Cənubi Koreyada BMU-İNHA İDP tələbələri üçün buraxılış mərasimi keçirilib
Bakı Mühəndislik Universiteti və İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü ikili diplom proqramının (BMU-İNHA İDP) məzunları üçün Koreya Respublikasında 2025/2026-cı tədris ili üzrə buraxılış mərasimi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, mərasimdə çıxış edən universitet rəhbərliyi, professor-müəllim heyəti məzunlara təbriklərini çatdırıb, onların təhsil müddətində əldə etdikləri nailiyyətləri yüksək qiymətləndiriblər. Çıxışlar zamanı beynəlxalq ikili diplom proqramının tələbələrə qazandırdığı bilik və bacarıqlar vurğulanıb, məzunlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulanıb.
Sonra Qlobal Təhsil Layihəsi Qrupunun dekanı Tae Joon Jeon, dekan müavini Eunvook Chang və "Elektrik və elektronika mühəndisliyi" ixtisası üzrə professor Paikkyun Shin IV kursu İNHA Universitetində bitirən 114 məzundan 2 nəfərə – Jalə Kərimli və Həsən Əliyevə (Elektronika mühəndisliyi ixtisası) “Şərəf sertifikatı”nı təqdim ediblər.
Məzunlardan Samirə Azadəlizadə (İnformasiya texnologiyaları) və Özləm Abbaslı (Elektronika mühəndisliyi) tələbələr adından çıxış ediblər. Tədbir ənənəvi “papaq atma” mərasimi ilə başa çatıb.
İNHA-dan məzun olan tələbələrin Bakıya qayıtdıqdan sonra BMU-da müdafiə prosesi gözlənilir. Müdafiədən sonra tələbələr 2 diplom alacaqlar və BMU-da onlar üçün “Məzun günü” təşkil ediləcək.
3+1 modelinə əsaslanan beynəlxalq ikili diplom proqramı çərçivəsində layihənin hər iki mərhələsi üzrə ümumilikdə 329 tələbə təhsil alır. Onlar 3 il BMU-da, 1 il isə İNHA Universitetində təhsil almaq hüququna malikdirlər.
2020-ci ildən icra olunan proqram Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə 2030-cu ilədək uzadılıb.
BMU-İNHA İDP-dən indiyədək 143 nəfər məzun olub.




