Çikaqo Universitetində süni intellekt və digər texnologiyalardan istifadə qadağan edilir
ABŞ-nin Çikaqo Universitetində sosial elmlər üzrə əsas kurslarda süni intellektdən və bir sıra elektron cihazlardan istifadə qadağan ediləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, qərar universitetin Sosial Elmlər Kollec Bölməsinin memorandumunda əksini tapıb. Yeni qaydaların əsas məqsədi tələbələrin süni intellektdən asılı olmadan oxumaq, yazmaq və müstəqil düşünmək bacarıqlarını inkişaf etdirməsinə imkan verən “analoq” tədris mühiti yaratmaqdır.
Yeni tədris modelinə əsasən, dərslərdə iştirak məcburi olacaq, auditoriyalarda notbuk, mobil telefon və süni intellekt funksiyalarına malik taxılan cihazlardan, bir qayda olaraq, istifadə edilməyəcək. Dərs və müzakirələrin səs və video qeydiyyatına da icazə verilməyəcək. Tələbələr tapşırıqları süni intellekt alətlərinin köməyi olmadan müstəqil yerinə yetirməli, dərs materiallarını isə kağız üzərində oxumalı olacaqlar.
Bununla belə, müəllimlər konkret tədris məqsədləri üçün süni intellekt və digər texnologiyalardan istifadəyə istisna tətbiq edə biləcəklər. Məsələn, məlumatların təhlili, kodlaşdırma və ya mətn üzərində işləmək kimi tapşırıqlar zamanı tələbələrdən notbuklardan istifadə etmələri tələb oluna bilər.
Sənəddə süni intellektlə qiymətləndirməyə də ehtiyatlı yanaşılır. Bildirilir ki, belə qiymətləndirmə yalnız onun nəticələrinin insan tərəfindən aparılan qiymətləndirmə ilə müqayisədə etibarlılığı diqqətlə yoxlanıldıqda tətbiq oluna bilər.
Çikaqo Universiteti son dövrlərdə auditoriyalarda texnologiyanın istifadəsinə məhdudiyyətlər gətirən ilk ali təhsil müəssisəsi deyil. Universitetin Hüquq Məktəbi də bu tədris ilindən birinci kursun əsas fənlərində elektron cihazlardan istifadəni qadağan etməyə hazırlaşır. Məqsəd tələbələrin fundamental akademik və peşə bacarıqlarını gücləndirməklə yanaşı, onları süni intellektdən həm istifadə etməyə, həm də onsuz düşünməyə hazırlamaqdır.




