inklüzivliyin əsas şərtlərindən biridir. Onun sözlərinə görə, bu prosesdə ailə, təhsil alan və məktəb birlikdə fəaliyyət göstərməlidir. Sonda o əlavə edib ki, yalnız qarşılıqlı dəstək və əməkdaşlıq sayəsində inklüziv təhsilin effektivliyi təmin oluna bilər.
Qdansk Universitetinin Sosial Elmlər fakültəsinin dekanı, Təşkilat Komitəsinin üzvü Mixal Xarçiarek çıxışında inklüziv təhsil mövzusunun beynəlxalq səviyyədə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, bu yanaşmanın hər bir tələbənin təhsilə bərabər şəkildə çıxışını təmin etdiyini qeyd edib. Sonda Mixail Xarçiarek inklüziv təhsilin inkişafı üçün ölkələrarası əməkdaşlığın vacibliyini qeyd edib.
Konfransın plenar iclası bədii hissə ilə yekunlaşıb.
Daha sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.



