Bu şagird NYU Şanxay Universitetinə qəbul olan ilk azərbaycanlı oldu
Abşeron rayon Əfqan Qadaşov adına Pirəkəşkül kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Nilufər Şükürova dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay Universitetinə qəbul olunub. Qəbul məktubuna əsasən, Nilufər güclü intellektual bacarıqları və qlobal akademik mühitə töhfə vermək potensialı ilə seçilərək universitetin beynəlxalq tələbə kollektivi sırasına daxil edilib.
"Azərbaycan müəllimi"nə bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Nilufər Şükürova qəbul zamanı 82 min ABŞ dolları məbləğində dövlət tərəfindən maliyyələşdirilən təqaüd qazanıb və bu universitetə qəbul olan ilk azərbaycanlı şagird kimi də fərqlənir.
Nilufərin uğurları bununla məhdudlaşmır. O, “İnfluenser etibarının, dəyərinin və qavranılan təsirin Trendyol istifadəçiləri arasında təkrar alış niyyətinin formalaşmasındakı rolu: Azərbaycan nümunəsi” adlı elmi məqalənin həmmüəllifidir. Sözügedən məqalə beynəlxalq konfransda təqdim olunacaq.



