Bu universitetdə psixi sağlamlıq tədqiqatlarına 11 milyon funt ayrılıb
Keele Universitetinə İngiltərədə yaradılacaq beş yeni regional psixi sağlamlıq tədqiqat mərkəzindən birinin təsis edilməsi üçün Milli Sağlamlıq və Baxım Tədqiqatları İnstitutu (NIHR) tərəfindən 11 milyon funt sterlinq maliyyə vəsaiti ayrılıb.
"Azərbaycan müəllimi" "BBC News"a istinadən xəbər verir ki, bu maliyyələşdirmə dünya səviyyəli psixi sağlamlıq tədqiqatlarının ən çox ehtiyac olan icmalarda aparılmasını hədəfləyən milli təşəbbüsün tərkib hissəsidir. Yerli statistikaya əsasən, Stok-on-Trent şəhərində geniş yayılmış psixi sağlamlıq problemlərinin səviyyəsi ölkə üzrə orta göstəricidən xeyli yüksəkdir.
Keele Universitetində yaradılacaq mərkəz proaktiv və profilaktik yanaşmaya fokuslanacaq, tədqiqatları isə yalnız ənənəvi klinik mühitlərlə məhdudlaşdırmayacaq. NIHR rəsmilərinin bildirdiyinə görə, İngiltərənin ən imkansız bölgələrində yaşayan insanlar yayğın psixi pozuntulara 64 faiz daha çox məruz qalırlar.
Mərkəz Birminhem Universiteti və London Kral Kolleci ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcək, psixi sağlamlıq sahəsində bərabərsizliklərə və xidmətlərdən kifayət qədər faydalana bilməyən əhali qruplarına xüsusi diqqət yetirəcək. Tədqiqatlar yerli icma təşkilatları, xeyriyyə qurumları və səhiyyə xidmətləri vasitəsilə yaşlı insanlara, həm psixi, həm də fiziki sağlamlıq problemləri olan şəxslərə, eləcə də mürəkkəb emosional ehtiyacları olan insanlara daha effektiv dəstək mexanizmlərinin araşdırılmasını nəzərdə tutur.
Layihə çərçivəsində tədqiqatçıların birbaşa yerli icmalarda fəaliyyət göstərməsi, səhiyyə tədqiqatlarında indiyədək az təmsil olunan qrupların da prosesə cəlb edilməsini məqsəd qoyur.
NIHR-in baş icraçı direktoru, professor Lusi Çappell bildirib ki, psixi sağlamlıq problemləri xüsusilə xidmət azlığı olan bölgələrdə yaşayan insanlar üçün daha izolyasiyaedici xarakter daşıyır. Onun sözlərinə görə, tədqiqatın insanların yaşadığı və işlədiyi icmalara birbaşa gətirilməsi profilaktik qayğı modelinə doğru fundamental dəyişiklik deməkdir.
Qeyd edək ki, NIHR bu proqrama 2023-cü ildə başlayıb. Proqram yüksək psixi sağlamlıq problemləri olan, tədqiqat infrastrukturu zəif və bu sahədə iştirak səviyyəsi aşağı olan bölgələrə yönəlib. Yeni mərkəzlərə ev sahibliyi edəcək digər universitetlər Haddersfild, Lankaster, Linkoln və Plimut şəhərlərində yerləşir.
Nərmin MƏMMƏDZADƏ



