Çinli alimlər dünya rekordunu qırıblar
Çin alimləri hazırladıqları yeni nəsil günəş batareyası ilə bu sahədə dünya rekordu əldə ediblər.
"Azərbaycan müəllimi" xəbər verir ki, Çin Elmlər Akademiyasının Kimya İnstitutunun tədqiqatçıları tərəfindən hazırlanmış perovskit-üzvi tandem günəş batareyası 28,04 faiz enerji çevrilməsi səmərəliliyinə nail olub. Bu nəticə təsdiqlənib və həmin tip günəş batareyaları arasında indiyədək qeydə alınmış ən yüksək göstərici hesab olunur.
Tədqiqat qrupu günəş batareyasının quruluşunda işığın təsiri ilə xüsusiyyətlərini dəyişən xüsusi sabitləşdirici materialdan istifadə edib. Alimlər bildirirlər ki, bu yenilik batareyanın həm daha səmərəli işləməsinə, həm də daha dayanıqlı olmasına imkan yaradıb.
Araşdırmaya Çin Elmlər Akademiyasının Kimya İnstitutunun akademiki Li Yonqfan və tədqiqatçı Men Ley rəhbərlik ediblər. Tədqiqatın nəticələri "Nature" elmi jurnalında dərc olunub.
Alimlərin fikrincə, bu nailiyyət gələcəkdə daha səmərəli günəş panellərinin hazırlanmasına və günəş enerjisindən istifadənin genişlənməsinə töhfə verə bilər.




