Çində süni intellekt bütün təhsil pillələrində məcburi fənn olacaq

30 İyun, 2026 - 10:08
Çində süni intellekt bütün təhsil pillələrində məcburi fənn olacaq

Çin hakimiyyəti ibtidai məktəbdən ali təhsil müəssisələrinə qədər təhsilin bütün pillələrində süni intellektin məcburi qaydada tədrisini nəzərdə tutan beşillik planı təsdiqləyib.

"Azərbaycan müəllimi" xarici KİV-ə istinadla xəbər verir ki, yeni təhsil strategiyası süni intellekt texnologiyalarından səmərəli istifadə etməyi bacaran və innovativ iqtisadiyyatın inkişafına töhfə verəcək mütəxəssislərin hazırlanmasına yönəlib.

Sənədə əsasən, süni intellektin tədrisi ayrıca seçmə fənn kimi deyil, əsas təhsil proqramlarına inteqrasiya olunacaq. İslahatın əsas məqsədi şagird və tələbələrdə müasir rəqəmsal texnologiyalarla işləmək üzrə praktiki bacarıqlar formalaşdırmaq və onlara bu texnologiyaları real problemlərin həllində tətbiq etməyi öyrətməkdir.

Çin hakimiyyəti süni intellekt sahəsində bacarıqların inkişafını milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılmasının əsas amillərindən biri hesab edir.

Son illərdə Çin süni intellekt sahəsində tədqiqatlara, eləcə də bu texnologiyaların sənaye, səhiyyə, nəqliyyat və dövlət idarəçiliyində tətbiqinə fəal şəkildə investisiya yatırır. İndi isə ölkə kadr hazırlığının sistemli şəkildə təşkilinə üstünlük verir.

Ekspertlərin fikrincə, məktəblilərin süni intellekt texnologiyaları ilə erkən tanış olması rəqəmsal savadlılıq səviyyəsinin yüksəlməsinə və qarşıdakı onilliklərdə əmək bazarında tələb olunacaq mütəxəssislərin hazırlanmasına imkan verəcək.