Deputat: Əsas məqsəd məktəb mühitində geyim mədəniyyətinin formalaşmasıdır

22 Sentyabr, 2026 - 11:42
Deputat: Əsas məqsəd məktəb mühitində geyim mədəniyyətinin formalaşmasıdır

Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında” qərar verib.

Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov qeyd edib ki, vahid məktəbli formasının əsas məqsədi birmənalı olaraq təhsil müəssisəsində vahid və səliqəli görünüş mədəniyyətinin formalaşdırılmasıdır:

“Yəni əsas məqsəd məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyətinin formalaşmasıdır. Məktəb mühitində birmənalı olaraq bərabərlik təmin edilməlidir. Sosial statusundan, ailəsinin maddi imkanlarından, etnik və ya dini mənşələrindən asılı olmayaraq, hər bir uşaq eyni şərtlərlə təhsil almalı və eyni imkanlara malik olmalıdır. Azərbaycanda təhsil sistemi dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil, məktəb bütün şagirdlər üçün neytral mühit olmalıdır. Və burada tolerantlıq və dünyəvi təhsil anlayışları bir-biri ilə  qarışdırılmamalıdır. Vahid məktəb forması şagirdlər arasında, bərabərlik və vahid məktəb mühitinin təmin olmasına xidmət etməlidir. Şagirdlərdə kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir etməlidir”.

Deputat qeyd edib ki, uşaqların eyni parta arxasında olarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır:

“Eyni zamanda, şagirdlər arasında sosial-iqtisadi fərqlərin qarşısını almaq, həmçinin ayrı-seçkilik risklərini azaltmaq üçün imkanlar yaradır. Geyim  kodeksinə əmək olunması məktəb-valideyn əməkdaşlığının güclənməsinə də töhfə verəcək. Bu baxımdan vahid məktəbli geyim təhsil prosesinin keyfiyyətinə də dəstək verən vasitə kimi dəyərləndirilə bilər. Təhsil müəssisələrində daxili nizam-intizam qaydaları bütün şagirdlər üçün vacibdir. Burada hansısa ayrı-seçkilikdən, fərqlənmədən söhbət getməz. Məktəbli geyimi məsələsi yalnız geyim mövzusu deyil, həm də təhsil-fəlsəfi və sosial adaptasiya məsələsidir. Bu, bir fəlsəfə, adaptasiya məsələsi və prosesidir. Ona görə hər birimiz bu reallığı, bu məsələni mütləq şəkildə nəzərə almalıyıq. Məktəbli forması tədris prosesində yaş xüsusiyyətlərinə uyğun, rahat və praktik istifadə prinsipləri əsasını məyyən edir. Bir sözlə, deyə bilərik ki, vahid məktəbli formasının əsas hədəf və məqsədi məktəbə aidliyi gücləndirmək, məktəbdə bərabər mühit yaratmaq və eyni zamanda məktəbdə ümumi prinsiplərə və təhsil mühitinə uyğun şəraitin yaradılmasıdır. Təhsil müəssisəsində fərqlilik, etik çərçivələrə uyğun olmayan geyimin geyinilməsi yolverilməzdir və bu, təhsil müəssisəsinə ciddi təsir göstərən məsələ kimi qiymətləndirilməlidir”.