Bu sinifdə həm tikirlər, həm də güclənirlər - Xüsusi təhsilin ilk təmayüllü sinfindən REPORTAJ

23 Yanvar, 2026 - 15:48
Bu sinifdə həm tikirlər, həm də güclənirlər

Nurlana, Adəm, Fərhad, Zəhra, Mühəmməd, Fatimə, Həsən, İmaməli - hər biri bir ailənin üzvüdür. Çoxu 9 il bir yerdə oxuyub. Niyə hamısı deyil, çoxu? Çünki eyni sinfin şagirdləri olsalar da, bəziləri evdə təhsil alıb, səhhətləri məktəbə gəlmələrinə imkan verməyib. Son 3 aydır ki, bu sinifdə ailə olublar, yanaşı oturur, bir yerdə ölçüb-biçir, saplara düzür, bəzəyib düzəyirlər. Bəzən hamısı birdən danışır, sonra gülüşürlər. Ona görə də bu sinif otağından 11 nömrəli xüsusi təhsil məktəbinin dəhlizlərinə həyəcan, qışqırıq, etiraz yox, xoşbəxt uşaq səsləri yayılır. Çünki burada uşaqlar sevərək tikişlə məşğul olurlar. Tikməyi öyrənirlər, tikərkən bədənlərinin mübarizə apardığı xəstəliklərin təsirini, müxtəlif səbəblərdən yaranan fərqlilikləri azaldırlar.

Onlar 11 nömrəli xüsusi məktəbin bu tədris ilindən təşkil edilən və noyabrın 3-dən təlimlərə başlayan peşə təmayüllü sinfinin şagirdləridir.

Maraqlı qonaqlar, işgüzar və səmimi ev sahibləri

Sinfə daxil olan hər kəsin gördüyü mənzərə çöhrəsində təbəssüm yaradır, ürəyini isidir, qəlbini ovundurur. Uşaqların hamısının üzü gülür. Maraqla hər biri bir işin qulpundan yapışıb, biri əlindəki iynə-sapla, o birisi tikiş maşınında tikir. Əlində qayçı ilə parçanı hardan kəsəcəyini ölçüb-biçəni də var, sapa muncuq düzəni də. Yoldaşlarının işi səliqəli çıxsın, gözəl görünsün deyə ütü ilə parçalara zərif toxunanı demirik hələ. 

Xüsusi təhsil müəssisəsində peşə təmayüllü sinif ölkəmizdə ilk dəfə bu tədris ilindən təşkil edilib. 8 nəfərlik bu qrupun ilk ziyarətçiləri də olub. Uşaqlar gələn qonaqlarla – Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu, Xüsusi təhsil sektorunun müdiri Anar Xələfov, baş məsləhətçi Heyran Səfərova, Təhsil İnstitutunun Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Xanım Şabanova, Təhsil Texnologiyaları Mərkəzinin Təmayüllü siniflər üzrə layihələr şöbəsinin müdiri Arif Pənahov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsilin təşkili sektorunun müdiri Turanə Məcidli ilə dərhal qaynayıb-qarışdılar.

Qonaqlarını gülərüz, mehriban, səmimi qarşıladılar. Əl verib görüşənə bax, əlini havaya qaldırıb qonağının əlinə vurana, hal-əhval tutana bax... 
Maraqlıdır ki, bəzilərinin qonaqlar arasında tanışları da çıxdı. Uşaqların tanışları arasında “Azərbaycan müəllimi” də vardı. 

Dərzi qrupunun aşpazı da var

Peşə təmayüllü sinifdə təlim və təhsilin təşkili ilə bağlı məlumat verən 11 nömrəli xüsusi təhsil məktəbinin direktoru Şahzadə İsgəndərova deyir ki, dərzilikdə oğlanlar fərqlənir, onların əksinə qızlar bir az tənbəldir. Uşaqların əl işlərini nəzərdən keçirən Vəfa Yaqublu onların arasında oyuncaqlar axtarır. Məktəb direktoru oyuncaqların sayının az olmasını təlimlərdə uşaqlara daha çox həyatda lazım olacaq şeylər öyrətməyə çalışmaları ilə izah edir. Oyuncaqlara indiyədək diqqət yetirməsələr də, ortaya maraqlı nümunələr də çıxarırlar.

