Bu ali məktəblər gələn il akkreditasiyadan keçiriləcək - Siyahı
Təhsildə Keyfiyyət Təminatı Agentliyi növbəti il üçün institusional akkreditasiyaya cəlb olunacaq ali təhsil müəssisələrinin adlarını açıqlyıb.
Agentlikdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, ali təhsil müəssisələrinin institusional akkreditasiyası onların öncəki akkreditasiya müddətinin bitməsi ardıcıllığına uyğun olaraq müəyyən edilir. Belə ki, 2025-ci təqvim ili üçün akkreditasiya qiymətləndirilməsində iştirak edəcək ali təhsil müəssisələrinin adlı siyahısı TKTA tərəfindən əmrləşdirilib.
Prosedur qaydalara uyğun olaraq, 2025-ci ilin fevral-may aylarında akkreditasiyası nəzərdə tutulan müəssisələrə 3 ay öncədən bu barədə rəsmi məlumat göndərilib: Qeyd edilmiş aylar ərzində Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Bakı Qızlar Universiteti, Azərbaycan Dillər Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında institusional akkreditasiya qiymətləndirilməsinin aparılacağı gözlənilir.
Agentlikdən bildirilib ki, cari ilin sentyabr-noyabr ayları ərzində TKTA tərəfindən müəyyən edilən müvafiq Akkreditasiya komissiyaları tərəfindən Naxçıvan Dövlət Universiteti (NDU), Azərbaycan İdman Akademiyası (AİA) və Bakı Slavyan Universitetində (BSU) institusional akkreditasiya üzrə sahə baxışı həyata keçirilib. Eyni zamanda, Sumqayıt Dövlət Universiteti (SDU), Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında təkrar akkreditasiya aparılıb. Hazırda müvafiq Akkreditasiya komissiyaları sözügedən müəssisələr üzrə yekun hesabatları hazırlayır. Hesabatların iki ay ərzində Akkreditasiya Şurasının növbəti iclasına çıxarılması gözlənilir.


