Ceyhun Məmmədov: Dərsliklərin rəqəmsallaşdırılması ilə bağlı daha geniş müzakirələr aparılmalıdır

22 Yanvar, 2026 - 09:29
Ceyhun Məmmədov: Dərsliklərin rəqəmsallaşdırılması ilə bağlı daha geniş müzakirələr aparılmalıdır

"Dərsliklərin rəqəmsallaşdırılması istiqamətində daha sistemli və geniş müzakirələr aparılmalıdır. Bu həm maliyyə baxımından qənaətə, həm də dərsliklərdə düzəlişlərə ehtiyac yarandıqda prosesin daha çevik və operativ şəkildə həyata keçirilməsinə imkan verər".

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, ötən gün dünya universitetlərinin reytinqi açıqlanıb və siyahıda bir sıra ölkələrin ali təhsil müəssisələri yer alıb. Azərbaycanın da bir neçə universitetinin bu reytinqdə təmsil olunması müsbət haldır.

Onun sözlərinə görə, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər ali məktəblər bu siyahıda yer alsa da, qarşıdakı mərhələdə əsas məqsəd Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə daha yüksək və daha möhkəm mövqelər tutmasına nail olmaqdır.

Ceyhun Məmmədov vurğulayıb ki, təhsilin inkişafında əsas hədəflərdən biri də məhz bu istiqamətdə sistemli layihələrin hazırlanması və həyata keçirilməsidir.