Təmayüllü sinfin şagirdləri tikdikləri bayraq, hərbi geyim barədə həvəslə danışırlar. Dərsləri düymə tikmək olsa da, aralarında bir nəfər – Həsən daha çox balığı kəsib ondan ləvəngi bişirməkdən danışır və prosesi ardıcıllığı ilə dönə-dönə təkrarlayır.
Müəllimlərinin sözlərinə görə, Həsənin aşpazlığa marağı daha çoxdur: “Balığı kəsib içinə qoz doldururam. Balıq ləvəngisi hazırlayıram”.

Ləvəngi bişirməyi anasından öyrəndiyini deyən Həsən Cavadov tikiş tikməyi də çox sevir. Ancaq gələcəkdə aşpaz olacaqmış.
Mühəmməd Həsənov isə qonaqlarına məktəbə nə qədər uzaqdan gəldiyindən danışır: “Düymə tikmişəm, parça kəsmişəm. Yaxşı ki, bu məktəb açılıb. Xoşum gəlir bu işdən”.

“Məşhur dərzi ola bilərsənmi?” – deyə soruşuruq: “Yavaş-yavaş da. Birdən-birə olmur”.

Fərhad Quliyev iynə tutmağı məktəbdə öyrənib. Noyabrdan bu yana çoxlu paltarların tikilişində iştirak edib. Fatimə Məmmədova tikilişində iştirak etdiyi və sinfin divarlarında sərgilənən əşyaları nəfəsini dərmədən göstərməyə çalışır. 

“Gündəlik həyatlarında lazım olacaq bacarıqları inkişaf etdiririk” 

Bir-birinə aman vermədən danışan şagirdlərinin söhbətlərini gülümsəyərək izləyən Pərvanə Qasımova ADPU-dan “Defektoloq-loqoped” ixtisası üzrə məzun olandan bu sahə üzrə çalışır. Artıq 20 ilə yaxındır ki, defektoloq-loqopeddir. Bu tədris ilindən həm də tikiş üzrə usta-müəllimdir. “Tikiş avadanlıqları operatoru, dərzi köməkçisi” ixtisası üzrə şagirdlərinə peşə bacarıqğı aşılayır. Şagirdlərinin heç birinin hərəkəti diqqətindən yayınmır. Bizimlə söhbət edə-edə tikiş maşını ilə “oynayan” Fərhada da nəzarət edir, parçaları siyirtmələrdən çıxarıb ortaya tökməyə çalışan Həsənə də. Yəni müəllimlikdə işinin peşəkarıdır. Məktəb direktoru əl qabiliyyətini nəzərə alaraq “Peşə təmayüllü siniflər” layihəsi üçün istehsalat ustası vəzifəsinə onun namizədliyini irəli sürüb. Layihə üçün seçim prosesində bir neçə namizədin arasında ona üstünlük verilib. 3 aydır ki, uşaqlarla uğurla çalışırlar: “Sinifdə əqli geriliyi olan, autizmli, daun sindromlu uşaqlar təhsil alırlar. Onlara gündəlik həyatlarında lazım olacaq bacarıqları inkişaf etdiririk”. 

Peşə sinfinin fəaliyyəti ilə tanış olan qonaqlar dərslər və praktiki məşğələləri müşahidə etdikdən sonra tədris planı və proqramların icra vəziyyəti ilə də maraqlanıblar. Peşə təmayüllü qrupun ixtisas müəllimi  Pərvanə Qasımova təlim–tədris prosesində tətbiq olunan metodlar haqqında məlumat verib. 

"Xüsusi təhsil sinfində maksimum 10 şagird ola bilər"

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu "Azərbaycan müəllimi"nə bildirib ki, 11 nömrəli xüsusi təhsil məktəbində şagirdlərə onların xüsusiyyətlərindən irəli gələrək yalnız bir peşə - dərzilik öyrədilir: “Xüsusi təhsil müəssisələrində təhsil 9 illikdir. X sinifdə onlara peşə təhsili də verilir. Tipik müəssisələrdən fərqli olaraq xüsusi müəssisələrdə yalnız bir peşə öyrənirlər”.

O qeyd edib ki, xüsusi siniflərdə qruplar daha az şagirddən təşkil edilir:  “Ümumi təhsil müəssisələrində peşə təmayüllü sinif 15-20 şagirddən təşkil edilir. Xüsusi təhsil sinfində maksimum 10 şagird ola bilər. İndiyədək aparılan müzakirələrdə atipik şagirdlərin hansı peşələri öyrənməsinin daha təhlükəsiz və faydalı ola biləcəyi təhlil edilib. Qərar ““Dərzi köməkçisi və tikiş avadanlıqları operatoru” peşəsi ilə bağlı olub. Mütəxəssislərlə müzakirədən çıxan qənaət belədir ki, xüsusi məktəblərdə də peşə təmayüllü siniflərin sayını artıraq. İlkin olaraq 8 məktəbi “Peşə təmayüllü siniflər” layihəsinə qoşmaq istyirik. Onların hər birinə uyğun peşə seçimi müzakirə edəcəyik. Hansı məktəbdə hansı peşə ixtisasının faydalı olacağına mmüzakirələrdən sonra qərar verəcəyik”.

