Canlı dərsin sirri – Müəllimin pedaqoji gündəliyindən
Bəzən dərsdə elə an olur ki, müəllim danışır, lövhədə sxem çəkilir, şagirdlər dəftərinə köçürür… amma sinifdə səssiz bir boşluq qalır. Sanki məlumat ötürülür, amma həyat yoxdur. Bir biologiya müəllimi kimi mənim üçün ən böyük sual da bu olub: canlılardan danışdığım dərs niyə bəzən “canlı” keçmir?
“Ürəyin quruluşu” mövzusunu tədris edərkən özüm-özümə düşündüm. Ürək həyatın mərkəzi olan orqandır. Amma dərsdə sadəcə terminlərin sadalanması ilə kifayətlənmək düzgün deyil. Qərara gəldim ki, bu dəfə dərs ürək haqqında deyil, “ürəklə” olsun.
Dərsi sualla başladım: “Əgər ürək danışa bilsəydi, öz işi haqqında bizə nə deyərdi?” Sinifdə əvvəlcə təbəssüm yarandı, sonra düşüncə. Şagirdləri qruplara bölüb hər birinə ürəyin bir hissəsini “canlandırmağı” tapşırdım. Fikirləşdim ki, ürək kimi mürəkkəb bir orqanı təsəvvür etmək uşaqlar üçün çətin ola bilər. Ona görə dərsdə qrup işi təşkil etdim və sadə vəsaitlərdən istifadə edərək ürəyin modelini hazırlamağı tapşırdım. Əvvəlcə tərəddüd edən şagirdlər oldu, amma işə başladıqdan sonra maraq artdı.
Müşahidə etdim ki, adətən sakit olan şagirdlər də qrup daxilində daha fəal davranmağa başladılar. Model üzərində işləyərkən bir-birlərinə sual verirdilər, müzakirə aparırdılar, hətta səhvlərini özləri düzəldirdilər. Təqdimat zamanı terminləri əvvəlki dərslərə nisbətən daha düzgün istifadə etdiklərini gördüm. Bu məni sevindirdi. Onlar yalnız model hazırlamadılar, həm də öz hissələrinin adından danışdılar. Qulaqcıq öz funksiyasını izah etdi, mədəcik “yorulduğunu” dedi, qapaqlar isə “nizam-intizamı qoruduğunu” bildirdi.
Bu fəaliyyət gözlədiyimdən daha artıq nəticə verdi. Adətən cavab verməyə çəkinən şagirdlərin belə çıxış etdiyini gördüm. Terminlər əzbər kimi yox, mənalandırılmış şəkildə səsləndi. Ən vacibi isə sinifdə canlılıq yarandı. Mən izah edən yox, müşahidə edən oldum.
Dərsin sonunda şagirdlərdən soruşdum: “Bu gün dərsdə sizi ən çox düşündürən nə oldu?” Cavablar məni sevindirdi. Onlar artıq ürəyi yalnız anatomik orqan kimi yox, sistemli işləyən bir mexanizm kimi anlayırdılar.
Bu təcrübə mənə göstərdi ki, biologiya dərsində emosional əlaqə qurulduqda öyrənmə daha davamlı olur. Şagird mövzunu öz dünyasına yaxınlaşdırdıqda onu unutmur. Müəllim olaraq mən də anladım ki, metod dəyişmək sadəcə texniki seçim deyil, pedaqoji mövqedir.
Hesab edirəm ki, dərs yalnız məlumat ötürmə prosesi deyil, düşüncəni oyatma mühitidir. Əgər şagird mövzu haqqında düşünürsə, sual verirsə və öz sözləri ilə ifadə edirsə, deməli, öyrənmə baş verir.
Bəlkə də bu dərsdə ən çox dəyişən ürəyin quruluşu haqqında biliklər deyil, mənim dərsə yanaşmam oldu.
Vüsalə Əliyeva
Yevlax şəhər 9 nömrəli tam orta məktəbin biologiya müəllimi
Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.




