Bu gün xaricdən alim dəvət edirik, orta əsrlərdə isə Naxçıvan alimləri dünya elm mərkəzlərinə dəvət edilirdi – Rektor
"Şəhərsalma mədəniyyətinin dünyadakı ilk nümunələrindən biri məhz bizim coğrafiyada formalaşıb. Şəhər necə qurulmalıdır, necə planlaşdırılmalıdır – bu məsələlərdə bizim çox qədim tariximiz var. Şəhərsalma mədəniyyətində tariximizi 7000 ilə qədər aparmaq mümkündür. Yəni biz minilliklər boyu şəhər yaratmağı bacaran bir xalqıq".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universitetində keçirilən Memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransında (ICCHST – Naxçıvan 2026) universitetin rektoru Elbrus İsayev deyib.
O bildirib ki, eyni zamanda, bu şəhərləri gözəlləşdirən digər mədəni hadisələr – məktəblər, mədrəsələr, təhsil sistemi də formalaşıb:
"Təsəvvür edin ki, dünyanın ilk elm və təhsil mərkəzlərindən sayılan Bağdad və Təbriz universitetlərində XII, XIII və XIV əsrlərdə naxçıvanlı alimlər təhsil alıblar. Biz bu gün xaricdən alim gətirməkdən danışırıq, amma tarix göstərir ki, həmin dövrlərdə Naxçıvan alimləri dünyanın nüfuzlu elm ocaqlarına dəvət olunurdu. Bu barədə Azərbaycan Atabəyləri ilə bağlı mənbələrdə də məlumatlar yer alır.
Qardaş Türkiyə Cümhuriyyətinin və Osmanlı tarixinin böyük memarı olan Memar Sinan da öz yaradıcılığında Azərbaycan memarlıq məktəbinin, xüsusilə Naxçıvan memarlıq məktəbinin təsirlərini qeyd edib. Bu bizim üçün böyük iftixar hissidir.
Tarixin dərinliklərinə endikcə, mədəniyyətimizi araşdırdıqca daha böyük həqiqətlərlə qarşılaşırıq. Elə insanlar var ki, keçmişə getməkdən çəkinirlər. Amma biz o xalq deyilik. Biz keçmişə getdikcə başımız dikəlir, qürurumuz artır.
Ona görə də tarixin dərinliklərinə enmək, mədəniyyətimizi araşdırmaq və onu üzə çıxarmaq lazımdır. Çünki orada bizim üçün daha zəngin və daha dəyərli həqiqətlər var. Bu həqiqətlər bizi dünyada daha qürurlu və böyük bir millət kimi tanıdacaq.
Mədəniyyət, musiqi, incəsənət, memarlıq, heykəltəraşlıq, şəhər mədəniyyəti – bunların hamısı bizim qüsursuz dəyərlərimizdir. Bunlar bəşəriyyət yaşadıqca yaşamağa layiq olan və öz möhürünü vurmuş böyük sərvətlərdir.
Məhz buna görə belə aktual mövzuya həsr olunmuş konfranslar keçiririk ki, dəyərlərimizi gənc nəsillərə çatdıraq. Hər dəfə belə tədbirlərə hazırlaşarkən araşdırmalar aparırıq və hər dəfə yeni həqiqətlərlə qarşılaşırıq. Abidələrə, şəhərlərə, insanların həyat tərzinə baxdıqca böyük harmoniya, gözəllik və inkişaf nümunələri görürük".
Rektor bildirib ki, Naxçıvanın böyük turizm potensialı da var və bu strateji mövqeyi, coğrafi imkanları və zəngin tarixi irsi gələcəkdə bölgənin sosial-iqtisadi inkişafına ciddi töhfə verə bilər:
"Sağlamlıq turizmi, tarixi turizm, mədəni turizm və digər istiqamətlər bu potensialın mühüm hissələridir.
İnanıram ki, bugünkü konfrans və burada səsləndirilən məruzələr gələcək tədqiqatlara, təhsil müəssisələrinin fəaliyyətinə və bu sahədə kadr hazırlığına mühüm töhfələr verəcək".



