Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Məktəb kitabxanaları şagirdlərin mütaliə vərdişlərinin formalaşmasında, dünyagörüşünün genişlənməsində və müstəqil düşünmə bacarıqlarının inkişafında mühüm rol oynayır. Lakin müasir dövrdə informasiya mənbələrinin çoxalması uşaqların kitaba və mütaliəyə münasibətinə də təsirsiz ötüşmür.
Bəs məktəb kitabxanalarının şagirdlərin maraq dairəsindən kənarda qalmasının səbəbi nədir? Problem uşaqlarda mütaliəyə marağın azalmasından, yoxsa kitabxanaların müasir tələblərə uyğun fəaliyyət göstərməməsindən qaynaqlanır? Məsələnin həlli üçün məktəblərdə və ailələrdə hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da belə hesab edir ki, həqiqətən də bu gün bu problem özünü ciddi şəkildə büruzə verir:
“Əvvəlki dövrlə müqayisədə bu gün şagirdlərin kitabxanalara o qədər də maraq göstərmədiyini açıq-aydın müşahidə edirik. Təbii ki, burada mütaliəyə marağın azalmasının da rolu var. Uşaq valideyninin, müəlliminin kitab oxuduğunu görməli, onların onu mütaliəyə daim təşviq etdiyini müşahidə etməlidir. Bu prosesi ən yüksək səviyyədə təşkil etməliyik.
Digər mühüm səbəb isə kitabxanaların öz fəaliyyətini müasir tələblərə uyğun qurmamasıdır. Bu amili də qətiyyən istisna etməməliyik. Kitabxanalar müasir tələblərə uyğun təşkil olunmalı, oxucuların yaşına, maraq dairəsinə və zövqünə uyğun kitablar seçməli, kitab fondları mütəmadi yenilənməlidir”.
Müsahibimiz mütaliəyə maraq yaratmaq məqsədilə dərslərin bir hissəsinin kitabxanalarda keçirilməsini də təklif edir:
“Oxucuda bu marağı nə dərəcədə formalaşdıra biləcəyimiz çox önəmlidir. Bu, təkcə məktəbin deyil, həm kitabxanaların, həm də ailələrin məsuliyyətidir. Ailə özü nümunə olmalı, uşaqla birlikdə kitab oxumağa vaxt ayırmalıdır”.
C.Məmmədov dövlət səviyyəsində görülməli işlərə də toxunub:
“Maarifləndirmə və təbliğat işləri çox önəmlidir. Kitabların əlçatan olması diqqətdə saxlanılmalıdır. Hər kəsin kitab əldə etməsi və onlardan istifadə etməsi üçün şəraitin yaradılması vacibdir. Kitabların əlçatanlığının təmin olunması, mütaliənin təşviqi, motivasiya və maarifləndirmə tədbirlərinin təşkili, müxtəlif sərgilərin keçirilməsi də mühüm rol oynayır. Bu istiqamətdə kompleks tədbirlər görülməlidir. Məsələn, iştirak etdiyim son sərgidə çoxlu sayda uşağın kitablarla maraqlandığını gördüm. Deməli, bu istiqamətdə addımlar atmaqla biz də prosesə töhfəmizi verə bilərik”.




