Bura təhsil almaq üçün çox gözəl yerdir – NDU-nun koreyalı tələbəsi
Naxçıvan Dövlət Universiteti 2 minə yaxın əcnəbi tələbəsi ilə ölkəmizin ali təhsil sistemində uğurlu göstəriciləri ilə seçilir.
“Azərbaycan müəllimi” NDU-nun “Tarix“ ixtisasının birinci kurs tələbəsi Cənubi Koreya vətəndaşı Park Hyunsook ilə söhbətləşib.
O, bizi universitetin həyətində gülərüzlə qarşılayır. Naxçıvanı və universiteti çox sevdiyi aydın görünür. “Buranın insanları çox istiqanlıdır” desə də, əslində özü də çox mehriban və canayaxındır. Bəlkə də buranı seçməsi və sevməyi bununla bağlıdır. Naxçıvanı necə seçdiyini isə belə ifadə edir: “Mən 2-3 il bundan qabaq Naxçıvanda olmuşdum, hər yeri gəzdim, insanlarla görüşdüm və bura çox xoşuma gəldi. O zaman burada olmağı çox istəyirdim və yenidən gəlmişəm. Dostlarımın çoxu burada oxumuşdu, onlar NDU-nun tədris mühitini, müəllimlərini bəyənmişdilər. Ona görə mən də burdayam”.
Park Hyunsook deyir ki, Bakıda olan koreyalı dostu da ona Naxçıvanda oxumağı məsləhət görüb: “Bura çox sakit yerdir, hava yaxşıdır. Mənim oxumağa, təhsilə çox həvəsim var. Valideynlərimin də təhsilə çox həvəsi var idi, onlar istəyirdilər ki, qızları oxusun. Onlar üçün çox sevindirici oldu. Bura təhsil almaq üçün çox gözəl yerdir”.
Bəs dərslər necə keçir sualıma koreyalı gənc bildirir ki, burada tarixi öyrənmək çox maraqlıdır: “Mən Azərbaycanı çox sevirəm, ona görə də ölkənizin tarixi və mədəniyyəti haqqında hər şeyi bilmək istəyrəm. Tələbə yoldaşlarım da mənə çox kömək edirlər, tapşırıqlarını, dəftərlərini mənə verirlər. Burada tələbə yoldaşlarımdan başqa dostlarım da var. Ən yaxın dostum isə Bakıda yaşayır, onunla tez-tez olmasa da, mütəmadi görüşürük”.
Koreyalı tələbə yoldaşı ilə birlikdə şəhərdə kirayədə qalır. Deyir ki, yoldaşı da buranı sevib, gələcəkdə bir iş qurmaq istəyir. Hələ ki oxumaq üçün təhsil haqqına və yaşayışına ailəsi kömək edir. Hətta onun hazırda Koreyada yaşayan iki uşağı da ailəsinin yanındadır.
Deyir ki, indiyə qədər Naxçıvanda heç bir problemi olmayıb: “Bura ilə Koreya arasında oxşarlıq var. Hər iki ölkədə qadınlara, müəllimlərə hörmət edirlər. Naxçıvanlılar qonaqpərvərdir, insanları sevirlər. Onlar mənə də kömək edilər, mən isə pozitiv biriyəm deyə hər kəslə dil tapmağı bacarıram”.
Azərbaycan yeməklərini də sevir və gülə-gülə sizin yeməklər çox şirindir deyir: “Paxlava, şəkərburanı mütləq çay ilə yeməlisən. Azərbaycanlı dostum mənə dolma, plov, şorba bişirir. Artıq özüm də o yeməkləri hazırlaya bilirəm”.
Ordubadı, Batabatı, Culfanı, Şahbuzu gəzib. “Maşında gedərkən yoldakı mənzərələr məni valeh edir” deyir. Əlavə edir ki, Naxçıvanda mənzələr çox ayrı-ayrıdır: “Bura oxumaq, yaşamaq üçün çox yaxşıdır, hava, mənzərə ürəkaçandır. Mən Koreyaya gedəndə bura haqqında məhz bunları deyirəm”.
Koreyalı tələbə Park Hyunsook gələcəkdə Azərbaycan və Koreya mədəniyyətləri arasında körpü olmaq istəyir: “Ölkələrimiz arasındakı əlaqələri təbliğ etmək istəyirəm. Koreyadan bura insanlar gələndə bələdçi kimi, buranı tanıtmaq istəyirəm. Tarix ixtisasını da məhz ona görə seçmişəm”.
Çox sevindirici haldır ki, gəzdiyi ölkələr arasından Azərbaycanı və ayrılmaz hissəsi olan Naxçıvanı məhz təhsil almaq üçün seçib. Bu həm də uğurlu təhsilimizin göstəricisidir...