“Cəmiyyətdə əlilliyə münasibəti dəyişmək istəyirik”

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri Anar Xələfov “Azərbaycan müəllimi”nə bildirib ki, pilot layihənin icrası xüsusi təhsilə ehtiyacı olan şagirdlərin bacarıqlarının inkişaf etdirilməsinə, onların əmək bazarına hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edir. Peşə təmayüllü siniflərdə əsas məqsəd qarşılıqlı kömək, komanda işini inkişaf etdirməkdir: “Cəmiyyətdə əlilliyə münasibəti dəyişmək istəyirik. Sağlamlıq imkanı məhdud olan şəxs iş qabiliyyəti olmayan biri demək deyil. Onların əlinə kəsici, deşici alətləri verə bilərik. Reallıq bunu tələb edir ki, onlara peşə bacarıqları verməyə məktəbdən başlamalıyıq”.

Peşə təmayüllü siniflərin daha 8 xüsusi təhsil məktəbində yaradılması mümkündür

Təhsil Texnologiyaları Mərkəzinin Təmayüllü siniflər üzrə layihələr şöbəsinin müdiri Arif Panahov “Azərbaycan müəllimi”nə bildirib ki,  bu tədris ilindən peşə təmayüllü siniflər yalnız adi ümumi təhsil məktəblərində deyil, eyni zamanda sağlamlıq imkanları məhdud şagirdlərin təhsil aldığı məktəbdə də pilot layihə kimi tətbiq olunmağa başlayıb. Bu təşəbbüs şagirdlərin müasir təhsil imkanlarından faydalanmasına şərait yaradaraq, onların cəmiyyətə inteqrasiyasını təmin edəcək:

“Ümumilikdə isə 2026/2027-ci tədris ilində peşə təmayüllü siniflərin əhatə dairəsinin genişləndirilməsi, bu çərçivədə 140-dək yeni məktəbdə tətbiqi planlaşdırılır. İlkin gözləntilərə görə, hazırda 11 nömrəli xüsusi təhsil məktəbində pilot layihə kimi fəaliyyət göstərən peşə təmayüllü sinif modelinin növbəti tədris ilində daha 8 xüsusi təhsil məktəbində də tətbiq edilməsi mümkündür”. 

Proqram şagirdlərin tibbi sənədlərinə əsaslanaraq hazırlanır

ARTİ-nin şöbə müdiri Xanım Şabanova “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, xüsusi təhsil müəssisəsində peşə təmayüllü siniflər konseptini müəyyən qədər tətbiq etməyə çalışblar: “2025/2026-cı tədris ilindən yaradılan sinfin təşkili üçün xüsusi işçi qrupu formalaşdırılıb, peşə ixtisası müəyyən edilib və tədris proqramı hazırlanıb. Peşə təmayüllü sinif sağlamlıq imkanları məhdud olan 8 şagirdin təhsil aldığı X sinif üzrə komplektləşdirilib. Sinifdə şagirdlərə tikiş üzrə bilik və bacarıqlar öyrədilir. Standart peşə təmayül qrupunda təlimlər 2 yarımqrupda, hər birində ayrı peşə ixtisası olmaqla təşkil olunur. Xüsusi ümumtəhsil məktəbində fərqli yanaşma tətbiq etdik. Proqram şagirdlərin tibbi sənədlərinə əsaslanaraq hazırlanıb. Dərs saatları olduğu kimi saxlanılsa da, məzmun dəyişdirilib, istifadə edə biləcəkləri avadanlıqlar müəyyənləşdirilib”.
Onun sözlərinə görə, qrupun təcrübələri əsasında növbəti mərhələnin planı qurulacaq.

X.Şabanova əlavə edib ki, peşə təmayüllü siniflərin əhatə dairəsinin artırılaraq 15 faizə çatdırılması “Azərbaycan Respublikasının 2022-2026-cı illər sosial-iqtisadi inkişaf strategiyası”nda nəzərdə tutulub: “Hazırda peşə təmayüllü siniflərin əhatə dairəsi 11 faizdir, növbəti tədris ilində də yeni siniflər yaradılacaq. Yeni məktəblərin seçimi prosesinə artıq başlamışıq. Xüsusi ümumtəhsil müəssisələrində bu tipli siniflərin açılmasına ehtiyac varsa, müəyyən kriteriyalarımıza cavab verən 8 belə məktəbi oraya daxil edəcəyik”.

Bəs layihənin 8 xüsusi təhsil müəssisəsində tətbiqi üçün hansı istqamətdə hazırlıq tələb ediləcək?

X.Şabanovanın sözlərinə görə, kadr təminatı istiqamətində iş aparmalıdırlar və kadrları harada axtaracaqlarını artıq bilirlər: “11 nömrəli xüsusi təhsil məktəbində sinfə girəndə, sözün yaxşı mənasında, təəccübləndim. Uşaqların əl işləri ilə, tədris-təlim prosesində çəkilmiş videolarla tanış olduq və gördük ki, bu sinifdə əldə edilən nəticələri bəzən tipik şagirdlərin oxuduğu siniflərdə əldə etməkdə çətinlik çəkirik. Uşaqların iynə tutmağından, tikməyindən bilinir ki, fəaldırlar və sinifdə kifayət qədər irəliləyiş əldə olunub. Bu da müəllim faktorunun önəmini ortaya qoyr. Çünki xüsusi müəssisələrdə sırf metofiki-pedaqoji bacarıqları olan, atipik uşaqlarla işləmək təcrübəsi olan müəllimlər seçilməlidir”.

“Dərzilik şagirdlərimizin göz koordinasiyası üçün çox önəmlidir”

Məktəb direktoru Şahzadə İsgəndərova “Azərbaycan müəllimi”nə bildirib ki, pilot olaraq məktəblərində başlayan layihə onları həyəcanlandırıb: “Başlanğıc mərhələsində narahat idik, ancaq zaman keçdikcə görürük ki, layihədə uğur qazanırıq. Şagirdlərimiz bundan fayda əldə edirsə, demək, işimiz qənaətbəxşdir. Bu layihə şagirdlərimiz üçün faydalıdır, çünki dərzilik onların göz koordinasiyası üçün çox önəmlidir. Belə ki, tikdikləri düyməyə, parçaya köklənir, bu da onlarda diqqət bacarığını formalaşdırır. Çalışırıq ki, hər şagirdimizə təhlükəsiz və inklüziv yanaşaq, hər birinə bacarıqlarına görə iş tapşıraq. Fərhada tikiş maşınını, Mühəmmədə ütüləməyi etibar edirik. Adəmə hər şeyi etibar edə bilirik. Fatimənin əl motorikası zəif olduğu üçün ona muncuq düzməyi tapşırırıq. Hər kəsə inklüziv yanaşaraq ilkin peşə təhsili almalarına dəstək oluruq. Nəzəri bilik və praktik bacarıqlar bir arada olanda şagirdlərin öyrəndikləri yaddaşlarında daha yaxşı qalır. Bunu nəzərə alanda peşə təhsilinin uşaqlarımız üçün faydası birə-beş artır”.

Ş.İsgəndərova əlavə edib ki, ötən il məzun olan 95 şagirddən 80 nəfərinə təhsil haqqında şəhadətnamə verilərək məzun edilib:

“Məktəbdə 15 nəfərin 8-i ilə peşə təmayüllü sinif yaratdıq, yerdə qalan 7 şagird normal sinifdə təhsilini davam etdirir”.

Məktəb direktorunun sözlərinə görə, peşə təmayüllü siniflərin fəaliyyəti xüsusi ümumtəhsil müəssisələrinin məzunlarının peşə təhsilinə yönəlməsini asanlaşdıracaq:

“Məzunlarımız arasında indiyədək də peşə təhsilinə yönələnlər vardı. Ramanada sağlamlıq imkanları məhdud uşaqlar üçün Peşə Təhsil Məktəbi fəaliyyət göstərir. Bizim uşaqlar burda təhsilini tamamladıqdan sonra həmin peşə məktəbinə üz tuturlar. Peşə təmayüllü sinfi bitirdiklərinə görə artıq məzunlarımızın həmin məktəbə qəbulu asanlaşacaq”.

Qeyd edək ki, 11 nömrəli xüsusi təhsil məktəbində 600 şagird təhsil alır. Onlardan 305 nəfərinin məktəbdə, 295 şagirdin isə evdə təhsili təşkil edilib.